İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan hakimiyyəti ilə separatçı rejim arasında uçurum dərinləşir

Azərbaycanla sülh bağlamağa həvəsli olan, bu istiqamətdə bir xeyli məsafə qət edən Ermənistanın baş naziri Nikol Paşinyanla “artsax” “lideri” Araik Arutyunyan arasında çəkişmə var. Qarabağdakı separatçı rejim sülhə qarşı olduğunu açıq şəkildə bildirir. Qərb isə hər zaman erməni separatizmini dəstəkləyib. Amma bu gün Avropa İttifaqının timsalında kollektiv Qərb Güney Qafqazda sülh missiyasını üzərinə götürməyə çalışır.

“Biz Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyə doğru sülhün inkişafına sadiq qalırıq”.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

O qeyd edib ki, ABŞ aprelin 6-da Brüsseldə Ermənistan və Azərbaycan rəhbərləri arasında, sülh danışıqlarına hazırlığın müsbət dinamikası və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılması ilə bağlı görüşü alqışlayıb.

Sual olunur: bəs Qərb Arutyunyanla necə rəftar edəcək? Rusiyanın bu məsələdə mövqeyi nədən ibarətdir? Azərbaycan müharibədən sonra yürütdüyü düzgün siyasətlə artıq rəsmi İrəvanla “artsax” arasında parçalanma yaradıb...

Hikmət Babaoğlu: Paşinyan müstəqil siyasətçi deyil, qlobal güc  mərkəzlərinin siyasi layihəsidir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Hikmət Babaoğlu: “Paşinyan Qarabağ separatçılarını Ermənistanın gələcəyi üçün qurban verməyə hazırdır”

YAP-çı deputat Hikmət Babaoğlu ermənilərin getdikcə reallıqlarla daha çox barışacaqlarını qeyd etdi: “Dünya erməniçiliyi və ermənilər öz siyasi tarixlərinin ən faciəvi mərhələsini yaşayırlar. Çünki onların 100 ildən çoxdur ki, qurduqları siyasi romantizm, yaratdıqları illüziya gözlərinin qabağında dağılır və nəhayət, ermənilər reallıqla üzləşməli olurlar. Bu reallıq isə ondan ibarətdir ki, başqa xalqın torpaqları hesabına qurmaq istədikləri ”dənizdən-dənizə dövlət" idealları həmin xalqın erməniləri darmadağın edərək kapituliyasiyaya məcbur etməsi nəticəsində artıq yox olub. Hazırda ermənilər başa düşürlər ki, sən demə dənizlərin öz sahibi, Qarabağın, Zəngəzurun öz həqiqi sahibi var.

Reallığın ikinci acı tərəfi isə ermənilər üçün ondan ibarətdir ki, bu torpaqları və dənizləri onlara verməyi vəd edən, beləliklə də erməniləri siyasi avantüraya sürükləyən böyük hami artıq bu vədini yerinə yetirə bilmir. Paşinyanın etiraf etdiyi kimi, qapalı qapılar arxasında ona deyirlər ki, biz artıq bu məsələdə sizə kömək edə bilməyəcəyik, ancaq ona görə yox ki, etmək istəmirik, ona görə ki, sadəcə edə bilmirik. Bax ermənilərin bütün arzu və istəkləri, qərinələrdir yaratdıqları illüziyalar burada darmadağın olur. Ona görə də isterik vəziyyətdə həm biri-birinə, həm də ətrafa qarşı aqressiya nümayiş etdirirlər. Bu isə həm daxildə ermənilərin parçalanmasına və bir-birinə regional zəmində nifrət etmələrinə səbəb olur, həm də onların ən güclü hesab etdikləri ağalarının məğlubedilməz obrazları dağılır. Bu fonda hərbi cinayətkar Arayik Arutyunyan başına yığdığı separatçı dəstəsi ilə birlikdə hara müraciət etsə də bilir ki, bunun bir nəticəsi olmayacaq. Sadəcə erməni terroru və separatçılığı tarixinin arxivi üçün belə kağızlar hazırlayır.

Paşinyanla Arutyunyan arasında çəkişməyə və bu kontekstdə Qərbin mövqeyinə gəldikdə isə, artıq Ermənistanda hamıya aydındır ki, bu ölkənin gələcəyi Azərbaycanla əldə edəcəyi sülhdən asılıdır və bu sülhə mümkün qədər tez nail olmaq lazımdır. Çünki Azərbaycanın sülh təklifi daima masa üzərində qalmaya bilər və dünyada baş verən kardinal geostrateji proseslər kontekstində elə reallıq yarana bilər ki, Ermənistan hər şeyini, o cümlədən dövlətçiliyini tamamilə itirə bilər. Ona görə də Paşinyan Qarabağ separatçılarını Ermənistanın gələcəyi üçün qurban verməyə hazırdır. Separatçı terroristlər isə bununla barışmaq istəmirlər. Ancaq başqa heç bir çıxış yolları da yoxdur. Çünki nə müraciət etdikləri Rusiya, nə də kollektiv Qərb bir qrup terroristə görə Azərbaycanla münasibətlərini korlamaq istəmirlər. Ona görə yox ki, bu onların beynəlxalq hüquqa və dövlətlərarası münasibətlərə hörmətlərindən irəli gəlir, sadəcə ona görə ki, Azərbaycan güclüdür və onunla hesablaşmamaq doğru qərar olmaz. Baş verənlərin fonunda isə ermənilər arasında ziddiyyətlər daha da dərinləşəcək. Azərbaycan isə hər qarış ərazisində öz suveren hüquqlarını tam bərpa edəcək".

Əhəd Məmmədli: "2022-ci il Azərbaycanda Xənkəndi ili olmalıdır"

Əhəd Məmmədli: “Araikin axırı Rusiyaya qaçmaqla sonuclanacaq”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Arutyunyanın sonunu belə görür: “Qondarma qurumla, İrəvan arasında belə vəziyyətin yaranması Azərbaycanın xeyrinədir. Separatçı rejim Rusiyaya güvənib bu cür addımlar atır. Rəsmi İrəvan isə Qərbə arxalanıb Azərbaycanla sülhə imza atmaq istəyir. Azərbaycanla Ermənistan arasında sülh tək Rusiyaya sərf etmir. Çünki ondan sonra rus sülhməramlılarının keçmiş Dağlıq Qarabağ ərazisində qalmasına ehtiyac duyulmayacaq. Və bununla da Rusiyanın 30 illik manipulə mexanizmi əlindən çıxır. Postsovet məkanında bütün separat ocaqlarının başında Rusiya durur. Erməni separatçılığına da dəstəyi rəsmi Moskva verib. İllərdir Qarabağ konflikti Moskvanın Azərbaycan və Ermənistana təsir mexanizmi olub. Kreml sona qədər çalışacaq ki, bu məsələ maksimum uzansın. Lakin gec-tez düşünürəm ki, Azərbaycan tam istəyinə nail olacaq. Arutyunyanın axırı isə Rusiyaya qaçmaqla sonuclanacaq. Çünki bir azdan onu Ermənistanın özündə də qəbul etməyəcəklər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR