Onlayn ictimai-siyasi qəzet
Türkiyə cümhuriyyəti tarixində prezident seçkiləri ilk dəfə ikinci tura qaldı. Bu, sözsüz ki, qardaş ölkənin “üzünü ağardan” çox mühüm demokratiya hadisəsidir. Terrorçu və faşist Ermənistanı neçə vaxtdır utanıb-qızarmadan Türkiyəyə “demokratiya nümunəsi” kimi göstərməyə çalışan Qərbin məkrli mərkəzlərinə və “insan haqları” təşkilatlarına, özəlliklə “demokratiya sammit”lərindən qardaş dövləti kənarda saxlayanlara tərs bir şillədir. Dürüst, azad seçki belə olar.
Ərdoğanın 1-ci turda yekun nəticəsi bəlli: 49.51%. Yəni 50% + 1 səsli qələbə üçün ona cəmi 0.5 % çatmadı. Bu da təxminən 240 min nəfər edir. Heç şübhəsiz, ikinci turda – 28 mayda bunu o, asanlıqla təmin edəcək. 85 milyonluq ölkədə 240 min səs nədir ki...
Əslində Rəcəb bəy bir azca inzibati resursları işə salsaydı, məsələni elə birinci turdaca bitirərdi. Amma o, qul haqqına girməyin nə olduğunu yaxşı bilən bir iman adamı, modern siyasətçi və demokratik təfəkkürlü şəxs olaraq, bu harama və ədalətsizliyə getmədi. Halala, millətinə və ədalətə sayğıya üstünlük verdi.
Müqəddəs Qurani-Kərimdə belə bir ayə var (“Maidə” surəsi): “Allahın kömək eləmədiyi kəsə heç kim kömək edə bilməz”. Buradan çıxan başqa məntiq: xoş o adamın halına ki, yardımçısı Uca Allahdır. Beləsinə zaval olmaz...
İndi gündəmə açar isim kimi 5.2 faizlik seçici səsi ilə Azərbaycan kökənli Sinan Oğan gəlib. Ancaq iş ondadır ki o, həlledici turda Kamal Kılıçdaroğlunu (44.9) dəstəkləsə belə, bu, sonuncuya qələbə qazandırmayacaq. Əsas səbəbi az yuxarıda dedik. Ötə yandan, Sinan bəyin “Bay Kamal”ın xeyrinə çağırışına rəğmən, tərəfdarlarının çox cüzi hissəsi buna məhəl qoya bilər, yaxud heç qoymazlar. Çünki onlar ən azından, “nəyin qarşılığında” sualını verəcəklər.
O zaman cənab Oğan niyə də indidən qalibin yanında yer alıb iqtidardan, parlamentdə öz üstünlüyünü saxlamış “Cümhur İttfaqı”ndan hansısa real dividentlərə ümid eləməsin? “Batmaqda olan gəmi”yə bilet almaq uzaqgörənlik olmaz. Hətta siyasi xadim üçün intihar anlamı verər. Üstəlik, pislik Oğana qalar.
Sonra. Sinan bəy bir azərbaycanlı. O, Azərbaycan əleyhinə layihələrdə baş rol ayrılmış birisinin seçim şansını niyə artırsın ki? Hər necə olmasa, onun öz millətinə bir vəfa borcu da olmalı. Kılıçdaroğlunun yanında qərar tutmaqla o, yüzdə-yüz 50 milyonluq Azərbaycan toplumundakı müsbət imicinı də korlayacaq. Təsadüfi deyil ki, Ermənistandakı radikal-revanşistlər bütün ümidlərini məhz Sinan Oğanın “Bay Kamal”a mümkün dəstəyinə bağlayıblar...
Ola bilsin, Sinan Oğanın çağırışına rəğmən, ona səs verənlər heç Ərdoğanı da tam dəstəkləməsin. Yaxud təkrar seçkiyə getməsinlər. Zira, mümkündür ki, 5.2%-in içində olanların əksəriyyəti Oğanın tərəfdarlarından daha çox, Ərdoğan və “Bay Kamal”ın əleyhdarlarıdır. Amma və lakin, onlardan cüzi hissəsinin səsi də Tayyib bəy üçün yetərli ola bilər.
İstənilən halda, Türkiyənin hazırkı lideri öz 0.5%-ini hardansa mütləq tapacaq. Həm də artıqlaması ilə. Bu, onun kimi miqyaslı və təcrübəli dövlət adamı, siyasi texnoloq üçün qəliz məsələ sayılmaz. Təbii ki, qarşıdakı 13 gündə fors-major olaylar yaşanmasa, inşallah.
Amma tarixdə yaxşı adla qalmaq perspektivi də var axı. Həm də Azərbaycan tarixində. Sinan Oğanı deyirik...
P.S. 28 May Müstəqillik Günü Azərbaycan xalqı üçün müqəddəs tarixlərdən biridir. Allah qoysa, Azərbaycan sevdalısı R.T.Ərdoğana düşərli olar, həmin günə öz “damğa”sını vurar və “bir millət- iki dövlət” ikiqat bayram yaşayar...
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ