İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspertlər Fransanın dəstəyindən narahatdır – “Belə müdafiə müharibəyə gətirə bilər...”

“Fransanın Ermənistana və “artsax”a siyasi dəstəyi erməni xalqını hədsiz sevindirsə də, aydındır ki, rəsmi Paris bəyanatlardan uzağa getməyə hazır deyil. Bu da Ermənistan-Azərbaycan nizamlanması kontekstində əks effekt verir. Fransanın dəstəyi sırf verbal (quru söz) xarakterlidir ki, bu da 2020-ci ildə ikinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra Ermənistanın kəskin şəkildə qəlizləşən təhlükəsizlik problemini heç cür həll etmir”.

Musavat.com-un erməni mediasına istinadən verdiyi məlumata görə, Ermənistanın Azərbaycanla konfliktində Fransanın ermənipərəst mövqeyini şərh edən bəzi erməni ekspertlər və siyasətçilər bu qənaətdədir.

Məqalədə bildirilir: “Artıq həftələrdir Ermənistanda və diasporda Fransa Senatının qəbul etdiyi, Ermənistanla münaqişədə Azərbaycanı pisləyən qətnamə böyük həvəslə qarşılanır. Qətnamədə digər məsələlərlə yanaşı, Fransa hökumətinə (Avropalı tərəfdaşlarla əməkdaşlıq çərçivəsində) Azərbaycanın “təcavüzü”nün (dırnaqlar bizimdir – red.) cəzası kimi diplomatik və iqtisadi tədbirlər nəzərdə tutulması təklif edilirdi. Bununla yanaşı, Azərbaycan hakimiyyətinin aktivlərini hədəfə alacaq sanksiyaların tətbiqi, o cümlədən bu ölkədən qaz və neft idxalına embarqonun tətbiq edilməsi təklif edilir. Lakin siyasi şadyanalıq fonunda bəzi ekspertlər hər halda qəbul edilən sənədə praqmatik mövqedən yanaşırlar, onu Fransanın Cənubi Qafqazda öz geosiyasi maraqlarını irəli aparmaq kontekstində nəzərdən keçirirlər”.

Erməni lobbisi Bakının şansına qarşı – düşmən tərəf Makrona yol axtarır

Qeyd olunur ki, məsləhət xarakteri daşıyan və Fransa hökumətini heç bir adekvat tədbir görməyə məcbur etməyən sənədi qəbul etməklə hər halda, Fransa Ankara və Bakıya geosiyasi təzyiq aləti yaradıb, Brüsselə meydan oxuyub və Rusiya ilə əməkdaşlığın mümkünlüyünə eyham vurub.

“Fransanın Bakıya qarşı xarici siyasətinin sərtləşməsi Senatın qətnaməsindən xeyli əvvəl özünü büruzə verib. Oktyabrın ortalarında Fransa prezidenti Emmanuel Makron Azərbaycanı Qarabağda “dəhşətli müharibəyə” və bu ilin sentyabrında Ermənistanla “sərhəddə hücuma keçdiyinə” görə sözün əsl mənasında qınayıb. Parisin sərt ritorikası izsiz ötüşməyib. Azərbaycan Prezidenti İlham Əliyev vəziyyətdən istifadə edərək dekabrın 7-də Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşü erməni tərəfinin Makronu prosesə cəlb etmək istəyinə görə ləğv edib. Əliyev öz qərarını Parisin son vaxtlar Azərbaycanla Ermənistan arasında münaqişənin kəskinləşdirməsinə reaksiyası ilə əsaslandırıb”, - erməni mediası yazır.

Məqalədə daha sonra deyilir: “Fransanın sərt mövqe tutması Ermənistanın hakim dairələrində də birmənalı qarşılanmır. Pərdəarxası elitanın bir hissəsi hətta bunda münaqişə tərəflərinin mövqelərinin yaxınlaşması üçün əsas platformaya çevrilmiş Avropa platformasında danışıqları pozmaq təhlükəsini görür. Fransa hələ ki, sadəcə, bəyan edir ki, o, ermənilərə və Ermənistana rəğbət bəsləyir, lakin sözdən uzağa getməyə hazır deyil. Məsələn, Ermənistanın təcili ehtiyac duyduğu müəyyən silah növləri, o sırada hava hücumundan müdafiə sistemləri ilə bağlı erməni tərəfinin bütün müraciətlərinə cavab olaraq Fransa hakimiyyəti Ermənistanın KTMT üzvlüyünə işarə edir. Yəni deyirlər ki, NATO üzvü olan ölkə Rusiya ilə hərbi-siyasi ittifaqda olan ölkəyə hərbi yardım göstərə bilməz. Ekspert Tatul Akopyan isə əsrin dörddə biri qədər davam edən Qarabağ nizamlanması prosesində vasitəçi kimi mühüm rol oynayan və ümumən Avropa ictimaiyyətini Minsk Qrupunda təmsil edən Fransanın verbal dəstəyinin Ermənistan və “artsax” üçün o qədər də böyük fayda görmür”.

Erməni politoloq: 'Bu bəyanat Dağlıq Qarabağ üçün ən təhlükəli məsələdir'

Akopyan səbəbi belə izah edir: “Fransa Senat səviyyəsində qətnamə qəbul etməklə faktiki olaraq Bakıya danışıqlarda Parisdən vasitəçi kimi imtinaya əsas yaratdı. Ermənistan və “artsax” bundan heç nə qazanmayıb. Bundan başqa, belə yanaşma Ermənistanın maraqlarına xələl gətirir, çünki danışıqların pozulması Ermənistan-Azərbaycan sərhədində və Artsaxda vəziyyətin gərginləşməsinə gətirə bilər. Fransanın Ermənistanda və diasporda geniş rəğbətlə qarşılanan hərəkətləri əslində onun danışıqlarda vasitəçilik rolunu itirməsinə gətirib. Fikrimcə, bunun erməni maraqları ilə heç bir əlaqəsi yoxdur”.

Onun sözlərinə görə, Fransa Azərbaycana və Türkiyəyə qarşı addımlar ata bilər, amma əslində özünü danışıqlar prosesindən kənarda qoyub. “Parisin sərt ritorikası yalnız Ermənistan və Artsaxla bağlı konkret addımlar atılacağı təqdirdə faydalı olacaq. Məsələn, Azərbaycana qarşı sanksiyalar və ya Ermənistana silah verilməsi. Amma biz bunların heç birini görmürük”, - deyə o əlavə edib.

New criminal case not filed against former SCR chairman Vardan Harutyunyan,  examination of the existing one continues: SIS spokesperson - aysor.am -  Hot news from Armenia

Tanınmış erməni hüquq müdafiəçisi və dissident Vardan Arutyunyan da onunla razıdır: “Bizim üçün daha sərfəlisi o olardı ki, Fransa kimi ölkə Ermənistanı dəstəkləməkdə təmkinli olaydı, açıq-aşkar tərəfkeşlik göstərməyəydi, müzakirələri təşkil edən və aparan sanballı vasitəçi kimi qalaydı. Bu, Ermənistan üçün qat-qat faydalı ola bilərdi. Nəticədə bu gün bizim dost ölkəmiz var, amma bizim üçün taleyüklü danışıqlar zamanı bu dost ölkə masa arxasında ola bilməz”.

Göründüyü kimi, az-çox məntiqini saxlayan erməni təhlilçilər Fransanın kapitulyant xalqa “ayı xidməti”nin fərqindədirlər.

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR