İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər havadan çıxa bilmir - yenə “Artsax ləğv olunmayıb” deyənlər var...

Çingiz Qənizadə: “Şahramanyan qondarma rejimin, quldur dəstəsinin təmsilçisi kimi özlərinin təslim olduğunu yazılı şəkildə bəyan edib”

Qarabağ məsələsi həmişəlik qapansa da, erməni revanşist-daşnaklar hələ də “qınlarına çəkilmək” istəmir,  “bəlkə də, qaytardılar” ümidi ilə yaşayırlar. Bilə-bilə ki, bu, boş qazan dalı taqqıldatmaqdan savayı bir şey deyil. Bu da növbəti fakt. “Artsax” prezidenti Samvel Şahramanyanın “artsax respublikası”nın mövcudluğuna xitam verilməsi haqqında bədnam fərmanı heç bir məna daşımır və bir çox səbəbdən onun hüquqi qüvvəsi yoxdur". Bu barədə “Ayakve” təşəbbüs qrupunun üzvü Avetik Çalabyan bildirib.

“Birincisi, bu, konstitusiyaya (hansı konstitusiyaya? - red.) ziddir, ikincisi, məcburiyyətlə, əhalinin fiziki şəkildə məhv edilməsi hədəsi ilə imzalanıb, üçüncüsü, hər hansı fərman dərc olunduqdan sonra qüvvəyə minir, amma bu fərman dərc olunmayıb, bunu heç kim görməyib. Ona görə də istinad edilən Samvel Şahramanyanın fərmanı hüquqi mənada əhəmiyyətsiz sənəddir. O, mövcud deyil və hətta dərc olunmayıb”, - Çalabyan sayıqlayıb.

Qeyd edək ki, “Ayakve” təşəbbüs qrupu “Dağlıq Qarabağı Azərbaycan ərazisi saymağı cinayət əməli sayan” müvafiq qanunun qəbulu üçün yaradılıb və artıq kifayət qədər imza toplayaraq MSK-ya təhvil verib. Qalır parlamentin müzakirəsi. Əksər ekspertlərə görə, Paşinyanın partiyasına məxsus hakim çoxluq bu təşəbbüsü rədd edəcək. 

Ancaq guya qəbul etsə, nə olacaq ki? Çalabyanın iddialarında hüquqa əsaslanmasının özü nə dərəcədə hüquqidir?

Çingiz Qənizadə: "İstəyimiz budur ki, bölgədə sülh, əmin-amanlıq olsun"

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquqşünas Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, “Ayakve” təşəbbüs qrupunun üzvlərinin böyük əksəriyyəti Daşnaksütyun Partiyasının nümayəndələridirlər və revanşist qrupların təsiri altında olan adamlardır. Ona görə “Ayakve” adlanan hansısa qrupun üzvlərinin nə deməsi, hansı sərsəm iddialar irəli sürməsi bizim üçün önəmli deyil. Birincisi Azərbaycanın dünya tərəfindən tanınan ərazisinə daxil Qarabağ İqtisadi rayonunda “Artsax” adlı “dövlət” yoxdur, olmayıb, bu adla süni şəkildə şişirdilmiş qondarma terror rejimini “dövlət” kimi sırımaq istəyirdilər. Lakin onu hətta Ermənistan belə tanımırdı. Samvel Şahramanyan qondarma rejimin qondarma başçısı idi və onun imzaladığı hansısa sənəd Azərbaycan üçün hüquqi əhəmiyyət kəsb eləmir. Onun imzaladığı sənəd hüquqi sənəd deyil, sadəcə olaraq Şahramanyan qondarma rejimin, quldur dəstəsinin təmsilçisi kimi özlərinin təslim olduğunu yazılı şəkildə bəyan edib. Təbii ki, həmin o ratifkasiya edilə, mətbuatda rəsmi sənəd kimi dərc oluna bilməz. Çünki hansısa rəsmi, tanınan hüquqi subyektin, rəsmi qurumun sənədi deyil. Qondarma rejimin təslimçilik elanını onların qondarma “parlamenti” “təsdiqləməli” idi? Erməni Çalabyanın fikirləri sərsəm daşnak fikirlərindən başqa bir şey deyil. “Artsax” adlı respublika olmayıb. Çalabyanlar bundan sonra ağıllarına, ağızlarına gələn iddiaları irəli sürəcəklər, min hoqqadan çıxacaqlar. Ancaq onların hay-küyləri əbəsdir və reallıqları dəyişə bilməz". 

Hüquqşünas onu da dedi ki, “Ayakve” təşəbbüs qrupunun “Dağlıq Qarabağı Azərbaycan ərazisi saymağı cinayət əməli sayan” qanunun qəbuluna çalışsa da baş nazir Nikol Paşinyanın partiyasına məxsus hakim çoxluğun bu təşəbbüsü rədd edəcəyi ehtimalı yüksəkdir. Əslində “Ayakve” təşəbbüs qrupu Ermənistana və Nikol Paşinyan hökumətinə yeni problemlər yaradan hərəkətlər edir. Bunu Paşinyanın qəbul edəcəyi gözlənilən deyil: “Hətta Paşinyan bunun qarşısını almasa və qanun kimi qəbul edilsə belə, reallıqları dəyişməsi mümkün olmayacaq. Belə bir qanunun qəbulu Ermənistanın özünə zərbə vuracaq, Ermənistan cəmiyyətindəki parçalanma və qarşıdurmanı daha da dərinləşdirəcək. Revanşist qüvvələr başlatdıqları prosesin, petisiyaların mənasız olduğunu özləri də bilirlər. Lakin bununla sadəcə olaraq Ermənistan hakimiyyətinə təzyiq edirlər ki, Azərbaycanla sülh müqaviləsi imzalamasın. Nə qədər ki, Ermənistanda bu cür revanşist qüvvələr, yaramaz elementlər var, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasına əngəllər törədəcəklər. Ona görə də müəyyən zaman lazım olacaq ki, Ermənistan öz daxilində bu cür qüvvələri təmizləsin”.    

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR