İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsəd rejiminin süqutu Zəngəzur dəhlizini tezləşdirəcək? - şərh

Sabiq nazir: “Türkiyənin mövqelərinin möhkəmləndiyi bir durumda Ermənistanın Zəngəzur dəhlizinə qarşı bütün səylərinə son qoyulacaq”

Əsasən İrana bağlı (İranın dostları da bəlli) 54 illik Əsəd rejiminin süqutu Azərbaycan da daxil, böyük bir coğrafiyada ticarət marşrutları mövzusunu gündəmə gətirib. Təsadüfi deyil ki, təlaş keçirənlər sırasında Azərbaycanla sülh müqaviləsi imzalamaqdan 3 ildir yayınan kapitulyant Ermənistan da var. Xüsusən də erməni politoloqlar arasında isterika güclənib. 

Belə ki, rejimin çökməsindən narahat olan daha bir erməni politoloq - Hrant Melik-Şahnazaryan bu prosesin Ermənistan üçün acı nəticələri olacağını iddia edib (Axar.az). O bildirib ki, Türkiyə və Rusiya eyni məqsədi güdürlər: “Biri Osmanlı imperiyasını, digəri Rusiya imperiyasını bərpa etməyə çalışır. Hər ikisinin bu işdə müəyyən uğurları var”. 

Onun fikrincə, “yaranan yeni dünya nizamı yeni güc balansını” nəzərdə tutduğu üçün Cənubi Qafqazın iki ölkəsi - Azərbaycan və Gürcüstan buna hazırlaşır: “Gürcüstan anladı ki, bu dəyişikliklər dövründə dəqiq seçim etməyi bacarmaq lazımdır. Və onlar Avropanın vədlərini Abxaziyanın geri qaytarılması perspektivinə tabe edərək, bu seçimi etdilər. Artıq İran qüvvələri Azərbaycanın Zəngəzuru işğal etməyə hazırlaşdığı barədə xəbərlər yayırlar. Amma biz heç nə hiss etmək istəmirik”. 

Almaniya prezidentinin Türkiyəyə səfərinin pərdəarxası » Ovqat.com

Heydər Oğuza

Siyasi şərhçi Heydər Oğuza görə isə İranın yaratmaq istədiyi “Şiə Hilalı”nın sıradan çıxarılması Çinin “Bir kəmər, bir yol” layihəsinin cənub marşrutunun tarixə qovuşması, Hindistan-İran münasibətlərinin sıfırlanması deməkdir.  

“Bundan əlavə, "Şiə Hilalı" proyektinin iflasa uğraması Çinin Yaxın Şərqə açılımının da qarşısında ciddi əngələ çevriləcək. Məlum olduğu kimi, Çin Yaxın Şərqdən ABŞ-ı sıxışdırıb çıxarmaq və ya daha avantajlı mövqe qazanmaq üçün İranla Səudiyyə Ərəbistanını və digər körfəz ölkələrini barışdırmaq yolunu tutdu. Bu məqsədlə onları Pekində görüşdürüb aralarındakı diplomatik əlaqələri yenidən bərpa etmələrinə nail oldu. Yaxın Şərqdə yaranan yeni situasiya isə bu ölkələri yenidən məzhəbi didişmələrə sürükləyəcək və qarşı-qarşıya gətirəcək. Nəticədə yenə ən böyük zərbənin İrana dəyəcəyi gözlənilir", - deyə o qeyd edib. Ermənistan isə İranın dostları sırasındadır. Belə çıxır, Əsəd rejiminin süqutu Zəngəzur dəhlizini daha aktual edir? 

Fikrət Yusifov.jpeg (199 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Suriyada Əsəd rejiminin devrilməsi zaman məsələsi idi. Bunu demək olar ki, bilməyən yox idi. Əslində Qərb Əsəd rejiminin devrilməsini 2010-cu ilin sonlarında ilk olaraq Tunisdə başladılmış ərəb baharı hərəkatı ilə etməyi düşünürdü. Lakin o vaxtlar Rusiya və İranın Suriya rejiminə verdiyi dəstək yetərli oldu və Bəşər Əsəd öz hakimiyyətini qoruyub saxlaya bildi. Bəs indi nə baş verdi? Nədən məhz indi? 

Rusiya D.Trampın hakimiyyət kürsüsünə oturacağı günə qədər Ukrayna ilə müharibədə daha çox əraziləri işğal altına almaq istəyir. Bu məqsədi reallaşdırmaq üçün Rusiyanın qalan zaman kəsiyində  yetərincə peşəkar hərbiçi toplamaq imkanları olmadığından Suriyadakı peşəkar hərbi birləşmələrini gizli şəkildə Ukraynaya daşımağa məcbur oldu. Rusiya bu işi nə qədər gizli görməyə çalışsa da,  Suriya müxalifəti bundan dərhal xəbər tutdu. Təbii ki, bu məsələdə Türkiyə kəşfiyyatının rolunu danmaq mümkün deyil. Və bundan sonra silahlı müxalifət Bəşər hakimiyyətini devirmək üçün hərəkətə keçdi. Bəs nədən Rusiyanın Suriyada az sayda qalmış hərbi birləşmələri və İran hərbi qüvvələri, İranın "Hizbullah" kimi proksisi bu hücumların qarşısını almağa ciddi cəhd göstərmək istəmədilər. Öncə onu deyək ki, hadisələrin başlanğıcında adını çəkdiyimiz Bəşər Əsəd dostları müxalifətin hücumunun qarşısını almaq üçün nələrsə etməyə cəhd göstərdilər. Lakin anlayanda ki, bu sadə bir məsələ deyil - ABŞ başda olmaqla, Qərbin fətvasıdır - dərhal geri çəkildilər. Bundan sonra bir neçə gün ərzində Bəşər Əsəd hakimiyyəti devrildi. 

Əslində baş verən bu hadisə böyük güclərin Yaxın Şərqlə bağlı geosiyasi  oyunlarının bir parçasıdır. Əsəd rejiminin devrilməsi ilə bu oyunların növbəti məkanının İran olacağı da heç şübhəsizdir. İsrailin İranın proksilərini darmadağın etdikdən sonra İrana qarşı hərbi əməliyyatları dayandırmasının əsas səbəbi də bu idi. Yəni İrana növbə çatmadığından İsrail dayandı. İndi İranın növbəsi gəldi və bu yolda İsrail tək olmayacaq, Qərb onun yanında dayanacaq. Siyasətdə daimi dostlar və daimi düşmənlər yoxdur. Bu səbəbdən İrana qarşı əməliyyatlarda İsrail-Türkiyə yaxınlaşmasının baş verəcəyi də gözləniləndi. Ümumi maraqların ən sərt mövqedə dayanan tərəfləri bir araya gətirdiyini biz dəfələrlə görmüşük".

Professor  “baş vermiş bu hadisələrin Cənubi Qafqazda yaranmış duruma hansı təsirləri  ola bilər?” sualına belə cavab verib: “Suriya hakimiyyətinin bu şəkildə süqutu Türkiyəmizin regiondakı siyasi çəkisini yetərincə gücləndirdi. Regionda baş verən böyük geosiyasi əhəmiyyəti bu hadisədən sonra ərəb dünyası ölkələrinin neft və qazının Türkiyə üzərindən Avropaya daşınmasına yaşıl işıq yandırıldı. Bu isə o deməkdir ki, artıq Qoca qitə Rusiyanın  enerji resurslarından asılılıqdan qurtulmuş olacaq. 

Zəngəzur dəhlizinə gəlincə isə - bu barədə dəfələrlə bidirmişik ki, bu dəhlizin açılıb-açılmaması Ermənistanın məsələsi deyil! Bu böyük güclərin böyük maraqlarına xidmət edəcək məsələdir. Təbii ki, Zəngəzur dəhlizinin açılması Azərbaycana ciddi iqtisadi, siyasi dividentlər gətirəcək, quru yolla Naxçıvanla birbaşa əlaqələrimiz qurulacaq. Lakin unutmaq olmaz ki, bu dəhlizlə bağlı böyük güclərin böyük maraqları ilə müqayisədə Azərbaycanın maraqları da o qədər böyük görünmür. Ermənistanda Suriya hadisələrindən narahatlıq da ondan irəli gəlir ki, regionda Türkiyənin mövqelərinin bu qədər möhkəmləndiyi bir durumda Ermənistanın Zəngəzur dəhlizinin açılmasının qarşısını almaqla  bağlı bütün səylərinə son veriləcəkdir".

Mütəxəssislərin dediklərini və şahidi olduğumuz son  prosesləri ümumiləşdirsək, onu deyə bilərik ki, Əsəd rejiminin devrilməsi bölgədəki güc balansını, xüsusilə İran və Rusiya kimi aktorların Suriyada zəifləməsi ilə dəyişə bilər. Bu vəziyyət Zəngəzur dəhlizinə olan təsirləri dolayısı ilə artıra bilər. İlk olaraq Türkiyə və Azərbaycanın mövqeyi güclənəcək. Türkiyənin Suriyada nüfuzunun artması və Azərbaycanın Zəngəzur dəhlizi üzərindəki strateji planları arasında sinerji yaranması mümkündür. Bu, Türk dünyasının logistika və ticarət baxımından birləşməsinə daha böyük dəstək verə bilər. 

İranın mövqeyi zəifləyəcək - İran, Zəngəzur dəhlizinin açılmasını milli təhlükəsizliyi və iqtisadi maraqları üçün risk hesab edir. Suriyada İranın zəifləməsi, onun Ermənistan vasitəsilə regional nəqliyyat layihələrini dəstəkləmək imkanlarını məhdudlaşdıra bilər.

Əsəd rejiminin süqutu Ermənistanın da regional tərəfdaşlıqdan asılılığını artıra bilər. Bu, Ermənistanı Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Türkiyənin tələblərinə daha açıq mövqe göstərməyə məcbur edə bilər.

Zəngəzur dəhlizi, Türk dünyasının birləşməsi və qlobal nəqliyyat marşrutları üçün strateji əhəmiyyətə malikdir. Buna görə də bölgədəki hər bir geosiyasi dəyişiklik, o cümlədən Əsəd rejiminin süqutu, layihənin irəliləməsi üçün mühitin dəyişməsinə təsir göstərə bilər. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR