İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni baş nazirdən növbəti həyasızlıq: yenə “sülh”dən danışıb Bakıya şərt qoydu

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi məsələsində beynəlxalq birliyi çaşdırmağa yönəlik təxribatçı taktikasına sadiqdir. Martın 29-da hökumətin iclasında o, ənənəvi riyakar mövqeyini təkrarlayıb. Dildə “sülh”, “anlaşma” desə də, əslində, ölkəmizə qarşı əsassız ərazi iddiasını növbəti dəfə ortaya qoyub.

Belə ki, Nikol Paşinyan “Ermənistan hökuməti sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyir” söyləməklə yanaşı ardınca bildirib: “Ümid edirik ki, tezliklə Stepanakert-Bakı (Xankəndi-Bakı - red.) və Ermənistan-Azərbaycan danışıqları formatında konkret irəliləyiş olacaq. Aydındır ki, bu kontekstdə beynəlxalq təminatların və mexanizmlərin prosesə cəlb edilməsi son dərəcə vacibdir”.

Belə çıxır, uydurma “artsax” da beynəlxalq hüququn subyekti, ayrıca bir dövlətdir və Bakı İrəvanla yanaşı, Xankəndi ilə də eyni formatda, bərabərhüquqlu danışıq aparmalıdır. Özü də “beynəlxalq təminat və mexanizm” çərçivəsində. Halbuki söhbət bizim daxili işimizdən, erməni əsilli vətəndaşlarımızla yalnızca dialoqdan söhbət gedir. Hansısa vasitəçilərin iştiraklı ilə danışıqlardan yox. Erməni baş nazir isə mövcud olmayan “Qarabağ məsələsi”ni bu yolla, hiyləgərcəsinə beynəlmiləlləşdirməyə çalışır ki, erməni əhalinin inteqrasiya prosesi mümkün olmasın. Çünki biz beynəlxalq vasitəçilərin nəyə qadir olduğunu yaxşı bilirik.  

Qısası, kapitulyant ölkənin rəhbəri yenə də “sülh”dən danışaraq bizə şərt qoyub.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, rəsmi İrəvanın Qarabağda yaşayan ermənilərlə bağlı məsələni Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması kontekstindən çıxararaq, guya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi, əslində, ölkəmizin erməni əsilli sakinlərinin və Rusiya sülhməramlılarının çətiri altında öz mövcudluqlarını qoruyan separatçıların tərəf kimi təqdim edilməsi cəhdindən başqa bir şey deyil: “Ermənistan məqsədyönlü şəkildə Qarabağda yaşayan ermənilərlə bağlı məsələni insan hüquq və azadlıqları müstəvisinə çəkərək, prosesə beynəlxalq oyunçuları cəlb etməklə öz niyyətinə nail olmaq istəyir. Tezis eynidir. Yəni ”ermənilər azərbaycanlılarla birlikdə yaşaya bilməzlər" iddiası dəyişməyib, amma yanaşmalar dəyişib.

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli: “Ermənistan Qarabağdakı ermənilərin məsələsinə beynəlxalq oyunçuları cəlb etməklə...”

Rəsmi İrəvan indi Azərbaycan ərazilərində yaşayan ermənilərlə bağlı məsələdən geri çəkildiyini görüntüləməklə, paralel olaraq erməni diasporunu və lobbisinin bu prosesdə daha aktiv rol almalarını təmin etməklə, ölkəmizin erməni sakinlərinin guya hüquqlarını pozulduğu barədə bəhanələr yaratmaqla Azərbaycanı beynəlxalq birliklə, məhz insan haqları kontekstində qarşı-qarşıya gətirmək istəyir. Çünki uzun illər boyu “xalqların öz müqəddəratını təyin etmə” və “ərazi bütövlüyü” üzərindən manipulyasiya edən və birincinin ikincidən daha üstün norma olduğunu sübuta yetirməyə çalışan Ermənistanın bu istiqamətdə cəhdləri nə hüquqi, nə siyasi, nə də hərbi müstəvidə heç bir nəticə vermədi. Bu aspektdən də rəsmi İrəvan vaxtilə bəzi Qərb institutlarının və erməni lobbisinin təşviq etdiyi strategiyaya qayıdaraq, prosesi sırf insan haqları müstəvisindən təqdim etmək və Azərbaycana qarşı kənar təzyiqlərin artmasına nazil olmaq istəyir".

E.Mirzəbəyli bu yanaşmanın da hansısa nəticələrə gətirib çıxaracağına inanmır: “Azərbaycan suveren əraziləri və sərhədləri üzərində tam nəzarətin bərpasından, Ermənistanın hələlik Rusiya sülhməramlılarının səlahiyyət zonasına daxil olan Azərbaycan ərazisinə bu və ya digər formada müdaxiləsinin qarşısı alındıqdan sonra separatçı meyllərin reallıqların qarşısında geri çəkiləcəyini düşünürəm”.

Azər Həsrət: “Mən trol deyiləm” Pravda.az

Azər Həsrət: “Paşinyan reallıq hissini itirmiş kimi görünür”

Siyasi şərhçi Azər Həsrət isə bildirdi ki, Ermənistanın Azərbaycanla ümumiyyətlə şərtlə danışmaq durumu yoxdur: “Bunu Paşinyan və digər ermənilər nəhayət dərk eləməlidirlər. Azərbaycanın Qarabağdakı erməni vətəndaşları məsələsi Ermənistanla müzakirə ediləcək məsələ deyil. Yaxşı olar ki, Nikol Paşinyan Azərbaycanla münasibətlərdən danışarkən Qarabağın ümumiyyətlə, adını çəkməsin. Söhbət Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından gedə bilər. Paşinyan bunu istəyirsə, Qarabağın adını çəkməməlidir. Qarabağ Azərbaycan ərazisidir və bu ərazidə qalıb yaşamaq istəyən yerli ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlarla hər hansı məsələnin müzakirəsi, həlli Azərbaycan dövlətinin özünün daxili işidir. Buna Ermənistan müdaxilə etməməli və hansısa pozuculuq yaradan şərtlər irəli sürmək adətindən əl götürməlidir.

Ermənistanın heç bir ixtiyarı, hüququ yoxdur Azərbaycanın daxili işi olan məsələyə qarışsın. Azərbaycan hakimiyyəti öz vətəndaşlarımız saydığımız erməniləri ölkənin paytaxtına - Bakıya dəvət edib. Ona görə dəvət edib ki, gəlsinlər reiteqrasiya və yenidənqurma prosesini birlikdə müzakirə edək. Sadəcə olaraq, Qarabağdakı dağıdıcı qüvvələr bu prosesin qarşısını alır. Azərbaycan da güc tətbiq etmədən, qan tökmədən yavaş-yavaş məsələni həll etməyə çalışır. Ermənistan rəhbərliyinin indi yenidən durub şərt kimi fikirlər irəli sürməsi Azərbaycan tərəfindən qəbuledilməzdir. Paşinyan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını, sülh sazişinin imzalanmasını istəmədiyi üçün yenə cığallıq edir və pozuculuğa xidmət edən fikirlər səsləndirir. Amma bir şeyi unudur ki, Azərbaycan məsələləri güc yolu ilə həll etmək gücünü daha da artırıb. Paşinyan reallıq hissini itirmiş kimi görünür".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR