Onlayn ictimai-siyasi qəzet
Sülh müqaviləsi üzərində işlərin aktiv davam etdiyi, delimitasiya və demarkasiya prosesinin aparıldığı bir dövrdə Ermənistanın silahlandırılması əlbəttə ki, narahatlıq doğurmaya bilməz. Və əlbəttə ki, bunun Ermənistanın yeni müharibəyə hazırlığı kimi dəyərləndirilməməsi sadəlövlük olardı.
Bu gün Fransa başda olmaqla bəzi Avropa dövlətlərinin etdikləri, sanki əvvəllər ağır cinayət törətmiş bir cinayətkarın əlinə yeni və daha təhlükəli silahlar verməklə, onu residiv cinayətkarlığa təşviq etməkdir. Lakin unudulmamalıdır ki, residiv cinayətkarlıqla bağlı cinayət hüququnda belə bir prinsip var, residiv cinayətkarlığın cəzası daha ağır olur. Fransanın Ermənistanı residiv cinayətkarlığa təşviq etməsi də məhz cinayətdə iştirakçılıqdır.
Odur ki, əgər Ermənistan yenidən Azərbaycan torpaqlarını işğal etmək fikrinə düşərsə, bu zaman özü daha ağır cəza ilə, daha təhlükəli durumla qarşılaşa bilər.
Ermənistanın silahlandırılması Ermənistanda revanşizm əhval-ruhiyyəsinin güclənməsinə təkan vermək, xüsusilə Fransanın Ermənistanı hərbi cəhətdən dəstəkləməsi, regionda sülhün prosesinə və Azərbaycanın təhlükəsizliyinə təhdidlər yaradır. Bu gərginlik təkcə Ermənistan-Azərbaycan münasibətlərini yox, həm də bütün Cənubi Qafqazın təhlükəsizliyini təhdid edir. Bəzi qərbin təhriki ilə Ermənistanın hərbi hazırlığı müharibə riskini artırır və sülh prosesinin pozulmasına səbəb ola bilər.
Regionda gərginliyin daha da artmaması üçün beynəlxalq cəmiyyətin, xüsusilə bəzi Avropa dövlətlərinin bunu nəzərə alması və Ermənistanı silahlandırmaqla bağlı öz siyasətlərini bir daha nəzərdən keçirməsi vacibdir. Cənubi Qafqazda yeni müharibənin qarşısının alınması üçün sülh və dialoq mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, istənilən təhlükəni, istənilən zaman və istənilən yerdə məhv etmə gücünə sahibdir.
Nurlan Həsənov,
Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun sədri
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ