Onlayn ictimai-siyasi qəzet
“Avropa İttifaqı Şurası Avropa Sülh Fondunun (EPF) Ermənistan silahlı qüvvələrinə 10 milyon avro dəyərində yardım paketi ayırması heç də təsadüfi deyil. Bunu Prezident İlham Əliyevin də iştirak etdiyi Oksfordşir şəhərinin Blenheim sarayında Böyük Britaniyanın baş nazirinin təşəbbüsü ilə Azərbaycan-Ermənistan görüşündən Nikol Paşinyanın imtina etməsinin mükafatı kimi qəbul edə bilərik”.
Bu fikirləri Musavat.com-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib.
Ekspert bu prosesi Avropa İttifaqının və ona bağlı qüvvələrin başlatdığını vurğulayıb:
“Bu ilin aprel ayında Qranadada keçirilən görüş, Cenevrədə keçirilən sülh konfrasında Ermənistanın iştirakı və s. prosesin başlandığını göstərirdi. Ermənistanın silahlandırılmasının əsas məqsədi bəllidir. İşğalçı təfəkkürü ilə yaşayan, müharibədə uduzmuş, kapitulyasiyaya uğramış, revanşist hisslərin hələ də mövcud olduğu dövlətə silah verilməsinin başqa anlamı yoxdur. Görüşdən imtinanın əsas təlimatçısı Fransa və ABŞ idi. Onlar heç bir vəchlə Böyük Britaniyanın bu məsələdə moderator rolunu oynamasını istəmirlər. Çünki Böyük Britaniya Avropa İttifaqı ölkəsi deyil. Eyni zamanda Böyük Britaniyanın Azərbaycanla yüksək səviyyəli münasibətləri mövcuddur. Ermənistana yardım edilməsi, eyni zamanda Avropa Sülh Fondu 2022-ci ildə Rusiya-Ukrayna müharibəsini əsas gətirərək yaradılıb və əsasən silah paylamaqla məşğuldur. Bu isə öz-özlüyündə absurddur. Kollektiv Qərbdən olan bəzi qüvvələrin özlərinin standartları var. Onlar sülh adı ilə müharibənin, yaxud müharibə adı ilə demokratiyanın tərəfdarı olduqlarını iddia edə bilərlər”.
X.Bəşirovun fikrincə, kollektiv Qərbin əsas məqsədi Ermənistandan öz məqsədləri üçün istifadə etməkdir:
“Makron Ermənistanın silahlandırılmasını Azərbaycanın silahlanması ilə müqayisə edir, lakin bu, doğru deyil. Çünki Azərbaycan silahı özü alır. Bu bizim təbii haqqımızdır. Ermənistan isə silahlandırılır. Silahlardakı tətikdə olan barmaq isə başqa dövlətlərin, güclərin əlində olur. Bu da çox təhlükəli məqamdır. Ermənistana münasibətdə bu addımların atılması, o cümlədən viza liberallaşması məsələsinin gündəmə gətirilməsi bir daha ABŞ başda olmaqla, kollektiv Qərbin Cənubi Qafqazla bağlı yürütdüyü siyasətin iflasa uğramasıdır. Bayden administrasiyasının rəhbərliyi, Fransa və digər qüvvələrin Cənubi Qafqazda yürütdüyü siyasətin uğursuzluğa düçar olması ona gətirib çıxarıb ki, bu qüvvələr 30 ildən artıq müddətdə Rusiyanın əyaləti kimi fəaliyyət göstərən, KTMT, Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistandan yapışıblar.
Gürcüstan əldən çıxır. Azərbaycan müstəqil siyasət yürüdür. Bu dövlətlər vasitəsilə Cənubi Qafqazda yerləşə bilməyən qüvvələr Ermənistandan yapışıblar. Təbii ki, gələcəkdə Ermənistanın digər istəklərini də həyata keçirmək üçün ona jestlər edilə bilər. Azərbaycana qarşı növbəti təhdidin yaradılması, Ermənistan Konstitusiyasında nəzərdə tutulmuş mürtəce müddəanın reallaşdırılması istiqamətində revaşist qüvvələrə dəstək göstərilə bilər. Buna görə də düşünürəm ki, bu, çox təhlükəli tendensiyadır. Kollektiv Qərbdən olan bəzi qüvvələr Ermənistanı silahlandırmaqla əslində güclü Ermənistan deyil, onların maraqlarına xidmət edən, xaosun mövcud olduğu, onlar tərəfindən idarə edilən Ermənistan istəyirlər. Açıq ifadə etsək, mövqelərini gücləndirəcək, gələcəkdə müxtəlif istiqamətlərdə istifadə etmək üçün plasdarm istəyirlər.
Seçim isə Ermənistanındır. Ermənistan güclənmək istəyirsə, Azərbaycanın formalaşdırdığı yeni reallıqlardan istifadə edərək öz iqtisadiyyatını gücləndirə bilər. Müstəqil və güclü iqtisadiyyata sahib olduqdan sonra güclü dövlət ola bilər. Əgər əksinə, bu oyunlara alət olmaq, forpost olmaq istəyirsə, başqa ağa axtarırsa, təbii ki, bunun məsuliyyəti onların öz üzərinə düşür”.
Nigar HƏSƏNLİ,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ