Onlayn ictimai-siyasi qəzet
“Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və tərəflər arasında sülh sazişinə hazırlıq Cənubi Qafqazda qeyri-sabitliyin aradan qaldırılması yolundakı addımların mərkəzi aspekti olaraq qalır”.
Bunu keçirdiyi brifinq zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Mərkəzləşdirilmiş Qərargahının rəisi Andrey Serdyukov bildirib. “Qərb ölkələrinin Cənubi Qafqazda öz nüfuzunu möhkəmləndirmək cəhdləri bölgədə gərginliyə səbəb olur”, - Qərargah rəisi əlavə edib.
Bəs KTMT-nin Güney Qafqazla bağlı bu açıqlaması nəyi göstərir? Ermənistanın bölgəyə Avropalı və amerikalı qüvvələri yerləşdirməsi yeni münaqişəyə səbəb ola bilərmi?
Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev Musavat.com-a açıqlamasında aşağıdakıları bildirib:
"Azərbaycan və Ermənistan arasında müharibə dövründən sonra həyata keçirilən danışıqlar nəticəsində əldə olunan ən böyük uğur məhz delimitasiya-demarkasiya prosesidir. Məhz bu prosesdə uğurlu şəkildə irəliləyişlər əldə olunur və iki ölkənin baş nazir müavinləri Şahin Musafayev və Mikheil Birqadiyanın rəhbərlik etdiyi ortaq komissiya bu işin həyata keçirilməsinə mühüm töhfələr verir.
Bu, ikitərəfli, yəni vasitəçi olmadan aparılan danışıqlar nəticəsində mümkün olub və heç bir vasitəçi olmadan tərəflər orta çərçivədə sərhədlərin müəyyənləşdirilməsi istiqamətində addımlar atırlar və biz görürük ki, həqiqətən də böyük uğurlara imza atılır. Artıq mühüm nailiyyətlər əldə olunub həmin çərçivədə.
Ancaq çox təəssüflər olsun ki, Paşinyan hökuməti Ermənistan sərhədləri, yəni Ermənistan-Azərbaycan sərhədlərinə müxtəlif kənar qüvvələrin gətirilməsi istiqamətində addımlar atır və qərb ölkələri ilə bu barədə danışıqlar aparılır. Avropa İttifaqının müşahidə missiyası adı altında regiona bir qrup gətirilib ki, bu qrup da Azərbaycana qarşı təxribatlarla məşğuldur. Yəni binokl diplomatiyası həyata keçirirlər və eyni zamanda ABŞ-la bu yaxınlarda imzalanmış strateji əməkdaşlıq haqqında saziş də bölgəyə ABŞ hərbi missiyasının gətirilməsini nəzərdə tutur. Bunlar da təbii ki, Cənubi Qafqaza sülh və sabitliyə çox ciddi şəkildə əngəl törədir və ümumiyyətlə, sülhün əldə olunmasına, sərhədlərin müəyyən olunmasına ciddi şəkildə problemlər yarada bilər. Təəssüf ki, Ermənistan hökuməti görünür ki, hələ də sülhə tam hazır vəziyyətdə deyil və yenidən hansısa təxribatları planlaşdırır.
Təbii ki, Azərbaycan buna sakit qalmayacaq. Əgər hansısa bir formada təxribat həyata keçiriləcəksə, dərhal Azərbaycan cavabını verəcək. Bunu Ermənistanda hər kəs yaxşı bilir ki, Azərbaycan ordusu erməni ordusundan qat-qat güclüdür və istənilən Ermənistanın təxribatına cavab verə bilər. Ermənistanın arxasında kimin durmasına, kimin yardım etməsindən asılı olmayaraq, 44 günlük müharibədə, 23 saatlıq antiterror əməliyyatı da, ondan sonraki proseslər də sübut edir ki, Azərbaycan tək başına Ermənistana bütün havadarları ilə birlikdə cavab vermək iqtidarındadır. Buna görə də düşünürəm ki, Ermənistan tərəfi sülh gündəliyinə sadiq qalaraq, tezliklə sülhün əldə olunması, kommunikasiya xətlərinin açılması və əlaqələrin qurulması istiqamətində addımlar atmalıdır. Bu, ən çox məhz onların xeyrinədir.
Həmçinin nəzərə almalıdır ki, Paşinyan hökuməti Türkiyə ilə Ermənistan arasında əlaqələrin yaranması üçün səy göstərir. Və onu da nəzərə almalıdır ki, Türkiyə ilə Ermənistan əlaqələrinin normallaşdırılması prosesi məhz Azərbaycan və Ermənistan arasındakı əlaqələrin normallaşmasından keçir. Yəni Azərbaycan və Ermənistan arasında sülh əldə olunmadan, münasibətlər normallaşmadan biz bunu Türkiyə və Ermənistan münasibətlərində də görə bilmərik. Ona görə, rəsmi İrəvan bunun üçün əlindən gələni etməlidir və sülh gündəliyinə sadiq qalmalıdır".
Xalidə Gəray
Musavat.com
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ