İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni-yunan lobbilərinin məkrli anti-Türkiyə planı belə pozuldu - Azərbaycan da uduşda

Xəbər verildiyi kimi, 2023-cü il üçün ABŞ-ın 857 milyard dollar dəyərində müdafiə büdcəsinin (National Defense Authorization Act, NDAA) son variantında F-16 qırıcılarının Türkiyəyə təhvil verilməsinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. ABŞ Konqresinin hər iki palatasının senatorları və nümayəndələrinin daxil olduğu konfrans komitəsi 857 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən NDAA qanun layihəsi üzərində işi başa çatdırıb.

Qanun layihəsinin yekun variantında 18 bənddən ibarət xüsusi məhdudiyyətlər planı da nəzərdə tutulub. Həmin bəndlərin heç biri F-16-ların Türkiyəyə satışını məhdudlaşdırıcı şərtlərlə əlaqələndirməyib.

Xatırladaq ki, ABŞ daha əvvəl Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyənin “beşinci nəsil” F-35 qırıcılarının tədarükü proqramından çıxarılması ilə bağlı qərar qəbul etmişdi.

Yəni artıq ABŞ-ın erməni və yunan lobbilərinin birgə səylərinin iflas olduğunu söyləmək olar. Çünki onlar neçə vaxt idi dəridən-qabıqdan çıxırdılar ki, ABŞ Türkiyə ilə hərbi-texniki sahədə əməkdaşlığı dayandırsın, hətta qardaş ölkəyə qarşı sanksiyalar tətbiq eləsin. Bunu da Ankaranın bölgədə guya Yunanıstana, Ermənistana, digər ölkələrə qarşı aqressiv siyasət aparması ilə əlaqələndirməyə çalışırdılar.

Lakin göründüyü kimi, ilk növbədə ABŞ hökumətinin səyləri ilə (yəhudi lobbisinin dəstəyi də istisna deyil) bu cəhdlər boşa çıxdı. ABŞ regionda Türkiyə kimi mühüm NATO üzvü ilə əməkdaşlığı yunan və erməni maraqlarından üstün tutdu.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bu xüsusda (məhdudiyyətlərin götürülməsi haqda) deyib ki, Türkiyə NATO-nun mühüm müttəfiqi və mühüm təhlükəsizlik tərəfdaşıdır. “Biz müdafiə imkanlarımızı inteqrasiya etmək və Türkiyəyə üzləşdiyi böyük təhlükələrlə mübarizə aparmaq üçün lazım olanı təmin etmək istəyirik. Heç bir NATO müttəfiqi öz ərazisində türk müttəfiqlərimiz qədər terror hücumlarına məruz qalmayıb. Ona görə də təhlükəsizlik sahəsində əməkdaşlığımız bizim üçün böyük əhəmiyyət kəsb edir”, - Prays bildirib.

Qərarın ardınca bu sözlər erməni və yunan lobbisi üçün “soyuq duş” effektli sayıla bilər. Bəs məhdudiyyətlərin aradan qaldırılması Ankara üçün, onun silahlı qüvvələri üçün hansı anlama gəlir? Azərbaycan üçün önəmi nədir?

Rusiya Dumasından postsovet məkanında separatçılığı qızışdıracaq təklif -  əks-effekt də verə bilər

Əhəd Məmmədli: “Vaşinqton Ankaranı yanında görmək istəyir”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Amerika tərəfindən atılan bu addımı çox mühüm gəlişmə kimi qəbul edir: “Birmənalı olaraq Türkiyə ABŞ-a lazımdır. Çünki NATO-nun ikinci ordusuna sahibdir. Bundan əlavə, indiki məqamda Qərb-Rusiya qarşıdurmasında onun kimi güclü müttəfiqə ABŞ-ın ehtiyacı var. Üstəlik ABŞ-Çin, ABŞ-İran qarşıdurmasında da Vaşinqton Ankaranı yanında görmək istəyir. Nə Türkiyə NATO-dan, nə də NATO Türkiyədən imtina edəndir. NATO-Rusiya, NATO-Çin qarşıdurmalarında Türkiyənin önəmi və rolu həm Qərb, həm də Şərq üçün artıb. Ona görə F-16-larla bağlı ABŞ Konqresinin Türkiyənin xeyrinə atdığı addım Ankaranın Vaşinqton üçün nə qədər vacib tərəfdaş olduğunun əyani göstəricisidir.

ABŞ-da yunan və erməni lobbiləri nə qədər güclü olsa da, anqlo-saks, yəhudi və italyan gücləri qarşısında zəifdirlər. Anqlo-saks və yəhudi güclərinin Türkiyə və Azərbaycanla bağlı xüsusi planları var. Üstəgəl ənənəvi Azərbaycan - Yəhudi dostluğunu da əlavə etsək, mənzərənin heç də ermənilərin xeyrinə olmadığını görərik. F-16 larla bağlı Türkiyəyə yönəlik məhdudiyyətlərin qaldırılması son dövrlər xüsusi olaraq gərginləşən Ankara-Vaşinqton münasibətlərinə yeni pozitiv impuls verəcəyi düşüncəsindəyəm".

Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov isə bu qərarın daha çox Türkiyənin durmadan güclənən nüfuzu ilə birbaşa bağlı olduğunu qeyd etdi: “Bilirsiniz ki, Türkiyə NATO deməkdir. Qardaş ölkə üzv olduğu bu qurumun ikinci ən böyük ölkəsidir. Türkiyə regionda böyük rol oynayır. Həmçinin son zamanlar onun rolunun böyüməsi, Azərbaycan vasitəsilə Qafqazda nüfuzunun daha da artması, Azərbaycanla İran arasında sonuncu dəfə gərginliyin artması fonunda rəsmi Ankaranın bizdən yana ortaya qoyduğu mövqe ilə nüfuzunun daha da yüksəlməsi böyük önəm daşıyır.

Əlbəttə, bunu Amerika siyasiləri də yaxşı başa düşür. Axır zamanlar Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması, xarici və müdafiə nazirləri səviyyəsində görüşlərin keçirilməsi bu proseslərdə böyük önəm daşıyır. Yunanıstanın NATO üzvü olmasına baxmayaraq, Türkiyənin ordusu kimi güclü ordusu ola bilməz. NATO üçün qardaş dövlətimiz çox önəmli faktordur. Yunan ordusu ilə türk ordusunun döyüş qabiliyyətini, peşəkarlığını müqayisə belə etmək qeyri-mümkündür. Amerika siyasətçiləri bunu anlamalıdır. Düşünürəm ki, anlamamış da deyillər. Baxmayaraq ki, Türkiyə s-400-ləri Rusiyadan əldə edib, bunun özü də sual yarada bilər. Hesab edirəm ki, yaxşı mənada bu, Amerikanın bir tələsi də ola bilər. O silahların Amerika, Türkiyə tərəfindən öyrənilməsi burada mühüm amil rolunu oynaya bilər. Bilirsiniz ki, İsrail lobbisi dünyanın güclü lobbisidir. Yəhudilərin lobbisinin yunanlardan da, ermənilərdən də çox güclü olduğunu hər kəs görür. İran məsələsi ilə bağlı da İsrailin müəyyən maraqları var. İranın regionda gərginlik yaratması, xüsusilə, Azərbaycanla münasibətləri gərginləşdirməsi, bunun fonunda Azərbaycan-Türkiyə hərbi təlimlərinin keçirilməsi Amerika, NATO üçün önəmli olmaya bilməz. Əsasən də İsrail üçün önəmlidir. Çünki İran və İsrailin bir-birinə qarşı bir düşmənçilik mövqeyi var. Son zamanlar Türkiyə və İsrailin mövqeləri üst-üstə düşməkdədir. Əlbəttə, bunu da ermənilər qəbul edə bilməzdi. Onların və yunanların lobbiləri demək olar ki, bu mübarizədə məğlub oldu.

Türkiyə əgər güclü dövlət olmasaydı, güclü müttəfiq olmasaydı, bu qədər ona ehtiyac duyulmazdı. Türkiyəni itirmək Amerikaya heç cür sərf etmir. Qardaş ölkənin regionda, Qafqazda durmadan gücü artmaqdadır və bu da diqqət cəlb etməyə bilməz. Görürsünüz ki, maraqlar üst-üstə düşməkdədir. Amerikanın bu cür qərar qəbul etməsi daha çox bu amillərdən irəli gəlir. Hər kəsə məlumdur ki, hazırda Rusiya ilə Ukrayna arasında müharibə gedir. Bunun nəticəsində taxıl məsələsi də ortaya çıxır. Burada Türkiyə öz gücündən istifadə etdi".

Kəlbəcərdən əməliyyata başlamaq Nəcməddin Sadıxovun ideyası idi” - ŞOK İDDİA

Rövşən Məhərrəmov: “Türkiyənin Azərbaycanda olması NATO-nun Qafqazda olması deməkdir”

Polkovnik bir vacib nüansa da diqqət çəkdi: “Qara dənizdə Türkiyənin hərbi donanmasının olmasını da diqqətdən qaçırmaq olmaz. Amerikanın maraqları hamımıza məlumdur. Birləşmiş Ştatlar indiki şəraitdə qardaş ölkə vasitəsilə, düşünürəm ki, maraqlarını həyata keçirmək niyyətindədir. Təbii ki, bu da özbaşına əmələ gəlməyib. Türkiyə-Azərbaycan hərbi təlimlərinin keçirilməsi Rusiya, İran və Ermənistana böyük bir mesaj idi. Xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlaması ki, Azərbaycan ordusu Türkiyə ordusu deməkdir, Türkiyə ordusu da Azərbaycan ordusu deməkdir, bu cümlələr bir çox sualların birdəfəlik cavabı idi.

Rəsmi Bakı öz tərəfdaşını artıq seçib - qardaş Türkiyəni. Türkiyənin Azərbaycanda olması NATO-nun Qafqaza yerləşməsi deməkdir. Bu da Amerikanın siyasəti ilə birbaşa üst-üstə düşür. Bunların hamısı da birdən-birə meydana çıxmayıb. Təbii ki, dəstək olmasaydı, Türkiyənin hardasa tez bir zamanda addım atması mümkünsüz idi. Makronun boş-boş bəyanatlarının, Fransada Alt və Yuxarı palataların Azərbaycan əleyhinə qəbul etdikləri boş-boş qətnamələrin əhəmiyyətsiz olması həm də Türkiyə faktoruna bağlıdır. Amerika və digər Avropa ölkələrindən Fransada qəbul edilən qərarlar, Makronun bəyanatları dəstək ala bilmir. Çünki Avropa ölkələri Türkiyənin gücü ilə hesablaşırlar, belə bir dövləti əvvəldə də dediyim kimi, itirmək istəmirlər. Ona görə ki, Türkiyənin regiona nəzarət etməsinin həm də Amerika başda olmaqla NATO-nun digər dövlətlərinin regiona nəzarət etməsi demək olduğunu yaxşı anlayırlar. Baxmayaraq ki, ayrı-ayrı NATO dövlətləri arasında fikir ayrılıqları var. Amma burada əsas önəm daşıyan dövlətlər Amerika və İngiltərədir. Bu iki ölkənin maraqlarının Türkiyə ilə üst-üstə düşməsi Azərbaycan üçün də çox vacib bir amildir. Türkiyə məsələsi əvvəl-axır öz həllini bu formada tapmalı idi və tapdı da".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR