Onlayn ictimai-siyasi qəzet
Ermənistanda vəkillər kütləvi tətil elan ediblər və bu aksiyaya demək olar ki, bütün vəkillər qoşulub.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Vəkillər Palatasının mətbuat katibi Silvi Tiqranyan məlumat yayıb.
Onun sözlərinə görə, yalnız istisna hallarda – məsələn, kimsə barəsində həbs qərarı çıxarıldıqda və təcili hüquqi müdafiəyə ehtiyac yarandıqda vəkil prosesdə iştirak edə bilər. Digər hallarda isə bütün vəkillər tətilə qoşulub. Hazırda onlar məhkəmə binalarının qarşısında aksiya keçirirlər.
Mətbuat katibi bildirib ki, vəkillərin ümumi yığıncağı keçirilir və bundan sonra mətbuat konfransı təşkil olunacaq.
Eyni zamanda, vəkil Sergey Arutyunyan yerli mediaya açıqlamasında tətillə bağlı əsas səbəblərdən birinin vergi qanunvericiliyindəki dəyişikliklər olduğunu qeyd edib.
O vurğulayıb ki, bu dəyişikliklər ciddi mənfi nəticələrə gətirib çıxaracaq:
"Bunun nəticəsində vəkil xidmətlərinin qiyməti şübhəsiz ki, artacaq. Lakin dövlət faktiki olaraq bizə pulsuz hüquqi yardım göstərməyi qadağan edir. Aydın məsələdir ki, məqsəd həm müxalifətə, həm də vəkil icmasına daha çox təzyiq göstərməkdir. Bu isə yeni mənfi nəticələrə gətirib çıxaracaq".
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ