Onlayn ictimai-siyasi qəzet
Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün tikintisi ilə bağlı ilkin razılıq əldə ediblər.
Musavat.com xəbər verir ki, bu barədə İrəvanda İranın rəsmi nümayəndə heyətinin tərkibində olan yollar və şəhərsalma naziri Fərzanə Sadiq "Tasnim" agentliyinə açıqlamasında bildirib.
Sadiqin sözlərinə görə, Noraduzda ikinci körpünün tikintisi, mövcud körpünün yenidən qurulması, sərhəd terminallarının təkmilləşdirilməsi və yük maşınları üçün rüsumların yenidən baxılması ilə bağlı ilkin razılıqlar əldə olunub.
“Bu addımlar yükdaşıyanların işini asanlaşdıracaq və tamhüquqlu tranzit paketinin formalaşmasına xidmət edəcək. Paket yaxın aylarda tamamlanacaq”, – iranlı nazir vurğulayıb.
O, həmçinin dəmir yolu layihələrinə xüsusi diqqət yetirildiyini qeyd edib. Sadiq Fars körfəzini Qara dənizlə birləşdirən dəmir yolu xəttinin strateji əhəmiyyət daşıdığını bildirib. İranda yol artıq Culfaya çatır və Culfa-İrəvan marşrutu təsdiqlənib.
Bundan əlavə, tərəflər hava daşımaları sahəsində memorandum imzalamağa hazırlaşır. Ermənistanın dənizə çıxışı olmadığını nəzərə alaraq, liman infrastrukturu sahəsində əməkdaşlıq da gündəmdədir. Bu məqsədlə İranın cənubundakı Fars körfəzi və Oman dənizi sahillərindəki limanların logistik potensialından istifadə planlaşdırılır.
“Bu təşəbbüslər İran, Ermənistan, Avropa və Şərqi Asiya arasında tranzitin inkişafı üçün möhkəm zəmin yaradacaq”, – Sadiq qeyd edib.
Eyni zamanda, İrəvanda Fars körfəzi – Qara dəniz avtomobil və dəmir yolu dəhlizinin inkişafı haqqında saziş də razılaşdırılıb.
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ