İnsanlara hürriyət, millətlərə istiqlal!

ETSN rəsmisi: "Monitorinqlərin keçirilməsində israrlıyıq" - Video

"Şuşada ekoloji aktivistlərimiz piket keçirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "Azəriqaz" ekspertlərindən ibarət qrup Şuşaya yollanmışdı".

Musavat.com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, məqsəd əsasən ekoloji monitorinqlərlə və orada olan yataqların istismarı ilə bağlı şərait yaradılması idi: "Təəssüf ki, şərait yaradılmadı. Azərbaycanın bir çox ekoaktivistləri orada piket keçirərək Rusiya sülhməramlılarına öz etirazlarını bildirirlər. Tələbimiz Azərbaycana aid təbii yataqların qanunsuz istismarının dayandırılması və ekoloqlara ekologiyaya dəymiş ziyanın hesablanmasına şərait yaradılmasıdır. Bu qiymətləndirmələrin aparılması üçün zəruri monitorinqlər keçirilməlidir, buna təəssüf ki, şərait yaradılmırdı. Müxtəlif bəhanələrlə bizim orada monitorinq aparmağımıza mane olsalar da, buna nail ola bilməyəcəklər. Biz israrla bu mövzuda etirazlarımızı bildirəcəyik".

Nazir müavini qeyd edib ki, digər bir problemli məsələ də Oxçuçayla bağlıdır: "Qafanda, ümumiyyətlə, Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən zavodlarının tullantı sularının təmizlənmədən axıdılması səbəbindən Oxçuçayda ekoloji fəlakət vəziyyəti yaranmışdı".

Vüqar Kərimov bildirib ki, problemlə bağlı vaxtilə tədbirlər görülüb, çayda bir müddət sabitlik bərpa edilsə də, hazırda vəziyyət mürəkkəbdir:

"Təəssüf ki, noyabrın 30-dan etibarən orada yenidən suyun tərkibindən götürülən analizlərdə həmin suyun daha pis şəkildə çirkləndirildiyi təsdiqini tapdı. Baxmayaraq ki, biz ekoloji və beynəlxalq təşkilatlara müraciət etdik, amma çirklənmənin qarşısının alınmasıyla bağlı heç bir tədbir görülmədi və Ermənistana bununla bağlı qınaq olmadı".

Nigar HƏSƏNLİ
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR