Onlayn ictimai-siyasi qəzet
Ermənistan Milli Elmlər Akademiyasının "erməni soyqırımı" "Muzey-İnstitutu"nun direktoru və İrəvan Dövlət Universitetinin müəllimi Ayk Demoyan, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı təhqir edərək onu oğurluqda ittiham edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Demoyan Mirzoyanı 2004-cü ildə muzeydə baş verən oğurluqla əlaqələndirib.
Demoyanın sözlərinə görə, 2004-cü ildə muzeydə 19 qiymətli kitabın yoxa çıxdığı oğurluq hadisəsi baş verib. Sabiq direktor bu məsələdə səs-küy yaratmamaq üçün cinayət işi başlatmayıb. Lakin Demoyan 2007-ci ilin iyulunda oğurluqla bağlı cinayət işi açıb. Demoyan iddia edir ki, həmin il muzeydə aspirant olan Ararat Mirzoyan və Vladimir Vardanyan da bu işlə bağlı dindirilib. Daha sonra Mirzoyanın Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə daxil olması səbəbindən iş bağlanıb.
Demoyan əlavə edib ki, Mirzoyan Milli Təhlükəsizlik Xidmətinə işə qəbul olunması ilə bağlı məlumatı təkzib etməyib və oğurluğu başqa bir şəxsə yükləməyə çalışıb. “İndi mən həmin vaxt Mirzoyan və Vardanyanın hansı ifadələr verdiyini bilmək istəyirəm,” - deyə Demoyan bildirib.
O, həmçinin qeyd edib ki, 20 il əvvəl xarici işlər naziri Mirzoyan və parlamentin dövlət və hüquq məsələləri üzrə komissiyasının sədri Vardanyan müxtəlif maxinasiyalarla varlanıblar. "Onların mövqeləri dəyişir, ancaq özləri dəyişmir," - deyə Demoyan fikirlərini tamamlayıb.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ