İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin sərhəddəki kəndlərdən köçünün səbəbi

Polkovnik: “Ermənistan hakimiyyəti bilməlidir ki, Azərbaycanla sülh müqaviləsi imzalamadıqca, bu fəlakət get-gedə genişlənəcək”

Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarının - Qeqarkunik, Tavuş və Sünikin sakinləri kütləvi şəkildə evlərini tərk edirlər.

Musavat.com xəbər verir ki, bu ölkənin Statistika Komitəsinin məlumatına görə, son beş ildə sərhəd ərazilərindən 40 minə yaxın insan köçüb. Bir çox kəndlər tamamilə boşalıb.

Axının səbəbləri göz qabağındadır: baş verənlərdən dərin məyusluq, gələcəyə dair qeyri-müəyyənlik və yığılmış sosial problemlər.

Gedənlər yaxınlarına etiraf edirlər ki, 44 günlük Qarabağ müharibəsindən sonra sərhəd bölgələrində qorxu və bədbinlik daha da güclənib və bu, kütləvi köçə səbəb olub.

Kənddə hələ də yaşayanlar bunları deyirlər: “İnsanlar müharibədən sonra məyus olduqları üçün gedirlər. Yaşam üçün ən zəruri şeylər çatışmır”.

Statistikaya görə, 2019-cu ilin yayında Qeqarkunikdə 230 minə yaxın insan yaşayırdı ki, onların da əksəriyyəti kəndlərdə məskunlaşmışdı. Lakin pandemiya, 44 günlük müharibə və Azərbaycanla sərhəddəki müntəzəm toqquşmalar vəziyyətə xeyli təsir edib: regionun əhalisi 13 min nəfər azalıb.

Sevan sakinləri qeyd edirlər ki, gənclərin əksəriyyəti İrəvana köçməyə üstünlük verir, çünki Sevanda iş yeri çox azdır, dövlət müəssisələri isə ümumiyyətlə, yoxdur. Qeqarkunik rəsmi statistikaya görə, Ermənistanın ən yoxsul rayonlarından biridir: burada hər üçüncü şəxs yoxsulluq həddində yaşayır və ifrat yoxsulluq səviyyəsi ölkədə ən yüksək həddədir.

"AzadlıqRadiosu"nun erməni xidmətinin müxbiri ilə söhbətlərində Qeqarkunik sakinləri şikayət edirlər ki, həyat getdikcə çətinləşir: insanlar getdikcə yoxsullaşır, fəlakətli pul çatışmazlığı var və ildən-ilə sağ qalmaq çətinləşir. Onların fikrincə, hökumət bu problemləri həll etmək iqtidarında deyil.

Hərbi polis də NATO standartlarına uyğun qurulmalıdır” – Keçmiş hərbi polis  rəisi

 Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bilirdi ki, 44 günlük Vətən müharibəsində Ermənistan Silahlı Qüvvələri arsenalının 70 faizini itirdi: “Sərhəd zonasında son zamanlarda atəşkəsin pozulması halları baş verir. Sərhədlər hələ tam müəyyənləşməyib, sülh müqaviləsi imzalanmayıb. Ermənistan əhalisində müharibədəki məğlubiyyətdən sonra bir qorxu sindromu əmələ gəlib. 2020-ci ilədək onlar özlərini qalib, məğlubedilməz, qorxmaz bir xalq kimi hiss edirdilər. 2020-ci ildə 44 günlük müharibədən sonra və 2023-cü ilin sentyabrından sonra ermənilərdə özləri haqda tamamilə bunun əksi olan fikir formalaşdı. Bu da onlarda qorxu hissini dərinləşdirir. Ermənistanın Azərbaycanla şərti sərhədlərə yaxın yaşayış məntəqələrində yaşayan ermənilərin köçməsi həm də bununla bağlıdır ki, ermənilər öz ölkələrinin kənar güclərin iradəsindən asılı olduğunu, hakimiyyətlərinin istənilən an asılı olduğu kənar güclərin sifarişi ilə hərbi avantüraya, Azərbaycanla hərbi qarşıdurmaya gedə biləcəyini düşünürlər. Və əmindirlər ki, rəsmi İrəvanın bu addımına güclü Azərbaycan dövləti çox sərt cavab verəcək. Ona görə də erməni əhali nə qədər ki, gec deyil köçmək, sərhədboyu ərazilərdən uzaqlaşmaq yolunu seçir. Yəni əslində erməni əhali öz hökumətlərindən, sınıq-salxaq ordularından arxayın deyil. Onlara təhlükə öz hakimiyyətləridir. Ona görə köçürlər. Şübhəsiz ki, köç prosesinə iqtisadi durumun get-gedə çətinləşməsi faktoru da təsir göstərir”.

Ekspert vurğuladı ki, Azərbaycan tərəfi vaxtaşırı olaraq Ermənistana sülh sazişi imzalamaq çağırışı edir. Lakin Ermənistan hakimiyyəti bu çağırışlara müsbət cavab vermir. Əksinə, tez-tez atəşkəsi pozurlar, sərhədlərin delimitasiya və demarkasiya prosesi irəliləmir, İrəvan süni yolla uzadır. Erməni əhali bu vəziyyəti və tendensiyanı izləyir və qorxu hissi onlarda daha da dərinləşir: “40 mindən artıq insanın kəndləri tərk edib köçməsi Ermənistan üçün fəlakətdir. Onu da qeyd edim ki, köçənlərin çoxu Ermənistanı da tərk edib xarici ölkələrə üz tutur. Günahkar isə Ermənistan hakimiyyətidir. Ermənistan hakimiyyəti bilməlidir ki, Azərbaycanla sülh müqaviləsi imzalamadıqca, bu fəlakət get-gedə genişlənəcək. Bu fəlakətli prosesin dayandırılmasının yeganə yolu revanşizmdən imtina etmək, sərhədlərin müəyyənləşdirilməsi, sülh müqaviləsinin imzalanması, Zəngəzur yolunun açılmasıdır. İrəvan bu addımları atsa, Ermənistan əhalisinin, əsasən də sərhədə yaxın ərazilərdə yaşayan əhalinin iqtisadi vəziyyəti də get-gedə yaxşılaşacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR