Onlayn ictimai-siyasi qəzet
Ermənistan fevralın 1-dən rəsmən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qoşulub. Bununla da o, Beynəlxalq Cinayət Məhkəməsinin iştirakçısı olan 124-cü, Şərqi Avropa ölkələrindən isə 19-cu dövlət olub.
Qeyd edək ki, ötən il noyabrın 14-də Ermənistan Roma Statutunun ratifikasiya sənədini quruma təqdim edib. 2024-cü il fevralın 1-də isə onun avtomatik qüvvəyə minməsi gözlənirdi.
Noyabrın 15-də xarici işlər naziri Ararat Mirzəyan BCM katibliyinə Ermənistanın 2021-ci il mayın 10-dan məhkəmənin yurisdiksiyasını geri tarixlə tanıyacağı barədə məlumat verib.
Bəs sonra? Bu, Ermənistana nə verəcək? Xüsusən də Azərbaycana qarşı pozucu və təxribatçı hərəkətlər, iddialar üçün, nəhayət danışıqlar prosesini ləngidib vaxt udmaq üçün bir şansmı? Yaxud daha Rusiya prezidenti Vladimir Putin İrəvana gedə bilməyəcək? (BCM-in onun haqda həbs qərarı var). Nəhayət, niyə məhz 2021-ci il mayın 10-dan yurisdiksiya tanınacaq?
Yada salaq ki, rəsmi İrəvan BCM-in Roma Statutuna ən əvvəl Azərbaycanı hərbi cinayətlərdə suçlamaq niyyəti ilə ratifikasiya etdiyini bildirib.
Tanınmış vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a deyib ki, Azərbaycana dost olan və dost olmayan ölkələr var: “Azərbaycana dost olmayan dövlətlərdən ən əsas müdafiə vasitələri beynəlxalq məhkəmələrə üzv olmaqdır. Xüsusilə də qonşularımız həmin məhkəməyə üzv olurlarsa, bizim də bu məhkəməyə üzvlüyümüz üçün zərurət var. Beynəlxalq qurumların üzvü olan dövlətin beynəlxalq aləmdə hörməti olur. Azərbaycanın Ermənistan başda olmaqla İran və Rusiya ilə münasibətləri yaxşı deyil. Bizə beynəlxalq müdafiə vasitələri lazımdır”.
Əsabəli Mustafayev deyib ki, Qarabağdan köçən ermənilər mülkiyyət hüququnun pozulması ilə bağlı Avropa Məhkəməsinə yüzlərlə şikayət yollayıblar: “Bizdən isə bu qəbildən olan şikayətlər Avropa Məhkəməsinə demək olar ki, göndərilmir. Qarabağdan didərgin salınan vətəndaşlara müraciət etmişdim ki, onlara təmənnasız hüquqi xidmət göstərməyə hazırıq. Amma nə baş verir? Ermənilərin Qarabağda dağıtdıqları evlərimizi, qəbirstanlıqlarımızı heç bir sənədləşmə aparmadan abadlaşdırma adı altında yerlə bir edirlər. Bu isə gələcəkdə Azərbaycan üçün çox böyük problemlər yaradacaq. Çünki Qarabağda erməni vandalizminin izlərini özümüz itiririk. 1-ci Qarabağ Müharibəsindən sonra ermənilər Avropa Məhkəməsinə 5 mindən artıq şikayət göndərmişdilər. Azərbaycandan isə 20 vətəndaşımızın şikayətini mən, 15-ni də digər vəkillər göndərmişdilər. 5 min şikayətə qarşı cəmi 35 şikayət göndərilmişdi Azərbaycandan. Avropa Məhkəməsi o zaman nəzərə aldı ki, biz tərəfdən verilən şikayətlərin 1-ni qəbul edib qərar çıxarsaydı, presedent hüququ əsasında 10 minlərlə Azərbaycan vətəndaşı həmin qərara istinad edib hüquqlarının bərpasını tələb edəcək. Ona görə də hər iki tərəfin şikayətini qəbul edib baxmadı. O zaman 35 iş göndərilməsəydi, indi də Avropa Məhkəməsi ermənilərin Azərbaycana qarşı iddialarına baxırdı və bizi çökdürə bilərdilər. Azərbaycana beynəlxalq mühafizə hava-su kimi lazımdır. Çünki bu gedişatla Azərbaycana qarşı ermənilərin beynəlxalq müstəvidə basqıları artacaq. Bunun qarşısını almaq üçün bu gündən beynəlxalq məhkəmələrə üzvlük məsələləri həll edilməlidir”.
Əsabəli Mustafayev bildirib ki, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyü Rusiya prezidentinin Ermənistana yolunu bağlayır: “Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinə üzvlük üçün müraciət edərkən Vladimir Putinin Ermənistana girişinin bağlanması ilə bağlı belə şərh verdilər ki, bu hüququ istisna edirlər, istifadə etməyəcəklər. Ermənistan BCM üzvlüyünə qəbul ediləndən sonra isə Ermənistan mətbuatında məlumatlar yayılır ki, artıq Ermənistan rəhbərliyində fikir var ki, Putin ölkələrinə səfər edərsə, həbs olunacaq. Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin barəsində həbs qərarı çıxarıb. Haaqa tribunalının Putin barəsində qərarı Rusiya prezidentinin Ukraynada apardığı müharibə ilə əlaqədardır. Bundan sonra Rusiya tərəfi Beynəlxalq Cinayət Məhkəməsinin həmin qərarı çıxaran hakim və prokurorlar barədə cinayət işi başlayıb, onları axtarışa verib. Ermənistan hakimiyyəti bu qərardan öz maraqlarına uyğun istifadə edir. Bilirlər ki, Vladimir Putin Ermənistana gəlsə, orada olan 5-ci kolon hərəkətə gələ və hakimiyyətə ciddi problemlər yarana bilər. BCM-in qərarı Ermənistanın özünü hüquqi cəhətdən qoruması üçün istifadə olunur. Azərbaycanın da özünü hüquqi cəhətdən qorumaq, sığortalamaq üçün BCM-in üzvü olmalıyıq ki, hansısa bir hərbi təcavüz, terrorla üzləşdikdə beynəlxalq səviyyədə adekvat addımlar ata bilək”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ