Onlayn ictimai-siyasi qəzet
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov Ermənistan istiqadiyyatı ilə bağlı yalanları ifşa edən araşdırma edib.
Musavat.com həmin araşdırmanı təqdim edir:
Erməni xislətinə bələd olan hər kəs yaxşı bilir ki, bu millətin nümayəndələri yalan danışmağı özlərinə qədimdən peşə seçiblər. Tarix boyu harada yaşamaqlarından asılı olmayaraq, ermənilər çirkin əməllərini reallaşdırmaq məqsədilə, məmnuniyyətlə hər kəsi aldadıb və məmnuniyyətlə hər kəsə xəyanət ediblər. Onlar Osmanlı hakimiyyəti dövründə Türkiyədə, 1905-ci ildən günümüzə qədər Azərbaycanda yalanlara söykənərək nə qədər təxribatlar törətmiş və bizlərə nə qədər faciələr yaşatmışdılar. İndi ermənilərin yalan və xəyanət növbəsi onlara Azərbaycan torpaqlarında dövlət yaratmış Rusiyaya çatıb. Rusiyanı şantaj edib, Qərbə sığınmaq yolunu seçiblər. Bu millət üçün müqəddəs olan heç nə yoxdur. Sabah “lazım bilsələr” Qərbi də Şərqlə əvəz edəcəklər...
Son bir neçə ildir ki, Ermənistan israrla bütün dünyanı iqtisadiyyatının analoqu olmayan bir sürətlə inkişaf etdiyinə inandırmağa çalışır. Hətta Ermənistan baş naziri Nikol Paşinyan bir qədər öncə, Moskvada, Avroasiya İqtisadi İttifaqının toplantısında, cari ilin birinci rübündə ölkəsinin iqtisadiyyatının 12,2% artdığın bəyan etdi.
Bu gün də Ermənistan Dövlət Statistika Komitəsinin yaydığı məlumatlarda cari ilin 7 ayı ərzində bu ölkənin iqtisadiyyatında 10,4% artımın qeydə alındığı bildirilir.
Məsələni araşdırmaq məqsədilə biz Ermənistan Dövlət Statistika Komitəsinin rəsmi saytına daxil olub, bu ölkənin iqtisadiyyatında bəyan edilən artımların köklərini araşdırdıq. Aydın oldu ki, 2020-ci ildə Ermənistan iqtisadiyyatı 2019-cu illə müqayisədə 7,5% geriləsə də 2021-ci ildə iqtisadiyyatda 5,8%, 2022-ci ildə 14,2%, cari ilin 7 ayı ərzində isə 10,4% artım qeydə alınıb.
44 günlük müharibədə ağır məğlubiyyətə düçar olmuş, ordusu darmadağın edilmiş, daxilində siyasi çəkişmələr pik həddə çatmış bir ölkədə iqtisadiyyatın çox az zaman kəsiyində bu qədər sürətlə inkişaf etməsi mümkündürmü?
Apardığımız araşdırmalar göstərdi ki, Ermənistan iqtisadiyyatının sürətli inkişafı haqqında yaradılan fikirlərin heç bir əsası yoxdur. Bu ölkənin iqtisadiyyatında son 3 il 7 ay ərzində qeydə alınan “yüksəliş”, ilk növbədə xarici ticarət dövriyyəsinin ağıla sığmayan bir sürətlə artması nəticəsində baş verib. Belə ki, 2020-ci ildə Ermənistanın ixracı 2537,0 milyon, 2021-ci ildə 3016,0 milyon, 2022-ci ildə 5419,1 milyon, cari ilin 7 ayı ərzində isə 3843,6 milyon ABŞ dolları təşkil edib. Bu ilin sonuna ixracın həcminin 6590,0 milyon ABŞ dollarına çatacağı gözlənilir ki, bu da 2020-ci illə müqayisədə 2,6 dəfə (ötən ilin eyni dövrü ilə müqayisədə 162,1%) artım deməkdir. Eyni qayda ilə idxalın həcmi 2020-ci ildə 4564,0 milyon, 2021-ci ildə 5362,2 milyon, 2022-ci ildə 8775,9 milyon, cari ilin 7 ayı ərzində 6534,0 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 163,0%) təşkil etmişdir. Cari ilin sonuna idxalın həcminin 11200,0 milyon ABŞ dollarına çatacağı gözlənilir ki, bu da 2020-ci illə müqayisədə 2,5 dəfə artım demək olacaqdır.
Bu yerdə daha maraqlı bir fakt Ermənistandan Rusiyaya ixracın son bir neçə ildə görünməmiş sürətlə artmasıdır. Belə ki, əgər Ermənistandan 2021-ci ildə Rusiyaya cəmisi 840,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilmişdisə, 2022-ci ildə bu rəqəm 3 dəfəyə qədər artaraq 2462,8 milyon ABŞ dolları təşkil edib. Bu ilin sonuna Ermənistandan Rusiyaya ixracın həcminin 2020-ci illə müqayisədə 4 dəfədən çox artaraq 3470,0 milyon ABŞ dollarına çatması gözlənilir.
Nə baş verir? Gerçək olan budur ki, Ermənistan iqtisadiyyatındakı “yüksəliş” Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra, bu ölkənin fantastik sürətlə artan idxal və ixracının hesabına əldə olunur. Daha dəqiq desək, əgər Ermənistan iqtisadiyyatı 2022-ci ildə 2020-ci illə müqayisədə 5,8 milyard ABŞ dollar artmışdısa, həmin dövrdə bu ölkədə idxal və ixracın həcmi də eyni səviyyədə - yəni 5,8 milyard dollar artmışdır. Düşünürəm göstərdiyimiz bu əlahəzrət faktlardan sonra əlavə şərhə ehtiyac qalmır. Budur Ermənistan iqtisadiyyatında baş verən “sıçrayışlı inkişaf”.
Amerika Birləşmiş Ştatları başda olmaqla, Qərbin Rusiyaya və ilk növbədə onun hərbi sənayesinə tətbiq etdiyi sanksiyalar Rusiya bazarında bir çox məhsulların, o cümlədən hərbi sənaye üçün lazım olan elektrotexnika və digər məhsulların ciddi çatışmazlığını yaradıb. Təbii ki, bu yerdə Ermənistan Rusiyanın “köməyinə” gəlib. Yəni, Ermənistan artıq 1 il 6 aydan çoxdur ki, Rusiyaya lazım olan həmin məhsulları xaricdən öz ölkəsinə idxal edib, sonradan onları müxtəlif məhsul adları altında Rusiyaya ixrac etməklə məşğuldur. Artıq ABŞ və Almaniya kimi ölkələr bununla bağlı Ermənistan hökumətinə bir neçə dəfə xəbərdarlıq ediblər. Ancaq hələ ki, erməni həyasızlığı öz işini davam etdirir.
Yeri gəlmişkən, əgər Ermənistanın əvəzinə Rusiyaya bu “ayı xidmətini” Azərbaycan göstərmiş olsaydı, indi bizimlə bağlı bütün məsələlərdə, ilk növbədə Qarabağ məsələsində ikili standartlarla söykənib haqsızlıq edən Qərb, Azərbaycana qarşı ən sərt sanksiyalar tətbiq edərdi… Ancaq bu gün Qərb hələ ki, bu məsələ ilə bağlı Ermənistanı yüngül xəbərdarlıq etməklə öz vəzifəsini yerinə yetirmiş hesab edir.
Çox təəssüf ki, sapı bizdən olan, daxildə və xaricdə Azərbaycanın uğurlarında amma axtaran bəzi boşboğazlar Ermənistanın bu “uğurlarını” bayraq edib, ondan “iqtisadiyyatında inqilab etmiş bir ölkə” obrazı yaratmaq istəyirlər. Həmişə belə olur – bütün yalançıların sözləri də əməlləri kimi üst-üstə düşür…
Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ