İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncənin 3-cü dəfə bombalanmasından 4 il keçir- Həmin zaman bunlar yaşandı

Bu gün Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini üçüncü dəfə raket atəşinə tutmasından 4 il keçir.

Musavat.com xatırladır ki, 2020-ci il oktyabrın 8-də Ermənistan Vətən müharibəsində məğlubiyyətinin acığını mülki əhalidən çıxmaq üçün Gəncəni növbəti dəfə atəşə tutub.

Nəticədə ölən və yaralanan olmayıb.

Ancaq şəhərin infrastrukturuna ciddi ziyan dəyib.

Bundan öncəki zərbələrdə Gəncədə nələrin yaşandığına da diqqət edək:

Cəbhədən xeyli uzaq məsafədə yerləşən Gəncə şəhəri  4 oktyabr ermənilər tərəfindən raket atəşinə məruz qalıb. Nəticədə  1 mülki şəxs şəhid olub, 30-dan çox mülki şəxs isə yaralanıb. Bu hadisədən 1 gün keçmiş cəbhədə rəzil duruma düşən Ermənistan silahını yenə də silahsızlara- Gəncənin mərkəzinə çevirib. Nəticədə 5 oktyabr 2020-ci ildə 3 mülki şəxs yaralanıb. 8 oktyabrda da yuxarıda qeyd etdiyimiz kimi Gəncə ermənilər tərəfindən raket atəşinə məruz qalıb. Ancaq xoşbəxtlikdən həlak olan və yaralanan olmayıb. Oktyabrın 11-də təcavüzkar Ermənistanın Gəncəyə növbəti raket zərbəsi nəticəsində isə 10 mülki şəxs şəhid olub və 40-dan çox insan yaralanıb. Cəbhədə Azərbaycan ordusunun qarşısından qaçan, qaçmayanı isə qırılan Ermənistan silahlı qüvvələri 17 oktyabrda yenə də Gəncəni hədəfə alıb. Bu dəfə isə 16 nəfər şəhid olub, 55 nəfər  yaralanıb.

Məlumat üçün bildirək ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Ermənistan bununla necə təcavüzkar, sülhdən yana olmayan dövlət olduğunu bütün dünyaya göstərmiş oldu. Haqdan yana olanlar hadisəni görüb, pislədilər. Ancaq 30 illik işğal dövründə susanlar bunlara da susdular. Onlar sussa da, Azərbaycan ordusu, dövləti susmadı. Haqqı olanı geri aldı, əzəli torpaqlarını düşmən tapdağından xilas etdi, Azərbaycanın suverenliyi bərpa olundu.

Bu gün Gəncəni bombalayan separatçılar başda Arutyunyan olmaqla Bakıda cəzalarını çəkirlər. Onlar etdiklərinin bədəlini ödəyəcəklər.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR