İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənipərəst konqresmenlər Bakıya qarşı yeni təxribat hazırlığında - gələn həftə...

Azərbaycan nə etməlidir? Abutalıb Səmədov: “Biz erməni lobbisi ilə rəqabətdə uduzuruq, ancaq...”

ABŞ-ın erməni yanlı konqresmeni Adam Şiff 2023-cü maliyyə ili üçün Təsisatlar Aktına düzəliş təqdim edib və Azərbaycanı “erməni əsirləri və mülki şəxsləri” dərhal azad etməyə çağırıb. “Armenpress” xəbər verir ki, bu barədə Amerika “Hay Dat” Komitəsi məlumat yayıb.

Bildirilir ki, onlarla konqresmen “698 saylı düzəlişi” dəstəklədiyini bildirib. “Hay Dat”ın ABŞ-dakı nümayəndə heyəti gələn həftə Nümayəndələr Palatasının Prosedurlar Komitəsində müzakirə zamanı “698 saylı düzəliş”ə dəstəyi artırmaq üçün böyük səylər göstərdiyini söyləyib.

Milli Təhlükəsizlik Ayrılmaları Aktına edilən düzəlişlər komitə tərəfindən qəbul olunarsa, o zaman sənəd ABŞ Konqresinin Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq. Yəni Azərbaycana qarşı bu növbəti ədalətsiz sənəd layihəsi komitədən və Palatadan keçməlidir.

Qeyd edək ki, bu, erməni lobbisinin çörəyini yeyən konqresmenlərin Azərbaycana qarşı ilk təxribatı deyil. Həmin o Adam Şiffin arvadı isə ermənidir. Rəsmi Bakı bununla bağlı hansısa ön tədbirlər görəcəkmi, görməlidirmi? Düzəliş qanun qüvvəsi alsa, Azərbaycana hansı təsirləri mümkündür?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, ABŞ konqresmeninin bu təşəbbüsü bizim üçün yeni deyil: “Erməni əsirlərlə bağlı məsələ də dəfələrlə qaldırılıb. Üstəlik, Azərbaycanı erməni əsirlərinə işgəncə verməkdə, onları qətlə yetirməkdə, başlarını kəsməkdə günahlandırıblar. Bu, hətta ABŞ Konqresinin hər iki Palatasından keçmiş "Milli müdafiə haqqında" qanunda öz əksini tapmışdı və həmin sənədi ötən il dekabrın sonunda Prezident Bayden imzalamışdı. Həmin qanunda tələb olunurdu ki, üç hesabat hazırlansın. 6 ay ərzində bu hesabat hazırlanmalıydı. Artıq bu müddət bitib. Pentaqon və Dövlət Departamenti həm Türkiyənin ”Bayraqdar" dronları ilə bağlı hesabat hazırlamalı idi, həm guya Azərbaycanın müharibədə muzdlulardan istifadə etməsi ilə bağlı, həm də Azərbaycanın Qarabağda “törətdiyi əməllər”lə bağlı hesabat hazırlanmalı idi.

Partiya sədrindən antimilli açıqlama – "Ermənilərin bizə etdiklərini  unutmalıyıq" — VİDEO - Günün Səsi

Abutalıb Səmədov 

İndi bunu ermənipərəst konqresmenlər başqa cür ifadə edirlər. Azərbaycanın “Qarabağda törətdiyi cinayətlərlə bağlı hesabat” deyirlər. O hesabatın təqdim olunma müddəti artıq bitib. Hər halda, bugünlərdə məsələ Konqresin müvafiq komitəsində müzakirə olunar. Bunların qarşısını almaq üçün hakimiyyət çalışmalıdır, əlindən gələni eləməlidir. Hərçənd etiraf etməliyik ki, bu cür cəhdlərin qarşısının alınmasında imkanlarımız kifayət qədər məhduddur. Biz erməni lobbisi ilə rəqabətdə uduzuruq. Ancaq hər halda, Azərbaycanın həm hakimiyyəti, həm diasporu, həm səfirliyi, həm siyasi partiyaları, hüquq-müdafiə təşkilatları bütün mümkün imkanlarını işə salmalıdır ki, ABŞ-da səsimiz eşidilsin. Bakıdakı ABŞ səfirliyi ilə təmaslar artırılmalı və etirazımızı indidən ciddi şəkildə çatdırmalıyıq. Belə bir qanunun qəbul olunmasının ABŞ-Azərbaycan münasibətlərinə ciddi mənfi təsir göstərəcəyini arqumentlərlə bildirmək vacibdir".

Sözügedən qanun qəbul olunarsa, Azərbaycana hansı təsirinin olacağına gəlincə, A.Səmədov hesab edir ki, Azərbaycana heç bir təsiri olmayacaq: “Bundan əvvəlki "Milli müdafiə haqqında" qanunda daha çox müddəalar var idi, bizi daha çox günahlandırırdılar. İndi isə erməni əsirləri dərhal azad etməyə çağırırlar. Azərbaycanda isə erməni əsir yoxdur. Hansısa cinayətə yol vermiş erməni təxribatçısını isə kimlərinsə çağırışı ilə dərhal azad etmək öhdəliyimiz də yoxdur. İndiyə qədər xoş məram nümayiş etdirib onların bir hissəsini azad etmişiksə, bəlkə qalanları da gələcəkdə tədricən azad olunar. Lakin bu, kənardan kimsənin göstərişi ilə deyil, Azərbaycan hakimiyyətinin iradəsi ilə baş verəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR