Onlayn ictimai-siyasi qəzet
"Ermənistan siyasi rəhbərliyinin Avropaya meyl etməsi sirr və yeni bir məsələ deyil. Çünki Paşinyan Qərb siyasi dalğasının "məhsulu"dur. Sadəcə olaraq dərhal Rusiya ilə əlaqələri kəskinləşdirə bilməzdi. Ona Rusiyanı öz xalqının gözündə pis göstərmək lazım idi".
Bu fikirləri Musavat.com-a siyasi şərhçi Azər Hüseynov deyib.
O qeyd edib ki, İkinci Qarabağ müharibəsində Rusiyanın Ermənistanı açıq müdafiə etməməsi buna səbəb oldu:
"Rusiyanın bu gün birbaşa Ermənistana müdaxilə edəcəyini düşünmürəm. Amma hər hansı paralel yolla bunu edə bilər. Ukrayna ssenarisinin birə-bir təkrarlanmasına səbəb olmasa da, cəzalanma ola bilər. Ancaq erməni diasporunun Rusiya hakimiyyətinin bir sıra fərdlərinə təsirini də gərək unutmayaq. Ermənilər ukraynalılar deyil. Onlar lazım olanda lobbi imkanlarını işə sala bilirlər".
Azər Hüseynov digər ölkələrin, xüsusilə İranın bu məsələdə susması məsələsinə də münasibət bildirib:
"İrana gəldikdə, bu ölkə Paşinyanın siyasi kursunun, Qərb rənginin tam ortaya çıxmasını gözləyir. Bundan sonra addımlarını düşünəcək. Ümumən isə Rusiya ilə Ermənistanın münasibətlərinin soyuması bizim xeyrimizədir. Biz elə regiondayıq ki, burada olan oyunçular özü böyük gücdür. Türkiyə, İran və Rusiya Avropanın burada dominantlığına imkan verməz, ona görə bir lətifədə deyildiyi kimi, Avropaya güvənib "vuruşmaq" olmaz. Azərbaycan buna görə doğru edir ki, regionun böyük güclərini və öz maraqlarını uzlaşdırır".
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan baş naziri Nikol Paşinyanı ikitərəfli münasibətlərin pozulmasında ittiham edib.
"Müxtəlif görüşlər üçün İrəvana gedəndə baş nazir Nikol Paşinyanla da danışmışam. Mənə elə gəlirdi ki, o, Rusiya ilə müttəfiqlik münasibətlərinin davam etdirilməsinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində qarşılıqlı fəaliyyətin Ermənistana nə fayda gətirəcəyini hələ də başa düşür. Amma indi həm Ermənistanın Təhlükəsizlik Şurasında, həm də parlamentdə Ermənistan rəsmiləri birbaşa deyirlər ki, bizə Avropa İttifaqına daha çox bel bağlamaq lazımdır. Onların sözlərinə görə, KTMT guya respublika qarşısında öz öhdəliklərini yerinə yetirmir", - Lavrov bildirib.
Afaq Mirayiq,
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ