İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin qayıdışını daha nə qədər gözləməliyik? - Qarabağda 10 yeni postun səbəbi...

Təhlükəsizlik mütəxəssisi təklif edir ki, onlara 6 ay möhlət verilsin, qayıtmadıqda BMT-yə müraciət edilərək əmlakları milliləşdirilsin; Natiq Cəfərli: “Niyə tələsməliyik və ya ermənilərə qayıdışla bağlı möhlət verməliyik?”

Ermənilərin əksəriyyəti Qarabağı könüllü tərk edəndən sonra ərazidəki Rusiya hərbi kontingentinin taleyi faktiki sapdan asılı duruma düşüb. Moskva rəsmilərinin verdikləri açıqlamalara əsasən sülhməramlıların Qarabağda daha nə qədər qalacağı Bakı ilə ikitərəfli formatda müzakirə edilərək qərar qəbul olunacaq.

Hələliksə onlar ərazimizdə bir növ “küllənməklə” məşğuldur. “Rusiya sülhməramlıları yollarda təhlükəsiz hərəkəti təmin etmək üçün Qarabağda 10 post yaradıblar” (5-i Azərbaycanla birgə qurulub - red.) “Yeni Müsavat” yada salır ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin son bülletenində deyilir. “Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün beşi Azərbaycanla birgə olmaqla, on post yaradılıb. Rusiya sülhməramlılarının iştirakı ilə Qarabağın yaşayış məntəqələrinə elektrik enerjisinin və qazın verilməsinin bərpası istiqamətində işlər davam etdirilir”, - məlumatda deyilir.

Qeyd edək ki, sentyabrın 19-dan Rusiya sülhməramlı kontingenti Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında səkkiz müşahidə məntəqəsini, 16 müvəqqəti məntəqəni bağlayıb. Bundan öncə 13 post yaradıldığı, bu postlardan 8-nin Azərbaycanla birgə olduğu bildirilmişdi. Belə aydın olur ki, Rusiya sülhməramlıları daha 3 postu tərk edib. Politoloq Zərdüşt Əlizadəyə görə, sülhməramlıların indiki məqamda Qarabağda qalması bizim xeyrimizədir: “Yəni beynəlxalq aləmdə Qarabağla bağlı bütün bu intriqaların, söz-söhbətlərin aradan götürülməsi üçün sülhməramlılar orada qalmalıdır. Nə qədər qalacağını Azərbaycan və Rusiya hökumətləri müəyyən edəcək. Əlbəttə, sayı kəskin şəkildə azalacaq. Çünki orada bir neçə yüz erməni qalıb. Yəqin ki, elə bir neçə yüz də rus hərbçisi qalacaq”. Rusiyalı analitik Aleksandr Karavayev isə “Kavkazskiy uzel” nəşrinə bildirib ki, Azərbaycan üçün Rusiya “sülhməramlı” kontingentinin statusunun hərbi sülhməramlı qüvvədən monitorinq qrupuna dəyişdirilməsi, ona müəyyən polis funksiyalarının verilməsi ilə bağlı danışıqların aparılması məntiqli olardı. Belə bir şey mümkündürmü? Son hazırlıqlar, 10 postun qurulması nəyin əlamətidir - bəlkə ermənilərin qayıdışına hazırlıq gedir? Ümumiyyətlə, erməniləri nə qədər gözləyəcəyik?

İlham İsmayıl: “Paşinyanın nüfuzunu bərpa etmək Azərbaycan saytlarınamı  qalıb?” Pravda.az

İlham İsmayıl

Təhlükəsizlik eksperti İlham İsmayıl, uzağı, 6 ay möhlət təklif edib: “Azərbaycan bu məsələdə beynəlxalq hüququn tələblərinə əsaslanmalı və Qarabağ iqtisadi zonasını tərk etmiş ermənilərin geri dönməsi üçün konkret vaxt müəyyən etməlidir. Vaxt maksimum altı aydan çox olmamalıdır. Bu müddət ərzində yalnız valideynləri və özləri Qarabağda anadan olub yaşayanlar geri qayıdıb Azərbaycanda yaşamaqları haqda və malik olduqları qanuni əmlakları üzərində qərar verə bilərlər. Gəlmədikləri halda Azərbaycan dövləti həmin əmlakı milliləşdirəcəyini bildirməli, bu barədə BMT və digər müvafiq orqanlara, təşkilatlara, beynəlxalq məhkəmə instansiyalarına qərarını çatdırmalıdır. Verilən müddət bitdikdən sonra edilən müraciətlər qəbul olunmayacaq! Əks halda, illərlə ermənilərin kompensasiya davaları ilə üzləşə bilərik”.

Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Azərbaycan heç bir halda sülhməramlı kontingentin ölkəmizdə qalma müddətini uzatmaq niyyətində deyil: “Əslində onların Azərbaycandakı indiki fəaliyyəti də qismən formal xarakter daşıyır. Çünki onların Azərbaycana yerləşdirilməsində məqsəd münaqişə tərəfləri arasında atəşkəs rejiminə əməl olunmasına nəzarət etməkdən ibarət idi. Hazırda münaqişə tərəflərindən biri tamamilə Azərbaycan ərazilərindən çıxarılıb və belə olan halda da rus kontingentinin yerinə yetirə biləcəyi vəzifələr tamamilə aradan qalxıb”. Rusiya sülhməramlı kontingentinin polis və ya digər funksiyaları yerinə yetirməsi üçün heç bir mandatının olmadığını xüsusilə qeyd edən ekspert vurğulayıb ki, onların Azərbaycan ərazilərindən çıxarılması hətta nəzərdə tutulan müddətdən də əvvəl baş verə bilər: “Qarşıda rus kontingentinin heç bir müqavimət potensialı mövcud deyil. Onlar heç bir addım da ata bilməzlər. Azərbaycan öz fəaliyyətlərini Rusiyada hansısa sərsəm politoloqların səsləndirdiyi fikirlər əsasında deyil, milli və dövlət maraqları çərçivəsində planlaşdırır və həyata keçirir”.

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

Natiq Cəfərli

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a qeyd etdi ki, Prezident və Azərbaycan rəsmiləri onların qayıdışı ilə bağlı problem olmayacağını açıqlayıb. N.Cəfərli bildirdi ki, hazırda bu məsələyə görə dünyada Azərbaycana q ərəzli münasibət müşahidə olunduğu üçün tələsməyə ehtiyac yoxdur: “Niyə tələsməliyik və ya ermənilərə qayıdışla bağlı möhlət verməliyik? İkincisi, Qarabağda yaşamış insanların əmlakları ilə bağlı problem onların Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra mümkünləşə bilər. Biz elə edə bilmərik ki, sabah proses beynəlxalq məhkəmələrdə əleyhimizə çevrilsin. Misal üçün, qardaş Türkiyədə elə əmlaklar var ki, 100 ildir sahiblərini gözləyir və dövlət ona toxunmur. Eyni zamanda Şimali Kiprdə də oxşar nümunələr mövcuddur. Bu mənada tələsən yerimiz yoxdur və top qarşı tərəfdədir, qoy onlar qərar versinlər”. N.Cəfərli söylədi ki, biz beynəlxalq hüquqa əsaslanıb addımlarımızı atmalıyıq: “Dediyim kimi, dünyada Azərbaycana qarşı qərəzli yanaşma var. Ona görə bu məsələdə öz istəyimizə nail olmaq üçün tələsmədən addımlar atmalıyıq. Odur ki, nə möhlət verməyə, nə çağırış etməyə, nə mülkləri milliləşdirməyə indi ehtiyac var. Gəlib Azərbaycan vətəndaşı olsunlar, mülklərinə sahiblənsinlər, ondan sonra istəyərlər satarlar, istəyərlər satmazlar...”

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR