Onlayn ictimai-siyasi qəzet
Ermənistan İqtisadiyyat Nazirliyi yanında Turizm Komitəsinin rəhbəri Lusine Gevorkyan mehmanxana biznesinin nümayəndələri ilə görüşdə onlara ölkə hotellərində müsəlmanlar üçün ibadət otaqlarının açılmasının zəruriliyi barədə məlumat verib.
Musavat.com xəbər verir ki, bu barədə şənbə günü “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Gevorkyan HoReCa sektorunun nümayəndələrinə müsəlman turistlərin namaz qılmaları üçün hotellərdə otaqlar ayırmağı əmr edib, əks halda hotellərin lisenziyalarını itirəcəyini bildirib.
O, təşəbbüsünü Ermənistanın ərəb bazarına çıxmaq istəməsi ilə əsaslandırıb.
Həmin vaxt biznes nümayəndələri bu tələbin qanunsuz olduğunu bildirərək yeni təşəbbüsə etiraz ediblər.
Qəzetin məlumatına görə, komitə sədri ilə əlaqə qurmaq mümkün olmayıb. Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat katibi isə bildirib ki, Fars körfəzi ölkələrindən gələn qonaqların “halal” etiketli qida ilə təmin edilməsi və ibadət yerlərinin təchiz edilməsi məsələsi gündəmə gətirilib.
Xatırladaq ki, Turizm Komitəsinin rəhbəri Lusine Gevorkyan fevralın 7-də keçirdiyi mətbuat konfransında Ermənistan üçün hazırkı hədəf bazarların Birləşmiş Ərəb Əmirlikləri və Fars körfəzinin digər ölkələri olduğunu bildirib.
Musavat.com
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ