Onlayn ictimai-siyasi qəzet
Bir neçə il əvvəl başqa bir ölkədə prezident seçkiləri haqda narahatlığını dilə gətirib, üstəlik də “filan namizədin qələbə qazanmasını istəyirəm” əlavəsini etsən, haqlı olaraq soruşardılar ki, “sənin öz ölkənin dərd-səri yoxmu?” Dünyanın indiki gərgin gündəmində isə heç kim buna təəccüblənmir. Çünki dünya sürətlə “soyuq müharibə” dövrünə qayıdır. “Soyuq müharibə” dövrünün politoloji mənasını qoyun kənara, psixoloji olaraq onun bir izahı var: kim-kiminlə vuruşacaq, kim-kiminlə dost olacaq...
Türkiyə bizə heç vaxt “başqa ölkə” olmayıb. Bu təkcə din, dil birliyi deyil, ona qalardısa, İran bizim qardaş olardı. Bu əlbəttə ki, “böyük qardaşlıq” da deyil, ona qalsa, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Türkiyədən beş yaş “böyükdür”. Bu, əlbəttə ki, başqa bir doğmalıqdır. Həm də tarixi Qarabağ müharibəsində bizə ciddi mənəvi dəstək verməklə başlamayıb. Bu, uzun tarixdir və Türkiyə sevgisi Azərbaycanın ictimai-siyasi həyatında həmişə ciddi yer tutub. Qadağalar dövrü də təbii ki, olub. Məsələn, ortaq türkcədə yazmış Hüseyn Cavidi pantürkist adı ilə sürgündə çürüdüblər də... Keçmiş keçmişdə qalsın, mövzumuz bugünkü Türkiyədir.
Rəsmi olaraq bəllidir ki, Türkiyə mayın 14-də seçkilərə gedəcək. Eyni gündə qardaş ölkədə parlament və prezident seçkiləri keçiriləcək. Hakim partiyanın namizədi bəllidir: bu, Rəcəb Tayyib Ərdoğandır. Ərdoğanın baş nazir və son prezidentliklə birgə 20 illik hakimiyyəti hamar olmayıb. Türkiyə bir çox ağır sınaqlarla üzləşib, yüzlərlə günahsız insan PKK və İŞİD terrorunun qurbanı olub, silahlı hakimiyyət çevrilişinə şahidlik edib. Ölkənin dayanaqlı hökuməti olması səbəbindən iqtisadiyyatı böyüyüb, xüsusilə silah sənayesində inqilabi yeniliklərə imza atıb. Hakimiyyət əlbəttə ki, bu illər ərzində ciddi səhvlər də buraxılıb, xüsusilə ordu generalları üzərində qanunsuz məhkəmələr, hökmlər olub. Amma tədricən bu səhvlər düzəldilib. İndi də ölkədə iqtisadi problemlər var, sadə vətəndaş düşünür ki, AKP iqtidarı gedərsə, Türkiyədə fərqli dönəm başlayar, ən əsası soyuducular ərzaqla dolar və sairə...Əlbəttə ki, son söz xalqındır və yaranmış vəziyyətin qəlizliyini hakimiyyətə iddialı olan müxalifət də, iqtidarda qalarlarsa daha da güclü Türkiyə quracaqlarını vəd edən Ərdoğan da fərqindədir.
Amma bu dəfə Türkiyədə hakimiyyət uğrunda mübarizə sərhədləri də aşıb, indi dünyanın bütün beyin mərkəzləri, təhlilçilər Ərdoğanın may seçkilərində hakimiyyətdə qalıb-qalmayacağını müzakirə edirlər. Adətən, ABŞ-da prezident seçkilər dünyanı bu qədər məşğul edərdi. İndi Ərdoğanın personasına olan diqqət heç Baydenə də yoxdur. Olsa-olsa Putin və Zelenski bu rəqabətdə Ərdoğanı qabaqlaya bilər. Amma elə maydakı seçkiyə dünya güclərinin bu qədər diqqət yetirməsinin əsas səbəblərindən biri də Ərdoğanın Ukrayna-Rusiya müharibəsindəki siyasi duruşudur.
Ərdoğan xüsusilə son 5 ildə Türkiyəni dünyada sözükeçən, dünya güclərinin hesablaşmağa məcbur edən ölkə səviyyəsinə gətirib. Bu, o qədər danılmaz bir faktdır ki, heç daxili müxalifət belə, bunu inkar edə bilmir. Türkiyə zatən, Qəddafinin çadır ölkəsi deyildi, amma etiraf edək ki, bəzi güclər onu “sözəbaxan ölkə ” gözündə görürdü. Ərdoğan isə Türkiyəni gücləndirərək, elə bir mövqeyə gətirdi ki, indi bu ölkədəki seçkiyə hamı diqqət yetirməyə məcburdur. Çünki Türkiyə daha yönləndirilən ölkə deyil, əksinə, özü dünyadakı proseslərə yön verir. O səbəbdən Ərdoğanın hakimiyyətdən getməsini istəyənlərin sayları da çoxdur. Gözəyarı statistika da onu deməyə əsas verir ki, indiki Türkiyə bəzi güc mərkəzlərin planlarını pozur. Məsələn, Türkiyə indi Rusiya-Ukrayna müharibəsində anti-Putin koalisiyasında yer alsaydı, Moskvanın vəziyyəti daha da ağır olardı. Bu, Ərdoğanın Putinə rəğbətindən irəli gələn mövqe deyil. Baxmayaraq ki, Putin dəfələrlə Ərdoğanı siyasətçi kimi sözünə düz lider və “mujik” adlandırıb. Türkiyə bölünmüş dünyada öz dövlətinin çıxarına olan tərəfi seçib. Avropada Ukrayna müharibəsinə qoşulması səbəbindən iqtisadi böhran dərinləşdi, xalq ayaqlandı, bir neçə iqtidarın hətta sonu da gəldi, bəziləri də “ipdə”dirlər. Türkiyə isə daxili problemlərlə baxmayaraq, xalqın əlinə “Molotov kokteyli” alıb meydanlara çıxmasından yayına bildi. Belə qarışıq Türkiyə nə yazıq ki, çoxlarının arzusudur...
Dünyanın beş ən nüfuzlu liderinin siyahısı hazırlansa, şübhəsiz Ərdoğan ilk üçlükdə yer alar. Bu Türkiyənin gücüdür, demək həm də Azərbaycanın xeyrinədir. Ərdoğanın 44 günlük Qarabağ müharibəsində siyasi duruşu da heç vaxt unudulmayacaq. Ərdoğan iqtidarının Qarabağ məsələsində qətiyyətli mövqeyi Azərbaycanı bu haqlı savaşda qarşısında durmaq istəyənlərin planlarını pozdu. Ərdoğanı həm də buna görə bağışlaya bilməyənlər də var. May seçkilərində qalib gəlməsini arzulamağımız xalq olaraq Ərdoğana həm də bir vəfa borcumuz hesab olunmalıdır.
Ərdoğan müxalifəti-“6-lı masa”nı fəal siyasi səhnədən getmiş bizm müxalifətə də bənzətmək olar. Ortaq namizəd hələ ki, yoxdur, ola bilsin, heç olmasın da. “6-lı masa”da Türkiyəni birgə idaretmə kimi müəmmalı bir model ətrafında müzakirələr açması Ərdoğanın şansını artırır. Türkiyə iqtidarının dəyişməsini istəyənlər alternativə də münasibətdə ümidsizləşirlər.
Ərdoğanın qalmasını və getməsini istəyən kənar qüvvələrin mövqeyi o qədər aydındır ki, onu xüsusi izahat vermək gərək deyil. Hətta ermənilər də indi qulaqların tülkü kimi şəkləyib Türkiyədə hakimiyyət dəyişikliyi arzusundadırlar. Heç kimin işinə qarışmayan və ya bunu hansısa dövlətlərin arzusu ilə gerçəkləşdirən, “öz qınına çəkilmiş” bir Türkiyə iqtidarını istəyənlərin də məqsədi aydındır.
Güclü Türkiyə, güclü Azərbaycan deməkdir. Ərdoğan seçkidə xalqın istəyi ilə gedərsə, dünyanın da axırı olmayacaq, Türkiyənin də. Türkiyə oturuşmuş dövlətdir, zəifləyə, zəif iqtidarı ola bilər, amma əsla ayaq altında qalmaz. Ərdoğan qalarsa, Türkiyəni qaldığı yerdən yenə irəli götürə bilər. İnşallah, belə olar...
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ