Onlayn ictimai-siyasi qəzet
Anormal, xəyalpərvər toplumu ilə birgə Ermənistanın özünə təzə ağa qismində kimi seçməsi, əlbəttə, öz işidir. Əsas odur, hay xislətinə xas buqələmunluq Azərbaycanla sülh müqaviləsini yaxınlaşdıracaq, ya yox?
Brüsseldəki 5 aprel görüşü bu yöndə nikbinliyi artırmadı. Deməli, yaxınlaşan nədirsə, o, sülh deyil. Təkrar yazmaqda fayda var: istənilən sülhün, atəşkəsin və ya nisbi sakitliyin alternativi isə müharibədir. Bunu İrəvanda da, Qərb paytaxtlarında da bilməmiş deyillər...
Əfsus ki, başına gələnlərdən zərrəcə dərs götürməyən Ermənistan yenə yanlış yol tutub. Hədəf təxminən belədir: qonşularla barışıqdan öncə indi də kollektiv Qərbin sığalı və dəstəyi ilə maksimum qısa zamanda toparlanmaq, güclənmək, hücum ordusu yaratmaq.
Belə görünür ki, İrəvan sülhdən çox, revanşa hazırlaşır. Xarici havadarların sülh şousu da müstəsna olaraq, kapitulyant ölkəni abstrakt Qərb maraqları çərçivəsində Azərbaycana qarşı qızışdırmağa yönəlib. Artıq açılmamış “kart” qalmadı...
Bu fonda Nikol Paşinyan daxil, erməni rəsmilərinin “biz sülh gündəliyinə sadiqik” sözləri nəinki inandırıcı deyil, həyasızlıq nümunəsidir. Eyni zamanda, absurd və qəribə gözləntidir. Axı faktiki təcrid durumunda olan, dünya okeanına çıxışdan məhrum cırtdan və “izqoy” Ermənistan iki əsas qonşusu – Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmadan, sərhədlər və yollar açılmadan, necə inkişaf edə bilər?
Tutaq ki, ABŞ və Avropa Birliyi timsalında Qərb ona vaxtaşırı ciddi maliyyə “inyeksiyaları” elədi, nə xeyri? Bu ki, qum təpəsinə su tökmək kimi bir şeydir. Yaxud atı arabanın arxasına bağlamaq qədər bir axmaqlıq. Yox, əgər kapitulyant ölkə ilə sərhədlər açılsa, logistika, gediş-gəliş, ticarət bərpa olunsa, o - ayrı məsələ. Ermənistana yatırılacaq ən kiçik xarici sərmayə belə özünü doğruldacaq.
Fəqət, ondan öncə Bakı və Ankara ilə dil tapmaq, təcili sülh müqavilələri imzalayıb düşmənçilik səhifəsini çevirmək, ondan da öncə isə Ermənistanın bədnam konstitusiyasını, digər normativ-hüquqi sənədlərini beynəlxalq hüquqa uyğunlaşdırmaq gərəkir.
Başqa variant, möcüzə-filan olmayacaq. Bunu iqtidarlı-müxalifətli erməni cəmiyyəti qulağında nə qədər tez sırğa eləsə, bir o qədər özü üçün yaxşı olar...
Brüsseldə üçlü formatda dünənki danışıqlar N.Paşinyanın həmçinin nə dərəcədə siyasi macəraçı olduğunu növbəti dəfə isbatladı. Amma cəmi bir həftə qabaq o, Qazaxın 4 kəndini martın sonunadək təcili qaytarmağın vacibliyindən dəm vurur, əks halda öz xalqını yeni müharibə ilə hədələyirdi. Hanı bəs? Kəndlər niyə təhvil verilmir?..
Belə çıxır, müharibə ritorikası Paşinyana Brüssel görüşü ərəfəsi Azərbaycanın aqressiv, müharibə istəyən tərəf obrazını yaratmaq üçün lazım olub. Yəni baxın, “davakar Bakı yazıq və zavallı Ermənistan”dan əl çəkmir, sülhdə maraqlı deyil.
Halbuki tam tərsidir. Qarabağa Böyük Qayıdış prosesi başlatmış Azərbaycan dövlətinə milyardlar yeni müharibə üçün yox, bərpa-quruculuq işləri üçün, o sırada Qarabağı minalardan təmizləməkdən ötrü lazımdır.
Özünün ərazi bütövlüyü və suverenliyinə nail olan, qonşularına bir qarış torpaq iddiası olmayan və müharibədən təzə çıxmış dövlət kimi Azərbaycanın yeni savaş nəyinı gərəkdir ki? Məntiq hanı?..
Kapitulyant ölkə haqda isə eyni əminliyi söyləmək mümkünsüz. Bir səbəbi yuxarıda yazdıq: Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddialarının varlığı. İkincisi, dünənədək qonşunun 20 faiz ərazisini işğal altında saxlayan ölkə məhz Ermənistan olub - 4 ildir sülh müqaviləsindən israrla yayınan ölkə! Niyə yayınır, orası da məlum.
Azərbaycan isə SSRİ dağılandan heç vaxt Ermənistan ərazisinə girməyib. Belə fikri yoxdur - ora tarixi türk torpağı olsa da. Çünki Bakı beynəlxalq səviyyədə tanınmış sərhədlərə sayğılıdır.
Sadalanan faktlar kifayətdir ki, sülhdən yayınan cığal tərəfin kim olduğuna şübhə aradan qalxsın. 44 günlük müharibə bitər-bitməz, Azərbaycanın 5 məlum baza prinsipi əsasında İrəvana göndərdiyi sülh təklifi də öz yerində. Qalib ölkə barışıq naminə ayrı nə etməlidir ki?
Vəziyyət isə get-gedə tündləşir. Əgər Paşinyan sülh sənədini imzalamayacaqsa, Ermənistana kimin rəhbərlik eləməsinin Azərbaycandan ötrü artıq anlamı qalmayacaq. Məğlub tərəf üçün özünün bütün acı nəticələri ilə birgə...
Z.SƏFƏROĞLU
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ