İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan İsrail silahlarına da göz dikib - sülh imitasiyası fonunda savaş hazırlığı

Ekspert: “Ermənistanın cılız büdcəsi İsrail silahlarını almaq iqtidarında deyil”

Sülh danışıqları məsələsində Ermənistan yenə “nala-mıxa” vurmağa başlayıb. Ehtimal ki, rəsmi İrəvan 2024-cü ildə də Bakı ilə danışıqları imitasiya etməklə zaman qazanmaq və bu vaxt ərzində ordusunu dirçəldib masa arxasında havadarların dəstəyi də daxil, Azərbaycanla sərt mövqedən danışmağı xəyal edir.   

Ermənistan üstəlik, Azərbaycana qarşı beynəlxalq səviyyədə yeni qarayaxma kampaniyası aparmağa hazırlaşır. Ədliyyə naziri Qriqor Minasyan yeni il sonrası mətbuat konfransında artıq bunun anonsunu verib. Minasyan həyasızcasına bildirib ki, Ermənistan ratifikasiya etdiyi Roma Statutu vasitəsilə Azərbaycana qarşı “hərbi cinayətlərin araşdırılmasına” çalışacaq. Onun sözlərinə görə, Ermənistanın istintaq orqanları Azərbaycana qarşı proseslərə beynəlxalq prokurorları da cəlb edəcək. 

İndi sülh istəyən ölkənin niyyəti, ritorikası beləmi olur?  

Minasyan həmçinin bildirib ki, Ermənistan İsraildən PUA-larla mübarizə məqsədilə avadanlıqlar alacaq: “Biz PUA-ların cəzaçəkmə müəssisələrinin ərazisinə daxil olmasının qarşısını almaq üçün İsrail istehsalı olan xüsusi avadanlıq almalıyıq”. 

Onun dediyinə görə, müasir texnologiyalar kifayət qədər böyük məsafədən bir metrə qədər dəqiqliklə narkotiklərin cəzaçəkmə müəssisəsinin ərazisinə atılmasına imkan verir. Son vaxtlar dronlar vasitəsilə Ermənistandakı cəzaçəkmə müəssisələrinin ərazisinə narkotik vasitələrin atılması halları artıb.

Belə bir avadanlığın ardınca İsraildən Ermənistana müasir öldürücü silahların tədarükü də mümkünmü? İki ölkə arasında hərbi-texniki əməkdaşlıq hara qədər genişlənə bilər? İrəvanın bu yolla həm də Bakı ilə Təl-Əvivin arasına girməsi, münasibətlərə kölgə salması mümkünmü? Hansı ki, bu onun çoxdankı arzusudur.

Əlbəttə, İsrail suveren dövlət kimi silah satışı ilə bağlı siyasətini müstəqil müəyyən edir. Ancaq Ermənistan həm də antisemitizmin kök saldığı bir ölkə. Onunla hərbi sferada ciddi şəkildə yaxınlaşma nə dərəcədə realdır?        

Xatırladaq ki, 44 günlük müharibədən sonra kapitulyant ölkə əsasən Hindistan və Fransa hesabına öz hərbi arsenalını bərpa etməyə çalışır. 

Yusif Bağırzadə Prezidentliyə namizədliyini verdi

 Yusif Bağırzadə

Siyasi ekspert Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın Azərbaycana yönəlik bu səpkili davranışları, müxtəlif məsələlərdən istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparması ilk hal deyil. Bu hər zaman belə olub və bundan sonra da olacaq. Amma indiyə qədər olduğu kimi bundan sonra da bu tip hərəkətlərlə nəyəsə nail olmaları mümkün deyil. Prezidentin yerli televiziyaları verdiyi son müsahibədə də dediyi kimi, bizim gücümüz haqlı olmağımızdadır: “Biz öz fəaliyyətimizdə daim ədaləti və beynəlxaq hüququn norma və prinsiplərini əsas götürərək hərəkət etmişik. Odur ki, Ermənistanın Roma Statutu vasitəsilə Azərbaycana qarşı ”hərbi cinayətlərin araşdırılmasına" çalışması və bu prossesə beynəlxalq prokurorları da cəlb etməsi heç nəyi dəyişməyəcək. 

Təbii ki, rəsmi İrəvanın bu şəkildə davranışları Ermənistan Azərbaycan münasibətlərində normallaşma prossesinə kölgə salır və sülh danışıqlarında vaxtı uzatmağa hesablanıb. Səbəb isə sadədir. Müstəqil olmayan, Ermənistanın maraqlarını deyil, ayrı-ayrı üçüncü ölkələrinin maraqlarını əsas tutan rəsmi İrəvan hələ də öz havadarlarından sülh sazişinin imzalanması üçün razılıq ala bilməyib. Nəyin bahasına olursa olsun regionda təmsil olunmaq və özlərinin Cənubi Qafqaz maraqlarını təmin etmək istəyən güclər Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişini öz maraqlarının təmin olunmasına əngəl kimi görürlər. 

BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında, Beynəlxalq Ədalət Məhkəməsində fiaskoya uğrayan Fransa və digərləri indi Ermənistana sülh prosesini maksimum uzatmaq üçün təzyiqlər edirlər. Ermənistan da bu təzyiqlərə boyun əyərək Minasyanın timsalında sərsəm açıqlamalarla çıxış edir. 

Ermənistanın İsraildən PUA-larla mübarizə məqsədilə avadanlıqlar almasına gəldikdə isə bu hələ ki, arzudur. Və ümumiyyətlə söhbət hərbi avadanlıqlardan deyil, narkotiklərin cəzaçəkmə müəssisələrinin ərazisinə daxil olmasının qarşısını almaq üçün İsrail istehsalı olan xüsusi avadanlıqlardan, yəni müşahidə cihazlarından gedir". 

Siyasi ekspert İsrailin Azərbaycanla münasibətlərə kölgə salacaq addımlar atacağına inanmadığını bildirdi: “Birincisi, yəhudilərin az qala özlərinə ikinci vətən hesab etdikləri Azərbaycanı Ermənistan kimi antisemitizmin kök saldığı bir ölkəyə dəyişməyəcəyi baxımından, ikincisi isə Azərbaycan və İsrail arasında olan uzunmüddətli müttəfiqlik münasibətlərinə görə. Təkcə bir fakt deyim ki, 2016-2020-ci illərdə Azərbaycanın əsas silah idxalının 69 faizi İsrailin payına düşüb ki, bu da həmin dövr üçün İsrailin silah ixracının 17 faizini təşkil edir. Bu gün də vəziyyət təqribən eynidir. Yəni başqa sözlə, Ermənistan və İsrail arasında hərbi sferada ciddi şəkildə yaxınlaşma ümumiyyətlə real deyil. Məsələnin maliyyə tərəfi də İrəvanın xeyirinə deyil. Bilirsiniz ki, İsrail silahları modern, ən müasir silahlardır və qiymətləri də buna görə yüksəkdir. Ermənistanın cılız büdcəsi İsrail silahlarını almaq iqtidarında deyil”.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR