İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin vertolyotla birgə qəzaya “düşən” ümidi – Haylar öz hayında...

“Xain xoflu olar”. Təəssüf ki, bədxah və bədniyyətli qonşularımız ermənilərin xisləti dəyişmək bilmir. Onlar dünən İran prezidenti İbrahim Rəisinin olduğu vertolyotun qəzaya uğramasına da öz ənənəvi “arşınları” ilə qiymət və rəng verməkdədirlər.

Təbii ki, özlərinin xəstə düşüncə tərzinə xas surətdə yeri gəldi-gəlmədi Azərbaycanı şərləmək, qaralamaq cəhdləri də öz yerində.

Qısası, dünyada, bölgədə nə baş verir-versin, haylar öz hayında, öz virtual aləmlərindədirlər. Keçək mətləbə...

“Bu (vertolyot qəzasının yaratdığı yeni durum – red.) bizim üçün də təhlükəlidir. Çünki İran ola bilsin, Qafqazdakı “qırmızı xətləri”ni bir müddət tam müdafiə edə bilməyəcək”.

Musavat.com xəbər verir ki, bunu ermənilərin tanınmış politoloqu Stepan Danielyan öz sosial şəbəkə hesabında yazıb.

Danielyan davamında bildirir: “İsrailin Qəzza zolağının fələstinlilərdən tam təmizlənməsi, yəni etnik təmizləmə aparmaq üçün ən azı üç ay vaxtı var. Məsələ ondadır ki. İranda çox ciddi daxili siyasi dəyişikliklər başlayıb və bu müddət ərzində Tehran xarici təhdidlərə kəskin cavab verə bilməyəcək. Bu, ərəb ölkələri üçün problemdir. Çünki onlar fələstinliləri müdafiə etməyi əsas missiyanı üzərinə götürmüş İranın arxasında gizlənə bilməyəcək. İndi əsas məsuliyyət ərəb ölkələrinin üzərinə düşür. Bu, bizim üçün də təhlükəli dövrdür: İran Qafqazdakı “qırmızı xətləri”ni tam qoruya bilməyəcək...”

Aydındır ki, təlaş Zəngəzur dəhlizi ilə bağlıdır...

Digər erməni politoloq Beniamin Matevosyan Telegram kanalında qeyd edir ki, “İran prezidenti İbrahim Rəisinin vəfatı Ermənistan üçün açıq-aydın yaxşı heç nə vəd etmir”. Çünki Matevosyan hesab edir ki, İbrahim Rəisi regionda mövcud sərhədlərin dəyişdirilməsinin ardıcıl əleyhdarı olub, amma indi İranda yeni prezident seçkisinədək Ermənistanı ən azı 50 günlük siyasi qeyri-müəyyənlik və təlatümlərlə üzləşə bilər. Yəni guya Azərbaycan Ermənistana hücuma həvəslənə bilər.

Onun sözlərinə görə, 19 may faciəsindən sonra Cənubi Qafqazda geosiyasi qarışıqlıq daha qabarıq cizgilər qazanıb.

“Hadisə ilə bağlı indiki vəziyyətdə çoxlu suallar var: bu, Təl-Əvivin Tehranın İsrailə hücumuna cavabı ola bilərdimi? Rəisinin İlham Əliyevlə görüşdən sonra ölməsi təsadüfdür, yoxsa? (?! – red.) Doğrudanmı, Rəisi Əliyevlə görüşmək yerinə bir gün əvvəl Ermənistana səfərə gələcəkmiş?

Niyə Çin və Rusiya ilə yaxınlaşmanın ardıcıl tərəfdarları son vaxtlar “problemlər” yaşayır: Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, Slovakiyanın baş naziri və indi də İran prezidenti? Bu bəlkə də cavablarını heç vaxt bilməyəcəyimiz suallardır. Lakin istənilən halda Ermənistanda vəziyyət bununla yaxşı olmayacaq”, - erməni politoloq yazıb.

Kapitulyant ölkədə bu qəbil bütün təlaşlardan, qorxu-ürküdən qurtulmağın yolu isə çoxdan bəlli: Ermənistanın uzaq güclərin əlində maşa olmaqdan və qonşu ölkələrə qarşı əsassız torpaq iddialarından imtina edib real suverenliyə nail olması, Azərbaycan və Türkiyə ilə təcili sülh müqavilələri imzalayıb dinc-yanaşı yaşamağa başlaması.

Şərtlər bəlli. Ən əsası, bu şərtlər İranda kimin prezident postunu tutmasından asılı olmayaraq, dəyişməyəcək. Heç vaxt...

 

Siyasət şöbəsi,
Müsavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR