İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər indi də Novruz və səmənimizə sahiblənmək xəyalına düşüb

Yeganə Hacıyeva: “Bütün bunlar həm də bizim öz tariximizə, mədəniyyətimizə olan sədaqətsizliyimizdən irəli gəlir”

Artıq 3-cü ilaxır çərşənbəni də geridə qoyduq. Bu o deməkdir ki, qarşıda bizi tezliklə Novruz bayramı gözləyir.

Məlum olduğu kimi, Novruz bayramı dünyada ən qədim bayramlardan biridir. Bu bayram yeni həyatın başlanğıcını simvolizə edir. Tarixçilər qeyd edir ki, Novruz bayramı rəsmi statusunu Əhəmənilər imperiyası (e.ə. VI-IV əsrlər) dövründə əldə edib. Bu bayramı xristianlıq və İslam yayıldıqdan sonra da qeyd olunur. Bayramın yaranması Günəşə pərəstiş və Zərdüştün adı ilə bağlıdır.

Qeyd edək ki, Novruz bayramı Azərbaycanda, İranda, Türkiyədə, Gürcüstanda, Hindistanda, Pakistanda, Əfqanıstanda, Özbəkistanda, Makedoniyada, Tacikistanda, Qırğızıstanda, Qazaxıstanda, İraqda, Suriyada yaşayan müxtəlif xalqlar və dini qruplar, Çinin qərb əyalətlərinin sakinləri, eləcə də tatarlar, başqırdlar, Şimali Qafqaz və Rusiyanın digər vilayətlərində yaşayan xalqlar tərəfindən bahar bayramı və günəş təqviminə görə yeni ilin gəlişi kimi qeyd olunur.

Bir çox ölkələrdə qeyd olunmasına baxmayaraq, Novruz bayramı Azərbaycanda xüsusi özəlliklərlə, qədim adət-ənənələrlə keçirilir. Məsələn, bayramın gəlişi ilə evlərdə səməni göyərdilir ki, bu da yazın gəlişi, təbiətin canlanması, əkinçiliyin rəmzidir.

Ermənilər isə heç bir zaman bu bayramı qeyd etməyiblər, çünki Novruzun bu xalqa heç bir aidiyyəti yoxdur. Buna baxmayaraq, ermənilər indi də qədim tarixə malik olduqlarını dırnaqarası sübut etmək üçün israrla Novruzun və səməninin, bu bayramla bağlı azərbaycanlılara məxsus adət-ənənələrin, mətbəxin onlara aid olduğunu iddia etməyə başlayıblar. Belə ki, martın əvvəllərindən etibarən erməni sayt və səhifələrində bununla bağlı təbliğat “maşını” işə salınıb.

Yeganə Hacıyeva: "Qarşıdakı 3 il ərzində nəzarətimizdə olmayan..."

 Yeganə Hacıyeva

Mövzu ilə bağlı politoloq Yeganə Hacıyevanın “Yeni Müsavat”a dedikləri: “Öncəliklə qeyd edim ki, dünyada köçürülmüş xalqlar çoxdur və onlar getdikləri yerlərə öz milli  xüsusiyyətlərini, mental dəyərlərini daşıyırlar. Bu yolla da onlar  özlərinin milli kimliklərini qoruyurlar. Bununla da həm də öz mövcudluqlarını qorumağa çalışırlar. Yəni adətən köçürülmüş xalqlar çalışırlar ki, getdikləri yerlərdə cəmiyyətə çox da qaynayıb qarışmasınlar,  digər xalqların içərisində əriyib itməsinlər. Bu, bütün dünyada qəbul olunmuş praktikadır. Amma təbii ki, istisnalar da var, ermənilərdə olduğu kimi. Bu kimi bütün çirkinlikləri özündə daşıyan xalqlar getdikləri yerli  xalqların mədəniyyətlərinə sahib çıxır, bunu bütün dünyaya inandırmaq üçün tarixi saxtalaşdırırlar.  Öncəliklə  onu qeyd etmək lazımdır ki, ermənilərin tarixi saxtalaşdırması təkcə indiki dövrdən deyil, tarixin bütün  mərhələlərindən başlayıb. Məsələn, köçdükləri Cənubi Qafqazın alban və Azərbaycan xalqının mədəniyyətini  oğurlamağa adət ediblər. Buna misal -  qədim alban-xristian mədəniyyətini özünküləşdiriblər. Həmçinin 15-ci əsrdən dünyanın tarixi mənzərəsindən silinmiş tarixi, qədim malta xalqının xristian mədəniyyətinə sahibləniblər. Bununla da ilk xristianlıq dövrünü özlərinin adlarına çıxıblar və özlərini guya Avropada ilk xristianlığı yayan xalq elan ediblər. Bu, bir neçə istiqamətdə  atılmış addımlardır. Birincisi, özlərini guya  Avropanın xristian mədəniyyətinin nüvəsində dururmuş kimi göstərmək, bundan  öz maraqları üçün istifadə etmək, ikincisi, avropalıları bir qədər özlərinə borclu etmək, üçüncüsü, guya bunlar ali xalqdır. Beləliklə, ermənilər çarın bir qəddar, cinayətkar, ədalətsiz, qanunsuz qərarı ilə Cənubi Qafqaza yerləşib, 2 əsr ərzində istər xristian, istərsə də müsəlman mədəniyyətini oğurlayıb, sahibləniblər. Paralel olaraq,  Azərbaycanın musiqisini, tarixini, torpaqlarını, alimlərimizin  işlərini, incəsənət nümunələrimizi oğurlayıblar, baxmayaraq ki, oğurladıqları türk və müsəlman mədəniyyətinə aiddir.

Ermənilər indi də Novruza, səməniyə sahib çıxmaqla, guya qədim tarixə malik xalq olduqlarını sübut etməyə çalışırlar. Məsələ onunla bağlıdır ki, xristianlıqdan öncə bu ərazilərdə insanlar atəşpərəstliyə,  zərdüştlük dininə sitayiş ediblər və həmin  dövrün tarixi elementlərindən biri olan səməni dövrümüzə qədər gəlib çatıb. İndi ermənilər onu da özününküləşdirməklə faktiki olaraq, hətta xristianlıqdan öncəki tarixə malik olduqlarını iddia edirlər. Bu da onların  riyakarlıqlarının bir nümunəsidir. Bəs biz nə etməliyik? Əlbəttə ki, tariximizə, mədəniyyətimizə sahib çıxmalı, onu olduğumuz hər yerdə təbliğ etməliyik. 

Azərbaycanlıları digər xalqlardan fərqləndirən xüsusiyyətlərdən biri budur ki, biz daha çox modern, həmçinin tez unutqan, tez yeniliklərə adaptasiya olunan, dəyişiklikləri tez qəbul edən xalqıq. Əslində bu qədər düşmənlərin əhatəsində yaşayan bir xalq kimi bu bizim zəif yerimizdir. Düşmənlərin bizim mədəniyyətimizə, tariximizə sahib çıxması bizim öz tariximizə, mədəniyyətimizə olan sədaqətsizlikdən irəli gəlir.  Bu məsələdə tarixin müxtəlif dövrlərində olan padşahların, xanlıqların da rolu var. Bir daha qeyd edirəm ki, biz öz tarixi xüsusiyyətlərimizi dünyaya elan etməli, həm də patentləşdirməliyik".

Xalidə GƏRAY

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR