İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanla görüş Paşinyanın son şansıdır-ŞƏRH  

“Türkiyə və Azərbaycan regionda sülhün tərəfdarı kimi çıxış edirlər. Sinxron addımlarında qonşularla münasibətlərin yaxınlaşmasını, əlaqələrin genişləndirilməsini əsas götürən iki qardaş türk dövləti, təbii ki, milli maraqlara söykənərək işğalçı dövlət olan Ermənistana sivil qaydalara, beynəlxalq sənədlərə hörmətlə yanaşmağı tövsiyə edirlər. Ermənistan guya müstəqil siyasət yürüdür, əlaqələrində balans yaradır. Amma İrəvanın müstəqil olmadığı, bir yox, bir neçə sahibinin olduğu ortadadır. Məhz maşasını tutduğu dövlətlərin sayəsində Ermənistan ölkəmizə qarşı ərazi iddiaları irəli sürüb, işğalçı siyasət yürüdüb və nəticədə Azərbaycan ordusu tərəfindən məğlub edilib".

Bu barədə Musavat.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycanın Ermənistanı sülhə dəvət etməsi ədalətli davranış nümunəsidir, qonşuları ilə qarşılıqlı hörmət əsasında yaşamaq, regionda sabitlik mühiti yaratmaq istəyidir:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-York şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul etməsi qardaş ölkə rəhbərinin regionda müharibəyə son qoymaq niyyətindən xəbər verir. Ermənistan kiçik ölkədir, onun regional siyasətdə hansısa dəyişiklik edəcəyi qeyri mümkündür. Amma bəzi addımlara mane olacaq qədər riyakar ölkədir. Buna görə də həm Türkiyə, həm də Azərbaycan İrəvana bəzi fürsətləri vermədən onu neytrallaşdırmaq istəyirlər. Ərdoğanla görüşü Paşinyan üçün çox böyük lütfdür, bəlkə də ən son şanslardan biridir. Nə Türkiyə, nə də Azərbaycan Ermənistanla uzun müddət danışıqlar aparmaq niyyətində deyillər. Əgər İrəvana sülh lazım deyilsə, nə Ankaraya, nə də Bakıya Ermənistanla sülh axtarışına çıxmaq məqbul deyil. Məsələ bundadır ki, Ermənistana Türkiyə ilə sərhədlərin açılması hava-su kimi lazımdır. Bu isə Azərbaycanla münasibətlərin normallaşmasından, sülh müqaviləsinin imzalanmasından keçir".

A.Hüseynov qeyd edib ki, İrəvanın Ankara ilə Bakıdan yan keçməklə münasibətlər qurmaq, yaxınlaşmaq istəyi bütün hallarda dalana dirənəcək:

"Qərbin maraqlarına gəldikdə isə Ermənistanı Türkiyə ilə birbaşa, heç bir şərt qoymadan münasibətlər yaratmağa məcbur edənlər, əslində, həm Bakının, həm də Ankaranın nəbzini yoxlamaq istəyirlər. Bu yoxlanış həm də Orta Dəhliz məsələsində Türkiyə və Azərbaycanın daha çox kiminlə yola davam etmək istəklərini öyrənməyə hesablanıb. Qərb Ermənistan adlı maşası ilə Cənubi Qafqazı qarışdırmaq istəyir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR