İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərzaq təhlükəsizliyi təmin olunacaqmı? - təhlil

Hökumət 503 milyon manat ayırıb; ekspert: “Qlobal bazarlardakı qiymət dəyişikliyi Azərbaycanda daha sərt hiss olunur”

Dünyada inflyasiyanın sürətinin azalması prosesi davam edir. Əksər ölkələrdə istehlak qiymətləri böyük bahalaşmanın başlamasından öncəki hədlərə yaxınlaşmaqdadır. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının məlumatına əsasən, oktyabr ayında Qlobal Ərzaq Qiymətləri İndeksi sentyabrla müqayisədə 0,7 bənd, yaxud 0,5 faiz azalmaqla 120,6 bənd təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 bənd(10,9 faiz) aşağıdır.

Qlobal ərzaq bazarında oktyabr ayındakı cüzi azalma şəkər, taxıl, bitki yağları və ətin qiymət indekslərinin azalması, süd məhsullarının isə artması fonunda baş verib. Ötən Taxıl Qiymətləri İndeksi orta hesabla 125,0 bənd təşkil edib ki, bu da sentyabrdan 1,3 bənd (1,0 faiz) və keçən ildən 27,3 bənd (17,9 faiz) aşağıdır. Oktyabr ayında dünya buğda qiymətləri 1,9 faiz ucuzlaşıb. Buna ABŞ-dan ümumilikdə gözləniləndən daha yüksək tədarük və ixracatçılar arasında rəqabətin kəskin artması səbəb olub. 

Oktyabrda FAO Bitki Yağı Qiymətləri İndeksinin orta dəyəri 120,0 bənd təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə 0,9 bənd (0,7 faiz) aşağıdır. Bu azalma ardıcıl üçüncü aydır ki, davam edir. Bitki yağlarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,3 bənd (20,7 faiz) aşağıdır.

Süd Məhsullarının Orta Qiyməti İndeksi doqquz aylıq enişdən sonra ötən ay 2,4 bənd (2,2 faiz) artaraq 111,3 bənd təşkil edib. Lakin yenə də ötən ilin müvafiq dövrü ilə müqayisədə bu indeks 28,0 bənd (20,1 faiz) azdır.

FAO Ət Qiyməti İndeksinin orta dəyəri oktyabrda 112,9 bənd təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə bir qədər aşağıdır (0,7 bənd və ya 0,6 faiz). Bu azalma artıq dördüncü aydır ki, davam edir və beləliklə, bu göstərici ötən ilin müvafiq göstəricisindən 3,9 bənd (3,4 faiz) aşağıdır. Oktyabr ayında qlobal donuz əti qiymətləri ucuzlaşıb, quş qripi epidemiyalarının təsiri ilə dünyanın bir sıra aparıcı təchizatçılarından tədarüklər məhdudlaşdığına görə quş əti qiymətləri bir qədər artıb. 

FAO Şəkər Qiymətləri İndeksinin oktyabrda orta dəyəri iki aylıq artımdan sonra azalaraq 159,2 bənd təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə 3,5 bənd (2,2 faiz) aşağıdır. Bununla belə, şəkərin dünya bazar qiyməti hələ də ötən ilin müvafiq dövrünün səviyyəsindən 50,6 bənddən çox (46,6 faiz) yüksəkdir. 

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin oktyabr ayında ölkədə istehlak qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 0,4 faiz, 2023-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 10,2 faiz artıb. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi 2023-cü ilin oktyabr ayında sentyabr ayı ilə müqayisədə 0,2 faiz, əvvəlki ilin oktyabr ayı ilə müqayisədə 3,8 faiz, 2023-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 10,2 faiz yüksəlib. 

2023-cü ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri sentyabr ayı ilə müqayisədə 0,8 faiz, 2023-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 11,4 faiz bahalaşıb. 

Qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi isə sentyabr ayı ilə müqayisədə 0,1 faiz, 2023-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 9,5 faiz artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə dəyişməyib, 2023-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 9,1 faiz yüksəlib.

Qeyd edək ki, Azərbaycanın ərzaq bazarı böyük ölçüdə idxaldan asılıdır. Əsas və sənaye yolu ilə əldə olunan ərzaq məhsullarına tələbatın mühüm hissəsi idxal hesabına təmin edilir. Buna görə də ərzaq inflyasiyası ölkə üzrə inflyasiya göstəricisinə təsir edən başlıca amil rolunu oynayır. Azərbaycan Mərkəzi Bankı bildirir ki, faktiki inflyasiyanın azalmasına baxmayaraq, proqnoz horizontu üzrə inflyasiyanın xarici mühiti ilə bağlı bəzi qeyri-müəyyənlikləri qalır: “Geosiyasi gərginlik, yeni müharibə ocaqlarının yaranması, təbii anomaliyalar dünya bazarında qida və enerji qiymətlərində əlavə artımlara səbəb ola bilər”. 

İqtisadçı-ekspert Rövşən Ağayev isə deyir ki, qlobal bazarlardakı qiymət dəyişikliyi Azərbaycanda daha sərt hiss olunur: “Rəsmi statistikaya görə, son 2 ildə ölkənin ümumi idxalı 5 faiz ucuzlaşıb. Daha doğrusu, idxalın dəyəri 2022-ci ilə nisbətən 17 faiz yüksək olsa da, 2021-ci ildəki səviyyədən 5 faiz aşağıdır. Dünyada, xüsusilə də Ukrayna-Rusiya müharibəsinin başlanması ilə pik həddə çatan və sonradan tədricən azalan qida qiymətlərinin burada təsiri həlledicidir. Azərbaycan isə idxaldan yüksək asılılığı olan ölkə kimi idxal qiymətlərinin yüksəlməsinə dərhal reaksiya verir. İdxalda və iqtisadiyyatda inhisarçılıq isə bu reaksiyanı daha sərt formaya salır. Məsələn, rəqabətli iqtisadiyyatda qlobal iqtisadiyyatda bahalanmalar 1 faiz qiyməti artırırsa, bu bizdə ən azı 0,5 vahid (şərti olaraq) daha yüksək artımla müşahidə olunur”.

Rəsmi statistika göstərir ki, 2023-cü ilin sentyabr ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 0,9 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 14,1 faiz, 2023-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,2 faiz artıb. Bu isə o deməkdir ki, qlobal bazarlarda qiymətlərin azalması prosesi hələ də Azərbaycanın idxalına təsir etməyib. 

Qlobal bazarlardakı bahalaşmanın ölkə bazarına təsirini azaltmaq üçün Azərbaycan hökuməti bir sıra addımlar atır: yerli kənd təsərrüfatı istehsalını müxtəlif dəstək mexanizmləri ilə stimullaşdırır, bəzi əlavə idxal rüsumları ilə daxili istehsalı qoruyur, həmçinin yerli istehsal üçün zəruri olan xammalın idxalını rüsumlardan azad edir. Lakin bu tədbirlər hələlik ölkənin ərzaq təhlükəsizliyinin tam təmin olunmasına gətirib çıxarmayıb. 

Rəsmi məlumata görə, Azərbaycanda 2023-cü ilin yanvar-oktyabr aylarına 10 milyard 865,5 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bunun da 5 milyard 134 milyon manatı heyvandarlıq, 5 milyard 731,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3 faiz, bitkiçilik məhsulları üzrə isə 2,7 faiz artıb. Noyabr ayının 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3172,6 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8 faiz çox dənli və dənli paxlalı bitkilər, 989,3 min ton (4,0 faiz az) kartof, 1753,6 min ton (1,4 faiz çox) tərəvəz, 438,2 min ton (6,5 faiz az) bostan məhsulları, 1084,5 min ton (2,4 faiz çox) meyvə və giləmeyvə, 217,5 min ton (6,3 faiz çox) üzüm, 29,2 min ton (2,5 faiz çox) günəbaxan, 125,1 min ton (18,6 faiz az) şəkər çuğunduru yığılıb. Bu il ötən ilkindən cüzi həcmdə artıq - 1 milyon  833,8 min ton buğda yığılıb.

Yanvar-oktyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 485,4 min ton ət, 1864,5 min ton süd, 1832,5 milyon ədəd yumurta istehsal edilib. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 10,5 faiz artıb.

Hökumət 2024-cü ilin dövlət büdcəsində ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün irihəcmli vəsait nəzərdə tutub. Belə ki, gələn ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə 1 milyard 109,9 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Bunun 502,9 milyon manatı bilavasitə ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldiləcək. Ərzaq təhlükəsizliyi tədbirləri üçün ayrılmış vəsait hesabına fermerlərə kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən əkin, tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən məhsul, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən toxum, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər bir sağlam buzova görə verilən heyvan, Azərbaycan Respublikasında istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə verilən barama subsidiyalarının, habelə lizinqə verilən və lizinq yolu ilə satılan texnikalara, suvarma sistemləri dəstinə və damazlıq heyvanların alınması üçün kənd təsərrüfatı istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlərin, kənd təsərrüfatı sahəsində digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulur.

Gələn il “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanı ilə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxal olunan buğdadan asılılığın azaldılması və yeni tənzimləmə mexanizmlərinin yaradılması hesabına Azərbaycanın ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlərin həyata keçirilməsi məqsədilə 60 milyon manat vəsait ayrılacaq.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR