İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın sülh çağırışına rəsmi Bakı necə reaksiya verəcək? – Paşinyan Ərdoğana pənah apardı

Ötən gün Nyu-Yorkdakı Türk evində Ermənistan baş naziri Nikol Paşinyanı qəbul edən Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğan görüşdən sonra maraqlı açıqlama verib. Paşinyanın mövqeyində mənfi tendensiya görmədiyini bildirən Türkiyə lideri qeyd edib ki, rəsmi İrəvan “Türkiyədən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması və mehriban qonşuluğun yaradılmasında dəstək” gözləyir.

“Biz də bu məqsədi güdürük və bu istiqamətdə səylər göstəririk. Ümid edirəm ki, biz Azərbaycan və Ermənistan arasındakı bu hadisələri mərhələli şəkildə həll edə bilərik və Azərbaycanla Ermənistan arasında olan bu problemləri aradan qaldırmaqla normala qayıda bilərik. Çünki hər iki tərəf əslində sülhün tərəfdarıdır. Hazırda Azərbaycan tərəfinin belə bir gözləntisi var və onlar buna səy göstərirlər. Biz bunu Ermənistanda da gördük. İnanırıq ki, yaranacaq sülh və əmin-amanlıq mühiti hamı üçün ən yaxşısı olacaq. Ermənistan və Azərbaycan arasında sülh hər iki ölkə üçün yeni imkanlar və mənfəətlər üçün qapı açacaq. Bu sülh prosesinin müsbət nəticəsi Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinə də müsbət təsir göstərəcək”, - deyə Ərdoğan bildirib.

Yəqin razılaşarsınız ki, cənab Ərdoğanın bu sözləri Ermənistandan Konstitusiyasındakı ölkəmizə qarşı ərazi iddiaları irəli sürən maddələri çıxarmağı tələb edən Azərbaycana ünvanlanmış çağırışdır. Bəs, rəsmi Bakı bu çağırışa necə cavab verə bilər?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, Türkiyə Prezidentinin bu çağırışları yəqin ki, rəsmi Bakı tərəfindən də nəzərə alınacaq:

oğuz.jpg (255 KB)

“Baxmayaraq ki, ölkəmizin bir sıra mühüm şərtləri İrəvan tərəfindən tam qəbul olunmayıb. Bununla belə, Ərdoğanın da mətbuat açıqlamasından aydın olur ki, Paşinyan onunla görüşündə tədricən Azərbaycanın bütün haqlı irad və tələblərini yerinə yetirəcəyinə dair üzərinə mühüm öhdəliklər götürüb. Türkiyə lideri “biz Azərbaycan və Ermənistan arasındakı bu hadisələri mərhələli şəkildə həll edə bilərik” deyərkən də bu həqiqətə barmaq basıb. Görünür, Paşinyan olduqca çətin vəziyyətlə üz-üzə olduğunu, Rusiyanın 5-ci kolonu tərəfindən basqılara məruz qaldığını deyərək, Ərdoğandan bəzi tələbləri yerinə yetirmək üçün möhlət istəyib. Ərdoğan da məhz bu səbəbdən bəzi məsələləri mərhələli şəkildə həll olunacağına qəti inamını bildirib”.

Heydər Oğuzun fikrincə, Ermənistan liderinin birdən-birə həyata keçirməkdən çəkindiyi əsas məsələ Konstitusiya dəyişikliyi, kommunikasiya əlaqələrinin açılması və Minsk qrupundan imtina ola bilər: “Məlumdur ki, Türk düşmənçiliyi üzərində köklənmiş erməni ictimai rəyi Azərbaycanın tələbi ilə Konstitusiya dəyişikliyinə getməyi öz qüruruna yedirə bilmir. Bunu rəsmi Bakının Ermənistan hüquq sisteminə birbaşa müdaxiləsi olaraq qəbul etdiyindən Paşinyanın belə bir addım atmasına xəyanət kimi baxır. Digər tərəfdən, Zəngəzur dəhlizinə rus sərhədçilərinin nəzarət etməsini öz suverenlik haqlarınin pozulması kimi alqılayan Paşinyan hakimiyyəti bu tezislə də razılaşmaqda çətinlik çəkir. Ən azı ona görə ki, Qərbə inteqrasiya prosesində bu amilin ciddi əngəl olacağını, hətta Ermənistanı geosiyasi rəqabətin qanlı poliqonuna çevirə biləcəyini düşünür. Minsk qrupundan imtina isə İrəvanın daha rahatlıqla razılaşacağı şərtdir və yəqin ki, Ərdoğanın çağırışı rəsmi Bakı tərəfindən qəbul olunarsa, atılacaq ilk addım da elə bu olacaq”.

Həmsöhbətimiz xatırladıb ki, Ermənistan, Konstitusiya dəyişikliyi ilə bağlı mövqeyini bundan əvvəl də dəfələrlə ifadə edib: “O hətta bu dəyişiklikləri nə zaman həyata keçirəcəyinin dəqiq vaxtını verib – 2026-cı və ya 2027-ci ildə. Paşinyanın dünənki görüşdən sonra bu məsələ ilə əlaqədar Azərbaycanı ən çox narahat edən bir məqama da aydınlıq gətirib. Bilirsiniz ki, rəsmi Bakının əsas arqumenti iki tərəf arasında bağlanan müqavilənin Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən ləğv olunması ehtimalıdır. Necə ki, bənzər hadisə 2009-cu ildə Türkiyə ilə imzalanmış Sürix protokolunda yaşanmışdı. Paşinyan dünən bu barədə açıqlama verərək bildirib ki, əgər həqiqətən də Ermənistan Konstitusiya Məhkəməsi bu addımı atarsa, İrəvan Konstitusiyanı dəyişdirmək üçün referendum keçirəcək. Yeri gəlmişkən, erməni liderinin bu fikirləri onun özünün də Konstitusiya Məhkəməsinə çox arxayın olmadığından xəbər verir və rəsmi Bakının əndişələrində çox da yanılmadığını təsdiqləyir”.

Heydər Oğuzun fikrincə, İrəvanı Azərbaycanın haqlı tələblərini yerinə yetirməkdən çəkindirən əsas məsələ bu zamanadək qurduğu təhlükəsizlik strategiyasının çökməsindən və onun yerinə yenisinin inşa edə bilməməsindən qaynaqlanır: “Tamamilə özünə yad bir coğrafiyada imperialist qüvvələr tərəfindən məskunlaşdırılan və coğrafiyanın əzəli sahibi Türk xalqlarına qarşı düşmənçilik hissi ilə yoğrulan erməni ictimai şüuru II Qarabağ döyüşlərində məğlubiyyətlə üzləşdikdən sonra darmadağın oldu. Bütün dünyanın onların nazıyla oynamasına öyrəşən ermənilər yeni reallıqla üzləşdilər. İndiyədək xarici havadarlarına güvənən ermənilər yeni status-kvonun şərtləri altında əzildilər. Yeni havadar axtarışları da fayda vermədi. Gah Rusiyanın, gah İranın, gah da Hindistan, Fransa, ABŞ və s. kimi uzaq coğrafiyalara bağladıqları ümid də özünü doğrultmadı. Sonunda anladılar ki, yaşadıqları süni vətənlərində daimi qala bilmələri üçün ən isti qucaq Türk xalqlarının qoynudur. Məhz bundan sonra Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın hüzuruna çıxdı və ondan imdad dilədi. Ərdoğanın məlum açıqlamasında ermənilər “bizdən, Türkiyədən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması və mehriban qonşuluğun yaradılmasında dəstək gözləyirlər” deməsi də bu iddiaları təsdiqləyir. Və bu həm də onu göstərir ki, Paşinyan hakimiyyəti imdad diləcəyi ən doğru ünvanı tapıb. Bu ünvan, sözsüz ki, regionun əsl sahibləri olan Türk xalqlarıdır”.

Heydər Oğuzun fikrincə, Paşinyanın Nyu-yorkda Ərdoğanın hüzuruna çıxmasının böyük geosiyasi anlamı var: “Görünən budur ki, Nyu-yorkda da yeni himayədar tapa bilməyən erməni lideri Türk iradəsi ilə hesablaşmağa məcbur olub və Ərdoğana pənah aparıb. Məncə, bu fakt 44 günlük savaşdan sonra Türk birliyinin qazandığı ən mühüm diplomatik uğurdur”.

Bir çoxlarının Türkiyə və Azərbaycan liderlərinin ilk baxışdan fərqli mövqelərdən çıxış etməsini iki ölkə başçısının arasında sərin yellər əsməsi kimi qiymətləndirməsi ilə razılaşmayan Heydər Oğuz bu fərqli yanaşmaların əslində kompleks şəkildə hazırlanmış diplomatik manevr olduğuna inanır.

Onun fikrincə, vahid yanaşmanın iki ayrı müstəvisi olan bu fərqli mövqelər eyni məqsədə xidmət edir: “Qədim Türklərdə “Qurd tələsi” deyilən bir hərbi taktika vardı. Bu taktinanın qısa məzmunu belə idi: döyüşçülərdən bir qismi düşməni əvvəlcədən pusquda dayanan silahdaşına doğru qovur və pusqudakı silahdaş anidən ortaya çıxıb “ovu” boğazlayır. Diplomatiya da savaşın qansız formasıdır və faktiki olaraq Ərdoğanla İlham Əliyev bu taktikadan istifadə edib erməni liderini Nyu-yorkda yaxaladılar. Təbii ki, bu “Qurd tələsi”ndə qovan Azərbaycan lideri, yaxalayan isə Türkiyə prezidenti idi”.

Heydər Oğuz istisna etmir ki, iki qardaş ölkənin “Qurd tələsi” taktikasında Qərb dövlətləri, xüsusilə də ABŞ önəmli rol oynayıb: “Ərdoğanla Paşinyanın görüşündən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Antoni Blinkenin təşəbbüsü ilə bir araya gəlməsi və bu üçtərəfli görüşdən sonra iştirakçılar tərəfindən müsbət açıqlamalar verilməsi onu göstərir ki, Cənubi Qafqazda sülhə böyük ölçüdə yaxınlaşıblar. Böyük ehtimalla, ABŞ-da keçiriləcək son prezident seçkilərindən əvvəl Azərbaycanla Ermənistan arasında bəzi sənədlər də imzalanacaq”.

Həmsöhbətimizin fikrincə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin zamanlaması təsadüfi deyil: “Əvvəla, seçkidən qabaq Demokrat partiyasına xarici siyasətdə uğurlar lazımdır. Bu uğurlardan biri Azərbaycan-Ermənistan arasında imzalanan sülh sazişi, digəri isə Yaxın Şərqdə İsrailin yeni uğurları ilə qazanıla bilər. Ukrayna-Rusiya cəbhəsində isə rəsmi Kiyevin ciddi şəkildə dəstəklənəcəyini və onun Moskva üzərində mühüm üstünlüklər əldə edəcəyini gözləyirəm. Qlobal miqyasda əldə olunan bu uğurlar Kamala Harrisin də əsas təbliğat mövzusuna çevrilə bilər”.

Bundan əvvəl də saytımıza verdiyi açıqlamasında Azərbaycan-Ermənistan arasında imzalanacaq sülh sazişinin oktyabr ayının sonlarına və ya noyabrın əvvəllərinə düşəcəyini proqnozlaşdırdığını xatırladan Heydər Oğuz deyib ki, Ərdoğanın sözügedən açıqlaması və ardınca da Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin görüşləri ondakı bu inamı artırır.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR