Onlayn ictimai-siyasi qəzet
"Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpasının 107-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu şərəfli gün azərbaycanlı qardaşlarımızın azadlıq, suverenlik və milli birlik yolunda göstərdiyi böyük iradənin simvoludur".
Musavat.com bildirir ki, bunu Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç deyib.
"Müstəqil Azərbaycan bu gün güclü dövləti, qüdrətli ordusu və vətənpərvər xalqı ilə dünya arenasında fəxrlə addımlayır. "Bir millət, iki dövlət" anlayışı ilə əsrlərə dayanan dostluq və qardaşlıq münasibətlərimiz bu gün hər sahədə – siyasi, iqtisadi, hərbi və mədəni – dərinləşməkdədir. Türkiyənin daim Azərbaycanın yanında olması, müstəqilliyinə və ərazi bütövlüyünə verdiyi dəstək xalqlarımız arasında əbədi birlik nümunəsidir.
Bu dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi arzusuyla Azərbaycan xalqına sülh, rifah və əbədi müstəqillik diləyirik!
28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Laçın Hava Limanının açılışında iştirak etməsi iki ölkə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bir daha nümayişidir. Bu səfər həm rəmzi, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Prezident Rəcəb Tayyib Ərdoğanın səfəri Azərbaycanla Türkiyə arasındakı "Bir millət, iki dövlət" prinsipinin praktiki təzahürüdür.
Laçın Hava Limanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində inşa edilmiş üçüncü beynəlxalq hava limanıdır (Füzuli və Zəngilandan sonra). Prezident Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanı və Zəngilan Hava Limanının açılışı mərasimində də Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə iştirak edib. Bu tarixi hadisənin təkrar edilməsi əlamətdar bir hadisədir.
Laçın Hava Limanının açılışı regionun bərpası, iqtisadi inkişafı və turizm potensialının artırılması üçün mühüm addımdır.
Laçın Hava Limanının açılış mərasimi və Prezident Rəcəb Tayib Ərdoğanın Azərbaycana səfəri həm Ermənistan, həm də regionda marağı olan digər güclərə Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olduğunu göstərir.
Eyni zamanda, Zəngəzur dəhlizi, regional nəqliyyat layihələri və Cənubi Qafqazda sülh təşəbbüsləri baxımından bu hadisə əhəmiyyətlidir. Laçın aeroportu həm də Naxçıvanla əsas torpaq əlaqələrinin qurulması, nəqliyyat və logistika sistemlərinin inteqrasiyası üçün vacib rol oynayacaq.
Laçın aeroportunun açılışı Türkiyə və Türk Dövlətləri Təşkilatı arasındakı əlaqələri daha da gücləndirəcək və inkişaf etdirəcək", - deyə S.Karakılıç bildirib.
Musavat.com
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ