İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsrə bərabər 20 il - Prezident Əliyev ölkəni, taleyimizi necə dəyişdi...

Oktyabrın 15-də İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 20 ili tamam oldu. 20 il öncə Azərbaycan bayrağını öpüb gözünün üstünə qoyan Prezident verdiyi bütün sözləri tutdu - Azərbaycanı hər mənada ucaltdı, azad Qarabağda, Xankəndidə bayrağımızı dalğalandırdı. Beləliklə, 15 oktyabrda Azərbaycan tarixinə daha bir Zəfər günü kimi yazıldı. Prezident Xankəndidəki çıxışında da Azərbaycan xalqına verdiyi sözü tutduğuna şad olduğunu dilə gətirdi:

“Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və Qurani-Kərimə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi".

Prezident İlham Əliyev 20 il öncəki andiçmə zamanı bildirmişdi ki, yol xəritəsində Azərbaycanı zəngin və qüdrətli ölkəyə çevirmək, geosiyasi müstəvidə ölkəmizin mövqeyini möhkəmlətmək, güclü ordu qurmaq, dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələr qurmaq və s. hədəfləri var. Bu illər ərzində dəqiq düşünülmüş addımlar, gələcəyə hesablanmış uğurlu strategiya sayəsində Azərbaycan həm regionda, həm də dünyada hesablaşılan dövlətə çevrilib. Prezident İlham Əliyev Xankəndidəki çıxışında bunu xüsusi vurğuladı: “Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır”.

Rauf Arifoğlu — Vikipediya

Rauf Arifoğlu: “2020-ci ildən start götürən 4-cü Respublika quruluşunun vüsət alması prosesi Xankəndidə yeniləndi”

“Yeni Müsavat” Media Qrupun rəhbəri Rauf Arifoğlu hesab edir ki, Prezident İlham Əliyevin Xankəndidəki çıxışı milli mücadiləmizin yekunu olmaqla bərabər, Azərbaycanın gələcəyə dair yol xəritəsi idi. R.Arifoğlu bu çıxışın böyük anlam daşıdığını vurğuladı: “Cənab Prezident Azərbaycanın vizyonunu açıqladı. Ölkə başçısı zəfərlərlə dolu olan son 3 ili özətləməklə yanaşı, Azərbaycanın dünyaya inteqrasiya olunmasını, böyüməsini, eyni zamanda yeni dövrə uyğun olaraq dəyişikliklərin olacağının anonsunu verdi. Prezidentin çıxışına istinadən deyə bilərəm ki, Azərbaycanda referendum yolu ilə konstitusiya dəyişikliyi gözlənilir. 2020-ci ildən start götürən 4-cü Respublika quruluşunun vüsət alması prosesi Xankəndidə yeniləndi. Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını ucaltmasının tarixi anlamı böyükdür. O, yalnız zəfərimizi yekunlaşdırmadı. Yeni mərhələyə liderlik edəcəyimizin də mesajını verdi. Azərbaycanın lideri özünün millətlə bərabər yazdığı böyük tarixə, sadəcə, proses kimi baxır. Prezident İlham Əliyevin hər yekunundan yeni yol çıxır. Prezident Azərbaycanın böyüməsinə, inkişaf etməsinə, dünyaya inteqrasiya olunmasına davam mesajları verdi”.

R.Arifoğlu yeni mərhələdə Azərbaycan mediasının üzərinə böyük məsuliyyət düşdüyünü vurğuladı: “Azərbaycan mediası da bütün qurumlar kimi yeni çağın tələblərinə cavab verməlidir. Biz Qarabağ məsələsini həll etmişik, lakin informasiya müharibəsi davam edir. Erməni lobbisi, o cümlədən erməniləri dəstəkləyən Qərb dövlətləri tərəfindən bizi 3 istiqamətdə ağır döyüş gözləyir. Onlardan ikisi dövlətə aiddir: 1. Beynəlxalq qurumlardan da istifadə edərək diplomatik hücumlar; 2. Azərbaycana beynəlxalq məhkəmələr platformaları vasitəsilə hücumlar; 3. Qlobal və lokal medialar vasitəsilə daha aqressiv informasiya müharibəsi: Azərbaycan  dövlətini, nailiyyətlərimizi, hakimiyyət mənsublarımızı gözdən salmaq və dünya ictimaiyyətində haqqımızda yanlış təsəvvür yaratmaq. Üçüncü məsələdə bizə də vəzifə düşür. Xarici dilli medianın (rus və ingilis) qurulması, mövcud olanların gücləndirilməsi istiqamətində addımlar atmalıyıq. O cümlədən daxili auditoriyamızı kənar təsirlərdən qorumalıyıq. Bu baxımdan "Yeni Müsavat" Media Qrupuna daxil olan populyar Minval.az, eyni zamanda Azərbaycan ərazisində yayım həyata keçirən saytlarımız, YouTube kanalımız, sosial media hesablarımız var ki, bu platformalar üzərindən Azərbaycana qarşı informasiya müharibəsinin bir qismini də biz üzərimizə götürəcəyik".

Bakıda onları görəndə dəhşətə gəldim -

Aynur Camalqızı: “İlham Əliyev taleyimizi dəyişdirən nadir şəxsiyyət, böyük dövlət adamı və sərkərdədir”

“Teleqraf  Holdinq”in rəhbəri Aynur Camalqızı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndidə bayrağımızı ucaltmaqla Azərbaycanın 32 illik müstəqillik tarixində tamamilə yeni bir səhifə açdı: “Biz 30 il ərzində torpaqlarımızın işğal altında olması ilə bağlı dərd kimi, faciə kimi çox danışırdıq. Nə vaxtsa həll olunacağına inamımız vardı. Amma bu problemin belə sürətlə, həm də bu cür-dövlətimizin unitarlığı qorunmaqla həll olunmasını təsəvvür belə edə bilmirdik. Müstəqilliyimizin 32 ilinin 20 ili Prezident İlham Əliyevin hakimiyyəti illərinə təsadüf edib. Biz bu illər ərzində Qarabağın azad ediləcəyinə, sadəcə, inanmışıq. Amma necə? Konkret bir fikrimiz vardımı? İlham Əliyevin çevik, hətta gözlənilməz strategiyası, dinamik siyasi gedişləri ilə, prosesə lokal deyil, qlobal yanaşması ilə cəmi 44+1 günə dalana dirənmiş kimi görünən bir münaqişəni həll etməsi və bunu Azərbaycanın adına yaraşan şəkildə etməsi qürurvericidir. Böyük qürur, şərəf və şövqdür, fərəhdir. Bu, hər bir azərbaycanlı üçün şərəf dastanıdır. Ermənilər 30 il öncə dinc azərbaycanlıları öz evlərindən, yurdlarından qışın şaxtasında, soyuğunda ayaqyalın, başıaçıq qovmuşdular. Dəhşətli işgəncələr vermişdilər insanlarımıza. Günahsız insanları, qocaları, qadınları, uşaqları insanlığa sığmayan manyakal işgəncə ilə qətl etmişdilər. Xocalı soyqırımını törətmişdilər. Hələ də Ermənistanda əsir və girov götürülən mülki azərbaycanlılar var ki, onları qaytarmaqdan imtina edirlər. Azərbaycan isə 44+1 günlük savaşda əsl türk əxlaqına yaraşan şəkildə, mülki əhaliyə zərər vermədən müharibə apardı. Hətta ölkəni tərk etmək istəyən ermənilərlə yüksək həssaslıqla davranıldı. Bir mülki erməninin burnu qanamadı. Və bu ləyaqətli davranışı bütün dünya gördü. Bütün bu hadisələrin, bu şərəf hekayəsinin sonuna bir imza qoyula bilər - İlham Əliyev imzası. Allah şəhidlərimizə rəhmət eləsin, ordumuzu, əsgərlərimizi qorusun. Onların qəhrəmanlığını və fədakarlığını unutmayacağıq. Amma "Tanrının haqqı Tanrıya, Sezarın haqqı Sezara". Heç kəsin xidmətini kiçiltmədən hər kəsin layiq olduğu sevgini bildirmək lazımdır. İlham Əliyev taleyimizi dəyişdirən nadir şəxsiyyət, böyük dövlət adamı və sərkərdədir.  Ona bir ömürlük minnət və şükranlıq duyğumuz var. Oktyabrın 15-də onun Xankəndidə bayrağımızı ucaltmasını böyük qürur hissi və sevinc göz yaşları ilə izlədik. Biz bir liderin öz qarşısına qoyduğu ali məqsədə - Vətənin bütövləşdirilməsi aktına necə addım-addım, necə yüksək əxlaqla çatmasının şahidi olduq. Prezident İlham Əliyev sanki dövlətimizi də bayrağımız kimi ucalara qaldırdı. Bu, zehnimizin tamamilə qavraya bilmədiyi tamamilə yeni, fövqəladə, ən üst səviyyədir. Sosial şəbəkələrdə aparılan müzakirələri müşahidə etdikdə görürük ki, qələbənin möhtəşəmliyini qavramaqda hələ ki çətinlik çəkirik, zorlanırıq. Çünki bu, yuxarıda dediyim kimi, Azərbaycan və azərbaycanlılar üçün tamamilə yeni mərhələdir. Zehnimiz, təfəkkürümüz, şüuraltımız tam mənasıyla hələ bu möhtəşəm zəfəri alqılaya bilmir. Sanki yuxu görürük. Sanki maraqlı bir film izləyirik. Biz nəhayət, illər ərzində şüuraltımızda kök salmış məğlubiyyət sindromundan xilas oluruq. Uduzmuşluq kompleksi dəhşətlidir. İnsanı məhv edir, darmadağın dağıdır, aşağılıq kompleksindən qurtula bilmirsən. Özünü normal, güclü və xoşbəxt hiss edə bilmirsən. Sanki bir tərəfin boşdur, boşluqdasan və ya bir yanın yoxdur, yarımçıqsan. Sanki torpağı yox, səni işğal ediblər... Yəni son 24 saat ərzində bizə təqdim olunanlar, gördüklərimiz, hiss etdiklərimiz, İlham Əliyevin misilsiz performansı o dərəcədə qeyri-adidir ki, bizdən, toplumdan normal reaksiya hələ ki gözləməyək. Düşünün ki, qəflətən sizi Marsa aparıblar. Və burada gördüyünüz, hiss etdiyiniz hər şey sizin üçün yeni və fərqlidir, qeyri-adidir, möcüzəvidir. 15 oktyabr hadisəsini şərh etmək, təhlil etmək qəlbə və ruha oturtmaq indi Marsa uçmaqdan daha mürəkkəb məsələdir biz azərbaycanlılar üçün. Sanki Tanrı Azərbaycandadır. Ona görə də toplumumuza bir az zaman tanımalıyıq. Alt şüurumuzda qalibiyyət ovqatının, zəfər duyğularının mükəmməl şəkildə özünə yer etməsi, şəkillənməsi üçün müəyyən zamana ehtiyacımız var. Elə hesab edək ki, ağır bir xəstəlikdən sağalmışıq, hazırda reabilitasiya mərhələsindəyik...

Sosial şəbəkələrdə radikal müxalifətin qərəzli yanaşmalarını görürəm. Sual verirlər ki, niyə 20 ildən sonra? Yəni İlham Əliyev niyə torpaqlarımızı 20 il sonra işğaldan azad etdi? O qədər gülünc və absurd yanaşmadır ki! Dünyanın münaqişəyə onca ədalətsiz münasibət sərgiləməsi fonunda Qarabağ kimi ağır problemi həll etmək asan idimi? Prezident İlham Əliyev 20 il ərzində elə bir uğur düsturu hazırladı ki, bu, Azərbaycanın qələbəsini qaçılmaz etdi. Hesab edirəm ki, bu, Azərbaycanın son 270 illik tarixində - Nadir Şahdan sonra ilk böyük uğurdur. Və məhz İlham Əliyevin uğurudur. Mən onu bir Prezidentdən daha çox Dövlət kimi, Bayraq kimi görürəm. Artıq İlham Əliyev adı dövlətimiz və bayrağımızla, digər dövlət simvollarımızla eynilik təşkil edir və sözün əsl mənasında, onlarla eyni anlamı, mənanı daşıyır. İlham Əliyev Tanrının bu xalqa bir lütfüdür".

A.Camalqızı qeyd etdi ki, Azərbaycanın gələcəyi yalnız Prezident İ.Əliyevin seçdiyi inkişaf yolundadır: “Önümüzdə böyük və mükəmməl bir yol xəritəsi var. Azərbaycan dövlətinin demək olar ki, bütün potensialı Qarabağı yenidən qurmaq projesinə yönəlib. Bu, çox nəhəng bir layihə, nəhəng bir prosesdir. Azərbaycan Prezidenti demək olar ki, hər ay Qarabağın ayrı-ayrı bölgələrində açılışlar edir. Yeni layihələrin təməlləri atılır. Vətəndaşlarımız öz yurdlarına, yeni evlərinə köçürülür. Bu gün Azərbaycan bərpa-quruculuq prosesinin daha da geniş vüsət almasının astanasındadır. Əminəm ki, Qarabağ sürətlə tikiləcək, yeni Qarabağ inşa ediləcək və biz daha gözəl Qarabağın şahidi və sakinləri olacağıq. Allaha şükürlər olsun!”

Bəhruz Quliyev: "Ölkəmizin durmadan inkişaf etməsi məhz Ulu Öndərin adı,  fəaliyyəti ilə bağlıdır" - Xalq.Az

Bəhruz Quliyev: “Prezidentin 20 illik azərbaycançılıq uğrunda fəaliyyəti və tarixi qələbə qazanması Azərbaycan xalqının onunla bir olduğunun göstəricisidir”

“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev isə qeyd etdi ki, cənab Prezident böyük strateqdir və hər zaman olduğu kimi, verdiyi sözə sadiq qalıb. B.Quliyev xatırlatdı ki, İlham Əliyev prezident seçildikdən dərhal sonra, yəni 2003-cü ildə qeyd etdi ki, qara qızıldan gələn gəlirlər insan kapitalına çevriləcək: “Eyni zamanda Prezident andiçmədə qeyd etmişdi ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini daima qoruyacaq. Bəli, cənab Prezident Ulu öndərin davamçısı kimi hansı sözü vermişdisə, həm onun qoyduğu yola sadiqliyini göstərərək ata vəsiyyətini yerinə yetirdi, həm də Azərbaycanda siyasi, iqtisadi, diplomatik, hərbi və vətəndaşın inkişafı baxımından ciddi layihələr həyata keçirdi. Cənab Prezident vətəndaşa həmişə özəl yanaşıb. O bildirib ki, Azərbaycanın vətəndaşı Azərbaycanın ən dəyərli sərvətidir. Prioritet istiqamətlərdən biri də vətəndaşın rifahı, inkişafı və sosial problemlərinin həllidir. 20 ildə müxtəlif dövlət proqramlarının həyata keçirilməsi bu gün öz bəhrəsini verir. Ordu quruculuğu prosesi cənab Prezidentin 20 ildə fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri olub. Azərbaycan Silahlı Qüvvələri ciddi qüvvə kimi formalaşdırılıb, ən müasir güclü bir ordu yaradılıb. 44 günlük Vətən müharibəsi də  göstərdi ki, aparılan ordu quruculuğu siyasəti nə qədər dəqiq və düzgündür.  Eyni zamanda bu 20 ildə xarici siyasətdə ciddi addımlar atılıb. Azərbaycan həqiqətləri dünyaya çatdırılıb və Qarabağ münaqişəsində beynəlxalq hüququn bizim tərəfimizdə olduğu təsdiqlənib. Prezidentin 20 illik azərbaycançılıq uğrunda fəaliyyəti və tarixi qələbə qazanması Azərbaycan xalqının onunla bir olduğunun göstəricisidir. Bütün bunlar Azərbaycan xalqı tərəfindən dəstəklənir və  təqdir olunur”.

Nigar HƏSƏNLİ,

“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR