Onlayn ictimai-siyasi qəzet
“Əvvəllər də bildirmişdik ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşməsi mürəkkəb bir prosesdir və sərhədlərin demarkasiya, delimitasiyası həll olunmadan sülh müqaviləsinin bağlanması mümkün deyil”.
Bunu ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının qarşıdakı görüşü barədə Musavat.com-a açıqlamasında deyib.
Ermənistanın xəritə söhbətini vaxtaşırı ortaya atmasından bəhs edən ekspertin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında indiyədək dövlət sərhədi olmadığından SSRİ-nin mövcud olduğu bütün dövrlərdə Ermənistan Azərbaycan SSR-in müxtəlif ərazilərini özünə birləşdirə bilib:
“Prezident İlham Əliyev son müsahibəsində məhz bunları dilə gətirdi. Haqlı olaraq sual ortaya çıxır. Nəyə görə Ermənistan sərhədlərin təyin olunmasının 1970-ci illərin xəritəsinə əsasən müəyyən edilməsini istəyir? Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Varislik haqqı tələb edir ki, AXC-nin sahib olduğu hər şey 1991-ci ildə müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasına aid edilsin. Buna ilk növbədə sələfimizin ərazisi aid edilməlidir. Belə olmasa, biz nə üçün varisliyi elan etmişik?”
Politoloq bildirib ki, Ermənistan məhz bu beynəlxalq haqqımızın tanınmasından qorxur:
“Çünki Ermənistan Batum sazişi ilə (1918, 4 iyun) 9 min kvadratkilometr ərazidə elan olunub və onun ərazisinin 29,8-ə qədər genişlənməsi sovet hakimiyyəti illərində baş verib. Bu isə qanunsuz əldə edilmiş ərazilərdir. 1970-ci illərdə artıq Ermənistanın ərazisi indi səsləndirilən həmin 29,8 minə yaxın olub və ondan əvvəlki illərdə Ermənistanın ərazisi haqqında bu rəqəm səsləndirilmir. Bu səbəbdən hər hansı xəritə ilə sərhədlərin müəyyən edilməsi qüsurlu olardı və bu, gələcəkdə ərazi münaqişələrinin qalması demək olacaq”.
Qafar Çaxmaqlı qeyd edib ki, Ermənistan zəbt olunmuş və ya qanunsuz şəkildə Ermənistana verilmiş Azərbaycan ərazilərindən çıxmalıdır, imtina etməlidir:
“Bu tələb hazırda işğal altındakı 8 Azərbaycan kəndinə və 1 “erməni kəndi”nə ( Gədəbəyin Başkəndinə) şamil edilməlidir”.
N.Paşinyanın sonuncu absurd iddialarına gəldikdə, politoloq deyib ki, Paşinyanın Ermənistanın Azərbaycan torpaqları içində 32 kəndinin olması barədə iddiası cəfəngdir:
“Ermənistanın özündə belə bu iddia gülüşlə qarşılandı. Sərhədləri hər hansı xəritə ilə müəyyən etmək mümkün deyil. Bu işin çox uzanacağını Ermənistanda da qəbul etməyə məcburdurlar, bağlanacaq sülh müqaviləsi isə iki ölkənin barışa müsbət yanaşması kimi qəbul edilməlidir, bu iş - sərhədlərin müəyyənləşməsi sonra da həyata keçirilə bilər. Bu, Ermənistana sülhdən qaçmaq üçün növbəti bəhanə olmamalıdır, Ermənistandakı müzakirələrdə belə bir ovqatın olması hiss olunur. Ermənistan və Azərbaycanın baş nazir müavinləri səviyyəsində görüşlər zamanı razılaşmaların önəmli hissəsinin həlli baxımından irəliləyiş olduğu bəllidir və bu da ikili təmasların yaxşı bir örnəyidir. Sülh sazişi üçün də vasitəçiyə ehtiyacın olmayacağını Ermənistan enində-sonunda anlayacaq”.
Qafar Çaxmaqlı hesab edir ki, Ermənistan Azərbaycanın qərb rayonlarının Naxçıvanla əlaqəsi ilə bağlı Qərbi Zəngəzurdan kommunikasiya vasitələrinin açılması, dəhliz öhdəliyini yerinə yetirməsə, Prezidentin də dediyi kimi, Ermənistanla sərhədlərin açılması mümkün olmayacaq:
“Bunun özü də danışıqlar predmetidir və son günlər Ermənistan rəsmilərinin dilindən müəyyən yumşalma və “variantlar”ın səsləndirilməsinin şahidi oluruq. Əslində barış və kommunikasiyaların açılması Ermənistana lazımdır.”
E.Paşasoy,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ