İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni riyakarlığı rəqəmlərin dilində - Qərb belə aldadılır!

İrəvan Rusiyaya sanksiyaların dəlinməsində müstəsna xidmət göstərir; iqtisadçı ekspertlərin fikrincə, bu, Brüssel və Vaşinqtonun da işinə yarayır, çünki...

2024-cü ilin dekabrında Ermənistana fiziki şəxslər tərəfindən bank sistemi vasitəsilə edilən köçürmələr 860 milyon dollardan çox olub. Bu barədə ölkənin Mərkəzi Bankının açıqladığı məlumatda bildirilib. Dekabr ayında da vəsaitin əsas hissəsi Rusiyadan daxil olub: 648 milyon dollar. Qeyd edilib ki, bu, özəl pul köçürmələri sektorunda indiyədək qeydə alınan rekord göstəricidir. Ümumilikdə 2024-cü il ərzində Ermənistana fiziki şəxslər tərəfindən bank vasitəsilə köçürülən pulların məbləği 5 milyard 837 milyon dollara çatıb. Bu vəsaitlərin böyük hissəsi - 4 milyard 327 milyon - ölkədən çıxıb. Ermənistandan ən böyük köçürmə istiqamətlərindən biri BƏƏ-yə olub. Ötən il Ermənistandan bu ölkəyə 880 milyon dollar vəsait axını qeydə alınıb ki, bu da 2023-cü illə müqayisədə 309 milyon dollar və ya 54 faiz çoxdur.

Qeyd edək ki, Rusiyaya sanksiyaların dəlinməsində Ermənistan müstəsna rol oynayır. Həmçinin Dubaydan da külli miqdarda mal idxal edilir və Rusiyaya ixrac olunur. Ancaq dəfələrlə Ermənistanın Rusiyaya sanksiyaları dələn əsas ölkə olduğu Avropa mediası və ekspertlərinin faktlarla sübut etməsinə baxmayaraq, Qərb bu prosesi görməzdən gəlir. Görəsən, niyə? ABŞ və AB buna daha nə qədər göz yumacaq?

Eldəniz Əmirov - FOTOBAZA Pravda.az

Eldəniz Əmirov

İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a bildirdi ki, Rusiya-Ukrayna münaqişəsindən Ermənistan birmənalı olaraq özünəməxsus şəkildə istifadə etməyi bacarıb və bu gün də bu, davam etməkdədir: “Münaqişəyə qədər, münaqişənin başlamasına qədər Rusiya və Ermənistan arasında olan ticarət dövriyyəsi təxminən 2 milyard dollar idi. Amma bu gün ticarət dövriyyəsi fantastik səviyyədə artmış və 12 milyard dolları keçmişdir. Təsəvvür edin ki, Azərbaycanın iqtisadiyyatının Ermənistanın iqtisadiyyatından dəfələrlə geniş olmasına və birbaşa sərhədinin mövcud olmasına baxmayaraq, Ermənistanla olan ticarət dövriyyəsi Azərbaycanla olan ticarət dövriyyəsindən təxminən 4 dəfə çoxdur. Yəni bu gün Ermənistanla Rusiya arasında olan ticarət dövriyyəsi Azərbaycanla Rusiya arasında olan ticarət dövriyyəsindən 4 dəfə yüksəkdir. Bunun bir adı var - Ermənistan birmənalı şəkildə Rusiyanın sanksiyalardan yayınmasında iştirak edir. Bunu Rusiyanı sevdiyi üçün edirmi? Xeyir, o, Rusiyanın bu vəziyyətindən özü üçün istifadə edir. Və bu şərait həm Rusiya, həm də Ermənistan üçün sərfəlidir”.

Mütəxəssis qeyd etdi ki, bu vəziyyətdə Ermənistan öz mənfəətini götürməkdədir: “Rusiya isə sanksiyalar səbəbindən bəzi sektorlarda problemlərlə üzləşib. Məsələn, elə istiqamətlər var ki, məhsulların idxalında çətinlik çəkirlər, elələri də var ki, ixracda problemlər yaşayırlar. Eyni zamanda xüsusilə texnoloji iqtisadiyyatın, daha doğrusu, texnoloji sektorların müəyyən istehsal proseslərini həyata keçirmək üçün ciddi xammal ehtiyacı var. Bu xammal təchizatı isə məhz Ermənistan üzərindən həyata keçirilir”.

Ekspert onu da vurğuladı ki, Rusiyadakı iş adamlarının xarici investisiya yatırması prosesində Ermənistan müstəsna rol oynayır: “Eyni zamanda müəyyən maraqlı dairələr öz vəsaitlərini Ermənistan üzərindən Rusiyadan çıxarmağa nail olurlar. Sözügedən fiziki şəxslərin banklar vasitəsilə pul köçürmələrinin rekord həddə çatmasının səbəbi məhz qeyd etdiyim bu faktorlardır. Eyni zamanda Ermənistandan ərəb ölkələrinə çıxan pul vəsaitləri də əslində Rusiyadan Ermənistana gələn və sonradan buradan digər adlarla çıxan vəsaitlər kateqoriyasına aiddir və hesab edirəm ki, bu, çox yüksək paya malikdir. Düşünürəm ki, Rusiya və Ukrayna arasındakı münaqişə dayansa da, Rusiyaya qarşı sanksiyalar qüvvədə qaldığı müddətcə bu iki ölkə arasında ticarət münasibətləri davam edəcək. Əgər biz Avropa və ya Amerikadan bu məsələyə qarşı Ermənistana təzyiq ediləcəyini gözləyiriksə, yanılırıq. Çünki Avropaya da, Amerikaya da lazımdır ki, Ermənistan iqtisadi cəhətdən Azərbaycana və Türkiyəyə qarşı dayanıqlı olsun. Yəni regionda Ermənistanın iqtisadi baxımdan nisbətən sabit olması Avropa və Amerika üçün maraqlıdır”.

E.Əmirov əlavə etdi ki, belə bir şəraitdə Ermənistanın Rusiyadan yararlanması əslində iqtisadi cəhətdən Amerikanın və Avropanın da işinə yarayır: “Buna görə də Ermənistana qarşı hər hansı bir sanksiyanın tətbiq ediləcəyini və ya bu detallara qarşı mübarizənin aparılacağını düşünmürəm. Çünki əgər belə bir mübarizə aparılarsa və Rusiya ilə Ermənistan arasındakı ticarət dövriyyəsi əngəllənərsə, Rusiyadan Ermənistanın yararlanmasının qarşısı alınarsa, bu, Ermənistanı daha çətin vəziyyətə salacaq. Nəticədə, Ermənistanın düşəcəyi bu çətin vəziyyət Avropa və Amerika üçün əlavə maliyyə yükü yaradacaq. Bu maliyyə yükündən yayınmaq üçün Qərb hazırkı situasiyanı özünə sərfəli hesab edir”.

Natiq Cəfərli: "Mərkəzi Bank rəhbəri 2025-ci ildə devalvasiya təhlükəsinin  olmayacağını bildirib" - Gdp.az - Mərkəzi Bank

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların işləmədiyini artıq təkcə Rusiya yox, elə Qərbin özü də etiraf edir: “16 sanksiya paketi qəbul olunub, amma Rusiya iqtisadiyyatına ciddi bir təsir göstərməyib. Çünki dolayı yollarla sanksiyalardan yan keçmək imkanları var. Bu imkanlardan təkcə Rusiya yox, elə Qərbin özü də yararlanır, yəni Qərb şirkətləri də bu prosesdən pul qazanır. Elə Ərəb Körfəzi ölkələri, Ermənistan, Çin və Tayvan vasitəsilə də bu ticarət davam edir. Ona görə də Qərbdə bu məsələdə səmimiyyət çatışmır və olan da, necə deyərlər, Ukraynaya olur - obrazlı desək. Ərəb Körfəz ölkələri və Ermənistan üzərindən daha çox qızıl, qiymətli daş-qaş və brilyant satılır. Rusiyanın malları da bu yolla bazara çıxarılır, çünki onların Avropada satışı qadağandır”.

N.Cəfərlinin sözlərinə görə, bu məhsullar Ərəbistan yarımadasına çatdıqdan sonra oradan dünyaya satılır: “Dünya da bilir ki, əgər bu mallar ərəb yarımadasının ölkələrindən, məsələn, Birləşmiş Ərəb Əmirliklərindən alınırsa, onların əslində Rusiyaya məxsus olduğunu anlayır. Amma buna baxmayaraq, alır. Ermənistan isə bu prosesdən pul qazanır. Bu məsələni dəfələrlə gündəmə gətirmişik, həm biz qaldırmışıq, həm də beynəlxalq konfranslarda müzakirə olunub. Amma təəssüf ki, Ermənistanın Rusiya ilə bu cür iş birliyinə Qərbdən ciddi bir reaksiya yoxdur”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR