İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Fransa parlamentini də sirkə çevirir: Bakının “dəmir yumruğu” Parisi rəzil edir

Fransanın idarə olunduğu “siyasi və hüquqi zəka” indiyə qədər yalnız soyqırımlar törədərək, müstəmləkəçiliklə məşğul olmaqdan başqa heç nəyə yaramayıb… Rəsmi Paris Azərbaycan-Fransa siyasi savaşında davamlı olaraq, məğlubiyyətə məhkum tərəf kimi çıxış edir…

Fransanın Cənubi Qafqaz siyasəti Azərbaycana qarşı düşmənçilik üzərində qurulub. Rəsmi Paris Fransanın Afrika qitəsindən qovulmasını bu regionda kompensasiya etməyə can atır. Bu hədəfinə çatmaq üçün isə məhz Ermənistan üzərindən Cənubi Qafqaza yerləşməyə cəhd göstərir. Və bu cəhdlərini də birmənalı şəkildə Azərbaycana qarşı siyasi-diplomatik hücunlar üzərində indeksləşdirməyə çalışır.

Təbii ki, Azərbaycan ermənipərəst Fransanın Cənubi Qafqaz “yürüş”ünə açıq və kəskin şəkildə müqavimət göstərir. Üstəlik, rəsmi Bakı Fransanın beynəlxalq nüfuz və mövqeyindən çəkinmədiyini də birmənalı şəkildə biruzə verir. Ona görə də, Azərbaycanın Fransaya qarşı cəsarətli müqavimət addımları ilk növbədə rəsmi Parisi çaşqın vəziyyətinə salıb. Makron hakimiyyəti Azərbaycanın Fransanı Cənubi Qafqazdakı regional sülh prosesindən kənarlaşdırması ilə barışmaq istəmir. Və bu səbəbdən də, Azərbaycana qarşı təzyiqləri artırmaq üçün bütün mümkün vasitələrdən yararlanmağa çalışır.

Məsələ ondadır ki, rəsmi Paris indiyə qədər bir neçə dəfə BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsinə cəhd göstərib. Ancaq hər dəfə də rəsmi Bakı çevik siyasi-diplomatik manevrlərlə Fransanın bu cəhdlərini iflasa uğradıb. Nəticədə Fransanın beynəlxalq imicinə və nüfuzuna sarsıdıcı zərbələr vurulub. Və indi Fransa, beynəlxalq məkanda əslində, Ermənistan kimi, qeyri-ciddi ölkə imici qazanmağa doğru irəliləyir.

f-fee5eec0-d8b3-4374-90a2-a2bf83004fc9.jpg (276 KB)

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı Fransanın Cənubi Qafqaz regionuna yerləşmək cəhdlərinə müqavimək göstərməklə kifayətlənmir. Belə ki, rəsmi Bakı vaxtaşırı Fransaya qarşı beynəlxalq platformalarda siyasi hücumlar da təşkil edir. Həmin siyasi hücumlar üçün isə Fransanın yaxın keçmişində mövcud olan çoxsaylı “qara ləkələr”in gündəmə gətirilməsindən istifadə olunur. Hazırda Azərbaycan Fransanın Afrika qitəsindəki müstəmləkəçilik siyasətinə kəskin etiraz edən ölkələrə hətta demək olar ki, liderlik edir.

Nə qədər qəribə də olsa, Fransa mətbuatı və siyasi dairələri Azərbaycanın bu müstəmləkəçi ölkəyə böhtan atmaqda suçlamağa da çalışır. Halbuki, Azərbaycan rəsmi Parisin müstəmləkəçilik siyasətini gündəmə gətirərkən, Fransanın Afrika qitəsində törətdiyi dəhşətli və çoxsaylı soyqırımları da inkaredilməz faktlarla təqdim edir. Rəsmi Paris isə Fransanın bəşəri cinayətləri barədə faktları eşitməyə vərdişli deyil. Əksinə, yaxın keçmişi “qara ləkələr”lə zəngin olan Fransa adətən, başqalarını ittiham etməyə öyrəşib. Və indi Fransanın bəşəri cinayətləri beynəlxalq platformalarda gündəmə gətirildikcə, rəsmi Paris aldığı sarsıdıcı zərbələrdən çaşqınlıq keçirir.

Bu baxımdan, Ermənistanın beynəlxalq himayəsini və silahlandırılmasını öz öhdəsinə götürmüş Fransa və Azərbaycan arasında siyasi-diplomatik savaş intensive şəkildə davam edir. Hazırda rəsmi Paris növbəti dəfə Azərbaycanın üzərinə siyasi hücuma cəhd göstərir. Belə ki, Fransa parlamentində Makron hökumətini Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə çağıran qətnamə qəbul olunub. Və bu qətnamənin məzmun etibarilə həm məntiqsiz, həm də beynəlxalq hüquq baxımından, əsassız olduğu açıq-aşkar nəzərə çarpır.

0b1b433a-7caf-4ea1-ba9d-50db4d8a598c.jpg (251 KB)

Məsələ ondadır ki, Fransa parlamentində qəbul olunmuş qərəzli qətnamədə rəsmi Bakı Azərbaycan ordusunu “Ermənistan ərazisindən çıxartmağa” çağırılır. Eyni zamanda, fransız parlamentarilər 10 noyabr üçtərəfli anlaşmasına istinadla, “Laçın dəhlizi”nin statusunun dəyişdirilməyəcəyinə təminatın verilməsi də tələb edirlər. Nəhayət, “qətnamə”də “Dağlıq Qarabağ hökuməti”nin “demokratik şəraitdə seçilmiş siyasi təmsilçilərinin dərhal və qeyd şərtsiz azadlığa buraxılması”na yönəlik çağırış da yer alır.

Belə absurd, məntiqsiz və beynəlxalq hüquq normalarına zidd “qətnamə”ni yalnız erməni və fransız düşüncəsi ilə hazırlamaq mümkün ola bilərdi. Birincisi, Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi hələ heç başlamayıb. İndi hələlik delimitasiya prosesinə başlamaq üçün hansı xəritələrdən istifadə olunacağı ətrafında müzakirələr aparılır. Yəni, iki ölkə arasında beynəlxalq hüquq normaları çərçivəsində dəqiqləşmiş sərhədlər mövcud deyil. Belə olan halda, Fransa parlamenti Azərbaycan ordusunun Ermənistan ərazisində olduğunu necə müəyyən edib? Əgər, Fransa parlamenti sərhədlərin haradan keçdiyini bu iki ölkədən daha dəqiq bilirsə və bu barədə artıq “qərar”ını da veribsə, onda delimitasiya prosesinə nə ehtiyac var?

Digər tərəfdən, fransız parlamentarilərinin deyəsən, “Laçın dəhlizi”inin artıq mövcud olmadığından da xəbərləri yoxdur. Rəsmi Bakı Azərbaycanın Xankəndi və ətraf bölgəsi üzərində öz suveren hüquqlarını bərpa edib. “Boz zona” ləğv olunub, erməni separatizmi və terrorizmi də həmişəlik sıradan çıxarılıb. Xankəndi və ətraf bölgədə bundan sonra milli-etnik mənsubiyyətindən asılı olmayaraq, yalnız Azərbaycan vətəndaşları yaşayacaq. Ermənistan isə Azərbaycan vətəndaşları üçün xarici ölkədir. Dövlətlərarası gediş-gəliş prinsipləri isə Fransanın istəyi ilə deyil, birmənalı şəkildə məhz beynəlxalq hüquq normaları çərçivəsində müəyyən olunur. Və belə olan təqdirdə, Fransa “Laçın dəhlizi” ilə nə etmək, hara getmək niyyətindədir?

makron-kesik.jpg (289 KB)

“Qətnamə”də yer alan “Dağlıq Qarabağ hökuməti”nin “demokratik şəraitdə seçilmiş siyasi təmsilçilərinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılması”na yönəlik çağırış isə ümumiyyətlə, fransız siyasi və hüquqi təfəkkürünün nə qədər geridə qaldığını göstərir. Belə ki, dünyada heç vaxt “Dağlıq Qarabağ” adlı hər hansı dövlət olmayıb. Dağlıq Qarabağ beynəlxalq hüquq normalarına görə, Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Hətta Ermənistan və Fransa belə, erməni separatizmi və terrorizminin artıq ləğv edilmiş “boz zona”sını dövlət kimi tanımayıb.

Yəni, “Dağlıq Qarabağ”da heç vaxt dövlət olmayıb. Əgər, dövlət olmayıbsa, deməli, hansısa hökumət də olmayıb. Belə olan təqdirdə, orada necə demokratik seçkilər keçirilə bilərdi. Beynəlxalq qurumlar erməni separatçıların və terrorçuların həmin “boz zona”da keçirtdikləri “seçkiləri” heç vaxt tanımayıblar. İndi fransız deputatlar heç kimin tanımadığı “seçkiləri” hansı hüquqa əsaslanaraq, “demokratik” adlandırır və üstəlik, “siyasi təmsilçilərin (erməni separatçı və terrorçuların) dərhal, həm də qeyd-şərtsiz azadlığa buraxılması”nı istəyir.

Təbii ki, bütün bunlar Fransanın hansı “siyasi və hüquqi zəka” ilə idarə olunduğunu göstərir. Belə “zəka”nın indiyə qədər yalnız soyqırımlar törədərək, müstəmləkəçiliklə məşğul olması da qətiyyən təəccüblü deyil. Halbuki, “fransız zəkası”nda azca yaddaş da olsaydı, fransız deputatlar vaxtilə Makron hakimiyyətini qondarma “dqr”in müstəqilliyini tanımağa çağırdıqlarını və buna hər hansı reaksiyanın belə, verilmədiyini xatırlayardılar. Və bütün bunlar onu göstərir ki, Fransa parlamenti növbəti dəfə nəticəsi elə əvvəlcədən məlum olan məntiqsiz işlərlə məşğuldir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR