Onlayn ictimai-siyasi qəzet
Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 8-də Baş Prokurorluq Günü münasibətilə çıxışı zamanı sensasion bir etiraf edib. O, ölkənin silahlı qüvvələrində və dövlət strukturlarında “onlarla dövlətə xəyanət hadisəsinin” aşkar olunduğunu bildirib.
Paşinyan deyib ki, bu hallar barədə ictimaiyyətə çox məlumat verilmir, çünki istintaq və məhkəmə prosesləri qapalı keçirilir: “Son illərdə elə hallar olub ki, insan sadəcə inana bilmir. Bizdə onlarla belə hadisə olub. Bunu anlamalıyıq - biz nəyi düzgün etmirik? Sonra deyirlər: bu necə baş verdi, necə mümkündür?”
Baş nazir daha sonra əlavə edib ki, Ermənistanda “vətənpərvərlik” haqqında çox danışılır, lakin bəzən qəhrəman kimi təqdim edilənlərin arasında satqın və casusların da olduğu üzə çıxır: “Biz insanları əvvəlcədən qəhrəman adlandırırıq, amma sonra məlum olur ki, onların içində satqınlar da var”.
N.Paşinyan nəyə işarə edir? Acı gerçək belədir ki, Ermənistan ərazisi, xüsusən də İrəvan erməni terrorçularına, saxta qəhrəmanlara (Qaregin Njde, Andronik Ohanyan və s.) ucaldılan abidələrlə, heykəllərlə zəngindir. Onların bir çoxu üstəlik ziyarətgahlara çevrilib. Belə abidələrdən biri də Paşinyanın baş nazir olduğu dönəmdə (aprel, 2023) İrəvanda ucaldılıb. “Nemezis” kompleksinindən söhbət gedir. Hansı kompleksi Ankara və Bakı sökməyi tələb etmişdi.
Paşinyanın etirafı nəyin mesajıdır? Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşandan sonra Ermənistanda hansısa abidələrin sökülməsi mümkündürmü?
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a bildirdi ki, “Paşinyan ölkənin adını ”qara siyahı"lardan çıxarıb yeni ağ səhifə açmaq istəyir: “Faşist Qaregin Njdenin və digərlərinin abidələri isə Nikol Vovayeviçin bu planlarına maneə yaradır. Əslində həmin abidələrin bir çoxu elə Paşinyanın dövründə İrəvanda qoyulub. Amma ideya və maliyyəsi erməni diasporundan gəldiyi üçün mövcud hakimiyyət səsini çıxara bilməyib. Çünki Paşinyanın özü də həmişə erməni diasporunun gücündən çəkinib və belə bir gücü qarşısına almaq istəməyib. Paşinyan yenə də bu istiqamətdə sərt addımlar atmağa ehtiyat edir. Çünki erməni cəmiyyəti də bu məsələdə radikal və faşist düşüncələrə malikdir. Bu cür açıqlamalarla Ermənistanın baş naziri hələ ki, nəbz yoxlamalarına üstünlük verir. Nikol Vovayeviç bu yolla cəmiyyətin fikrini öyrənməyə çalışır. Əgər müharibədən və faşizm elementlərindən bezən cəmiyyət Nikolun son açıqlamalarına səssiz qalarsa və sərt etiraz nümayiş etdirməzsə, o zaman Paşinyan mərhələli şəkildə terrorçulara qoyulan abidələri sökdürəcək”.
Onun sözlərinə görə, hətta İrəvanda terrorçu Monte Melkonyan kimi üzdəniraqlara da abidələr ucaldılıb: “Düşünürəm ki, onların da abidələri zamanla sökülə bilər. Paşinyanın bunun üçün bir qədər zamana ehtiyacı var. Əgər Ermənistanda siyasi-ictimai proseslər Paşinyanın planına uyğun şəkildə gedərsə, o zaman Avropa demokratiyasına sarı üz tutmuş Paşinyan nemezisçilərin ”mənəvi qalıqları"nı da təmizləyəcək. Amma kapitulyant baş nazir hələ ki, soyuq suyu da üfürə-üfürə içir ki, əsk effekt yaranmasın. Digər tərəfdən, İrəvan Ankara və Bakı ilə normal münasibətlər qurmaq istəyir. Azərbaycan və Türkiyəyə qənim kəsilənlərin abidələri İrəvanda boy göstərdikcə Ermənistan qərb və şərq qonşuları ilə səmimi qonşuluq münasibətləri qura bilməz. Nikol Vovayeviç bunun da fərqindədir. Ona görə də Ermənistan üçün satqınlıq və şərəfsizlik tarixi yazanların qəhrəman kimi təqdim edilməsinə qarşı çıxır və baş nazir Paşinyan bu istiqamətdə ilkin addımlarını atır".
Çingiz Şahbazi
Politoloq Çingiz Şahbazinin sözlərinə görə, Paşinyanın etdiyi çıxış daha bir sensasiyalı xəbər olaraq Ermənistan gündəmində müzakirə olunmaqdadır: “Paşinyanın bəyanatı heç də birmənalı şəkildə qəbul edilə bilməz. Onun bu bəyanatının arxasında mütləq ki, gələcəkdə atılması nəzərdə tutulan addımların səbəblərini işığa çıxarmaq məqsədilə zəmin yaratmaq təşəbbüsü dayanır. Çünki Paşinyan öz ölkəsində bir çox məsələlərdə əzbərləri pozmuş siyasətçi olaraq qəbul edilir və bu dəfəki açıqlaması ilə də erməni xalqını bir çox həqiqətlərin xaricində olduğu ilə xəbərdar edib və belə bir vəziyyətdə xalq daha çox kimlərinsə alətinə çevrilir mesajını şüuraltı olaraq çatdırıb. Paşinyanın bəyanatı həmçinin siyasi və ideoloji dominans qurmaqla birlikdə, həmçinin köhnə rejimlərlə bağlı simvolik xarakter daşıyan strukturları sarsıtmaq məqsədi daşıya bilər. Satqın hesab olunan adamlar cəmiyyətin yaddaşını yenidən təsnif etmək deməkdir və məqsəd heç də fiziki cəhətdən köhnə irsi sarsıtmaqla, yəni qəhrəman hesab olunan adamların xatirəsinə ucaldılmış abidələri sökməklə və digər vasitələrlə sərhədlənməməlidir. Bu fikir həmçinin ritorik olaraq səsləndirilə bilər. Arxasında reallaşdırmaq kimi bir düşüncə olmaya bilər, amma siyasi baxımdan rezonans yaratmaq təşəbbüsü daşıya bilər. Paşinyanın, Azərbaycan və Türkiyə ilə normallaşma dövrü ərəfəsində belə bir bəyanatla çıxış etməsinin birbaşa Türkiyə və Azərbaycanla erməni xalqını düşmən edən dırnaq arası qəhrəmanları nəzərdə tutması, əlbəttə ki, gələcəkdə bu türk düşmənləri üçün ucaldılan abidələri sökmək məqsədi daşıyır”.
Onun fikrincə, bəyanat sırf zəmin məqsədi daşıyır və tədricən terrorçuların abidələrinin sökülməsini təmin etməyə imkan verəcək.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
13 Oktyabr 2025
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ