İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənipərəst Menendezdən xəbər var- karyerası bitir!

 

Korrupsiyada təqsirli bilinən senator Bob Menendez avqustun 20-də senator vəzifəsindən istefa verəcək.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Nyu Cersili demokrat cümə günü bildirib ki, o, müstəqil namizəd kimi seçkilərdən geri çəkilir və siyasi karyerasına son qoyur.

Qeyd edək ki, Menendezin 70 yaşı var. O 2006-cı ildən senator postundadır. Keçən ay Nyu-York məhkəməsi senatoru qəsb etməkdə, ədalət mühakiməsinə mane olmaqda və Misir və Qətərlə əlaqəsi olan iş adamlarına xidmət göstərmək üçün rüşvət almaqda təqsirli bilib. Oktyabrın 29-da Menendezə hökm oxunacaq və o ömrünün qalan hissəsini həbsdə keçirə bilər.

Menendezin həyat yoldaşı Nadine Arslanyan də ittiham olunur. O, döş xərçəngindən müalicə aldığı üçün işinə ayrıca baxılacaq. Onun Nyu-Cersidəki evində axtarış zamanı FTB agentləri evdə gizlədilən təxminən yarım milyon dollar nağd pul, həmçinin təxminən 150 min dollar dəyərində qızıl külçələr və dəbdəbəli Mercedes-Benz kabriolet tapıblar.

Xatırladaq ki, ötən ay münsiflər heyətinin qərarından sonra Nyu Cersi senatoru Manhetten məhkəməsinin qarşısında ittihamları qəti şəkildə rədd etdi. Keçmiş Federal prokuror Neama Rəhmani mətbuata açıqlamasında bildirib ki, bu, tarixi hökmdür, çünki senator Menendez təkcə, korrupsiyada deyil, həm də xarici hökumətin agenti kimi fəaliyyətdə ittiham olunur. Rəhmani qeyd edib ki, senator illərini dəmir barmaqlıqlar arxasında keçirə bilər: “Bəzi maddələr üzrə maksimum cəza 20 il həbs cəzasıdır. Bu ittiham və hökm Bob Menendez kimi nüfuzlu və yüksək rütbəli senator da daxil olmaqla, heç kimin qanundan üstün olmadığını göstərir. Əgər qanunu pozsan, rüşvət alsan, həbs ediləcəksən və məhkum olunacaqsan”,- deyə o bildirib.

Nigar HƏSƏNLİ,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR