İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan “bataqlıq”dan çıxış yolu axtarır: İrəvan Türk İttifaqı və Rusiyaya eyni vaxtda sığınmaq istəyir

Rəsmi İrəvan bir tərəfdən Türk İttifaqı ilə ziddiyyətləri nizamlamağa çalışır, digər tərəfdən isə Kremllə pozulmuş münasibətlərin bərpasına cəhd göstərir, Rusiyanın cəzasından yayınmaq niyyəti güdür... Paşinyan hakimiyyəti hətta Qərbə ümidlər tamamilə tükənərsə, Ermənistanı yenidən sürətlə Rusiyanın “təhlükəsizlik çətiri” altına qaytarmağa hazır olduğunu da sezdirir...

Cənubi Qafqaz uğrunda mübarizənin yeni istiqamətləri geopolitik proseslərə birbaşa təsir göstərməyə başlayıb. Belə ki, cəmisi bir neçə ay əvvələ qədər bu regiona xüsusi maraq göstərən, gələcəyə yönəlik strateji planlar quran bəzi beynəlxalq siyasi iradə mərkəzləri indi tamamilə fərqli problemlərlə qarşı-qarşıya qalmış kimi görünürlər. Və bu yeni situasiya isə ilk növbədə Ermənistanı “qaranlıq tunel”ə doğru sürükləyir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan son vaxtlara qədər ABŞ və Qərbdən pozitiv mesajlar gözlədiyini qətiyyən gizlətmirdi. Paşinyan hakimiyyəti xüsusilə də, Avropa Birliyinin Ermənistan üçün daha etibarlı təhlükəsizlik sisteminin yaradılmasına nail olacağına ümid bəsləyirdi. Və indi rəsmi İrəvanın həm ümidləri, həm də gözləntiləri bir-birinin ardınca boşa çıxmağa başlayıb.

409bf1e37358a63ea5e831c1f5caa4d7.jpg (114 KB)

Əslində, qlobal proseslərin məzmun və istiqamətlərinə diqqət yetirdikdə, bu, qətiyyən təəccüb doğurmur. Çünki son vaxtlara qədər Ermənistana genişmiqyaslı dəstək verən ABŞ, Avropa Birliyi və Fransa arasında strateji ortaqlıq artıq mövcud deyil. ABŞ və Avropa Birliyi arasında siyasi-iqtisadi, eləcə də, strateji hədəflərə bağlı ziddiyyətlər hazırda maksimum həddə qədər kəskinləşib. Fransanın isə yalnız ABŞ-la deyil, hətta üzv olduğu, avanqard mövqeləri ələ keçirtməyə çalışdığı Avropa Birliyi ilə də ciddi ziddiyyətləri mövcuddur. Və bu baxımdan, rəsmi İrəvan Ermənistana geopolitik müstəmləkə kimi yanaşan Qərbdən indi umduğu dəstək mesajlarını ala bilmir.

Məsələ ondadır ki, ABŞ, Avropa Birliyi və Fransanın siyasi prioritetləri ciddi şəkildə dəyişməyə başlayıb. Ermənistan həmin prioritetlərdə yer almadığından, indi rəsmi İrəvan beynəlxalq ermənipərəstlərin yadına belə, düşmür. İndi bir-biriylə qarşıdurma vəziyyətində olan bu “üçlük” öz qlobal maraqlarını qorumağa yönəlik fəaliyyətə daha çox üstünlük verirlər. Bu səbəbdən də, son illərdə Rusiyadan qaçıb, Qərbə sığınmaq siyasəti yürüdən Ermənistan demək olar ki, himayəsiz, daha doğrusu, sahibsiz buraxılıb.

Təbii ki, rəsmi İrəvan sahibsiz qalmağa, təlimatsız qərarlar qəbul etməyə vərdişli olmadığından indi ciddi çaşqınlıq içərisindədir. Üstəlik, bu çaşqınlıq Ermənistan siyasi elitasında ciddi xof olaraq, nəzərə çarpır. Paşinyan hakimiyyəti ABŞ, Avropa Birliyi və Fransanın Ermənistana təhlükəsizlik təminatı verməyəcəyini artıq anlayır. Eyni zamanda, Kremlin də rəsmi İrəvanın Rusiyaya xəyanətini bağışlamayacağına əmindir. Və Paşinyan hakimiyyətini indi ən çox qorxudan məqam da bununla bağlıdır.

09b42f4e-9643-41d5-9767-33a583ce5dbf.jpg (88 KB)

Çünki Azərbaycanla hərbi qarşıdurma şəraitində Kremlin Ermənistana verəcəyi cəza erməni dövlətçiliyinin ləğv variantına qədər inkişaf edə bilər. Üstəlik, son vaxtlar ABŞ-Rusiya yaxınlaşması Ermənistanın yenidən Kremlin nəzarətinə qaytarılma ehtimalını artırıb. Yəni, belə davam edərsə, Rusiya Ermənistanın taleyini təkbaşına təyin etmək imkanları qazana bilər. Bu təhlükənin o qədər də uzaqda olmadığını anlayan rəsmi İrəvan ciddi şəkildə çıxış yolları axtarır. Və Ermənistan üçün bu situasiyadan xilas variantlarının sayı o qədər də çox deyil.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti qarşısında olan xilas variantlarından birini artıq istifadə etməyə başlayıb. Belə ki, rəsmi İrəvan Azərbaycan və Ermənistan arasında müzakirə edilən yekun sülh sazişinin mətnini ilə tam şəkildə razılaşıb. Halbuki, son vaxtlara qədər Paşinyan hakimiyyəti müxtəlif siyasi manipulyasiyalar ilə sülh prosesini mümkün olduqca uzatmağa çalışırdı. Və indi qlobal dəyişikliklər Ermənistanı sahibsiz buraxdığından, rəsmi İrəvan Azərbaycanla savaş təhlükəsindən yayınmağa daha çox üstünlük vermiş kimi görünür.

Digər tərəfdən, Paşinyan hakimiyyəti Azərbaycanla sülh sazişinin imzalanma ehtimalını artırmaqla, həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına da münbit şərait şərait yaratmış olur. Çünki Azərbaycanla yekun sülh sazişi imzalanmadan, rəsmi Ankara Türkiyə və Ermənistan arasında münasibətləri yeni mərhələyə keçirtmək niyyətində olmadığını açıq şəkildə bəyanlayıb. Bu baxımdan, rəsmi İrəvan Türk İttifaqı ilə münasibətləri qaydasına qoymaqla, Ermənistanı həm savaş təhlükəsindən yayındırmağı, həm də indiki “blokada bataqlığı”ndan çıxartmağı hədəfləyir.

87be9dbe-1472-4502-86da-bbed61c6c597.jpg (314 KB)

Nəhayət, rəsmi İrəvan Kremllə də pozulmuş münasibətlərin bərpasını vacib hesab edir. Ona görə də, Azərbaycanla yekun sülh sazişinin mətni razılaşdırıldıqdan dərhal sonra baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edərək, bu barədə ona geniş məlumat verdi. Yəni, rəsmi İrəvan Kremllə müttəfiqlik çərçivəsində davrandığı barədə əminlik yaratmağa can atır. Çünki erməni baş nazir Kreml sahibinin 9 may qələbə paradında iştirak dəvətini də qəbul edib. Halbuki, son vaxtlara qədər Paşinyan hakimiyyəti müxtəlif bəhanələrlə Moskvaya səfərlərdən, hətta Rusiya ilə təmaslardan belə, yayınmağa cəhd edirdi. Və bu, o deməkdir ki, rəsmi İrəvan Kremlin mərhəmətinə indi böyük ehtiyac duyur.

Ancaq Paçinyan hakimiyyətinin paralel davranışları rəsmi İrəvanın ABŞ, Avropa Birliyi və Fransadan ümidini tamamilə kəsmədiyini göstərir. Belə ki, Kreml sahibi ilə telefon danışığından sonra erməni baş nazir Fransa da daxil olmaqla, bəzi Qərb ölkələrini də eyni mövzuda məlumatlandırıb. Yəni, Kremlin orbitinə geri dönmək məcburiyyətindən məmnun olmayan rəsmi İrəvan Qərbdən pozitiv dəstək mesajları gözlədiyini biruzə verir. Və bu baxımdan, Ermənistanın hələ də “xaotik xarici siyasət”dən tam imtina etmədiyi inkaredilməz reallıqdır.

Göründüyü kimi, rəsmi İrəvan Ermənistanın xilasını əsasən iki variantın paralel istifadəsi üzərində qurmağa çalışır. Yəni, bir tərəfdən Türk İttifaqı ilə ziddiyyətləri nizamlamağa çalışır, Ermənistanı “blokada bataqlığı”ndan çıxartmağa can atır. Digər tərəfdən isə Kremllə pozulmuş münasibətlərin bərpasına cəhd göstərir, Rusiyanın cəzasından yayınmaq niyyəti güdür. Hətta Qərbə ümidlər tamamilə tükənərsə, rəsmi İrəvan Ermənistanı yenidən Rusiyanın “təhlükəsizlik çətiri” altına qaytarmağı da ehtiyat variant kimi aktiv saxlayır. Və bu halda, Kremlin rəsmi İrəvandan Qərbə intqerasiya istiqmətində atılmış bütün addımlardan dərhal imtina olunmasını tələb edəcəyi də qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR