İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni müdafiə nazirinin bir ayağı ABŞ-da, bir ayağı Fransada...

Brüsseldə hərbi pakt imzalandığı elan edilməsə də, pərdəarxası razılaşma həyata keçirilməkdə, İrəvana hərbi-siyasi dəstək güclənməkdədir; “Kreml görüşləri diqqətlə izləyir” - analitik

Ermənistanın müdafiə naziri ABŞ-da işgüzar səfərdədir. “Yeni Müsavat” bildirir ki, Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Vaşinqtona növbəti gedişi hərbi əməkdaşlığın genişləndirildiyi və Ermənistanın silahlandırıldığı vaxta təsadüf edir. 

Bu il aprelin 5-də Brüsseldə keçirilən üçtərəfli görüşdə Avropa Birliyi, ABŞ və Ermənistan arasında hərbi pakt imzalandığı elan edilməsə də, müşahidəçilərin fikrincə, əldə olunan pərdəarxası razılaşma hazırda həyata keçirilməkdədir: Fransa və Avropa Birliyi erməni ordusunu silahlandırır, ABŞ müdafiə sistemləri, gecəgörmə cihazları və s. texniki avadanlıqlar tədarük edir, birgə təlimlər keçirilir, Yunanıstan, Kipr, Hindistan da bu halqanın bir zənciri kimi prosesdə iştirak edirlər. Azərbaycan isə işğalçı ölkənin yenidən silahlandırılmasını dayandırmağa çağırır. Lakin Qərb İrəvana hərbi-siyasi dəstəyini davam etdirməkdədir. Erməni müdafiə nazirinin də ABŞ-a ayaq açması, tez-tez Qərb ölkələrinə səfərləri bu dəstək kontekstində dəyərləndirilir. Buna qədər isə sentyabrında Kiprin müdafiə naziri Vasilis Palmasın başçılıq etdiyi nümayəndə heyəti Ermənistana rəsmi səfərə gəlmişdi. Eyni ayda Papikyan Çinə səfəri çərçivəsində həmkarı admiral Dun Szyunla görüşmüşdü. 

Kəsəsi, Ermənistan hərbi dəstək almaq, ordunun yenidən komplektləşdirilməsi və silahlanması üçün səfər trayektoriyasını genişləndirib. Həmçinin bugünlərdə Ermənistanın Azərbaycanla sərhəddə fəaliyyət göstərən “Yerkrapa” birliyinin rəhbəri, baş nazir Nikol Paşinyana yaxınlığı ilə tanınan Sasun Mikaelyan mövqelərə baxış keçirib. Qruplaşmanın komandirləri “düşmən”lə döyüşə hazır olduqlarını bildiriblər. “Yerkrapa”nın 10 mindən çox üzvünün olduğu və aktiv şəkildə hərbi təlimlərə cəlb edildikləri deyilir. Onların əksəriyyəti Birinci Qarabağ müharibəsində iştirak edənlərdir. Son zamanlarda Ermənistanın Yunanıstan, Fransa və Hindistandan hücum silahları, texnikalar alması fonunda Mikaelyanın yaydığı görüntülər İrəvanın revaşist niyyətindən əl çəkmədiyinə dair iddiaları gücləndirir.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli 

“Yeni Müsavat”a danışan hərbi ekspert Ramil Məmmədli Papikyanın ABŞ səfərini hazırkı administrasiya ilə sonuncu görüş hesab edir. Onun fikrincə, Trampın təyin edəcəyi müdafiə nazirindən sonra ABŞ-Ermənistan arasında hərbi əməkdaşlıq sahəsində münasibətlərin hansı səviyyədə olacağını İrəvan hələ bilmir: “Paşinyan hakimiyyəti ABŞ-dan indiki dəstəyi almaya bilər. Düşünmürəm ki, strategiya tamamilə dəyişəcək, amma Tramp dönəmində Ermənistana lazımi hərbi-siyasi dəstək olmasa, Paşinyan KTMT-də fəaliyyətini bərpa edə bilər. Ona görə də Papikyan Bayden komandası ilə danışıqlara gedib və onlardan axırıncı dəstəyi istəyib. Onun bir ayağının ABŞ-da, bir ayağının Fransada olmasından görünür ki, Ermənistan Qərbdən ciddi təhlükəsizlik zəmanəti qoparmaq istəyindədir. Amma buna müvəffəq olmaq asan deyil”. Hərbi ekspert Ermənistanın sürətlə silahlanmasından Azərbaycanın narahatlıq keçirməməli olduğunu fikirləşir: “Biz daha müasir, daha güclü silahlar alırıq. Azərbaycan əl-qolunu sallayıb yunanların, ya da fransızların verdiyi silahlara tamaşa etmir. Azərbaycanın aldığı silahların qarşısına erməni ordusu çıxa bilməz”. 

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun qənaətinə görə, ümumiyyətlə, Ermənistanın müdafiə nazirlərinin hər il Vaşinqtona çağırılmaları ənənə halını alıb: “Papikyan 2022-ci ildə ABŞ-da səfərdə olanda amerikalı həmkarı Lloyd Ostinlə görüşə bilməyib. Papikyanı həmin il Ostinin müavini Kolim Kal qəbul edib. İki ölkə hərbi təhsil sahəsində əməkdaşlıq edir. İl ərzində Ermənistandan bir qrup hərbçi ABŞ-a gedərək burada hərbi təhsillərini davam etdirirlər. Ermənistan ABŞ-dan hərbi texnika ala bilmir. Birincisi, bunun üçün Ermənistanın kifayət qədər maliyyəsi yoxdur. İkincisi, Pentaqon Ermənistanın KTMT üzvlüyünü nəzərə alır. Baş nazir Nikol Paşinyan KTMT-ni sərt tənqid etsə də, bu təşkilata üzvlükdən imtinaya qərar verməyib”. Politoloqun fikrincə, Papikyanın ABŞ-a budəfəki səfərinin əhəmiyyət azdır, çünki görüşdüyü şəxslər ayyarımdan sonra vəzifələri ilə sağollaşacaqlar: “Əgər Suren Papikyan Trampın andiçmə mərasimindən sonra Pentaqona dəvət edilib yeni rəhbərliklə görüşsəydi, bu, İrəvan üçün daha əhəmiyyətli olardı. Hər halda, Papikyan gələn il də Vaşinqtona səfər edəcəyinə ümidlidir. Kreml Suren Papikyanın Vaşinqtondakı görüşlərini diqqətlə izləyir. İstisna deyil ki, Suren Papikyan geri döndükdən sonra Rusiyanın rəsmi şəxslərindən biri İrəvana səfər etsin. Bununla Vaşinqtona qarşılıqlı mesaj göndərən Kreml də ənənəvi siyasətinə sadiq qalacaq”.

Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağarın sözlərinə görə, Ermənistana verilən silahlar İkinci Qarabağ müharibəsi zamanı onlarda var idi: “Bilirsiniz ki, Qarabağ müharibəsində ilk olaraq Osa-AK sistemləri sıradan çıxarıldı. Daha sonra "Tor", “Buk” və "S-300" sistemlərinin məhv edildiyini gördük. Ermənistanın hava hücumundan müdafiə sistemi ciddi şəkildə zədələndi. İndi bu itkiləri kompensasiya etmək məqsədilə Yunanıstanın əlindəki köhnə silahları Ermənistana verib, özü üçün İsrail və Qərb istehsalı olan yeni silahlar almağa çalışdığı müşahidə edilir". Ağarın fikrincə, Yunanıstan və Fransanın Ermənistanı silahlandırması cavabsız qalmayacaq: “Azərbaycan bu prosesləri yaxından izləyir və qiymətləndirir. Prezident İlham Əliyevin göstərişi ilə müdafiə büdcəsi daha da artırılıb. Bu baxımdan Ermənistanın yeni silahlarına qarşı Azərbaycan mövcud və effektivliyini sübut etmiş silahlarla yanaşı, yeni təşəbbüslər irəli sürə bilər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR