İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Trampla BU TARİXDƏ görüşəcək - masadakı Azərbaycan məsələsi...

Gözlər aprelin sonuna dikilib; “Tramp Azərbaycana iqtisadi layihələrin əsas nəbz mərkəzi kimi baxır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin sonlarında ABŞ lideri Donald Trampla Ağ Evdə görüşməyi planlaşdırır. Bu barədə “Bloomberg” agentliyinə Türkiyədəki mənbə bildirib.

Xəbərdə deyilir ki, Ukrayna və Suriya məsələlərində vasitəçilik etməyə çalışan Ərdoğan üçün Ankara ilə Vaşinqton arasında daha güclü strateji tərəfdaşlığı təmin etmək regional sabitlik üçün xüsusi əhəmiyyət kəsb edir.

Ötən həftə sonu Trampla telefon danışığı zamanı Ərdoğan ABŞ Prezidentini ilk səlahiyyət müddətində Türkiyənin müdafiə sənayesinə tətbiq etdiyi sanksiyaları ləğv etməyə çağırıb. O, həmçinin Türkiyənin "F-35" döyüş təyyarələrinin hazırlanmasından kənarlaşdırılmasına son qoyulmasını və yeni "F-16" qırıcılarının satışının başa çatdırılmasını istəyib.

Apreldə Ərdoğan-Tramp görüşü baş tutarsa, masada Azərbaycan məsələsi də ola bilərmi?

Prezident İlham Əliyev “Avronyus”a müsahibəsində Tramp iqtidarından gözləntilərini bir daha açıqlayıb.

Bu baxımdan, Bakı-Vaşinqton əlaqələrinin yeni mərhələyə keçidində qardaş dövlətin lideri ilə Ağ Ev rəhbərinin görüşü də müsbət rol oynaya bilərmi?

AĞAMALI Günay Fəzail qızı

Günay Ağamalı 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Bayden administrasiyası dövründə ABŞ-Azərbaycan əlaqələri tarixinin ən gərgin və soyuq dövrünü yaşadı: “Rəsmi Vaşinqton Azərbaycan-Ermənistan münasibətləri kontekstində keçmiş Minsk Qrupunun üzvü kimi həmsədrlik institutunun məntiqinə zidd olaraq birmənalı şəkildə İrəvanı dəstəklədi, müxtəlif yardım proqramları ilə onların ordu quruculuğunda iştirak etdi. Lakin hazırda mövcud vəziyyət fərqlidir. Tramp administrasiyanın Cənubi Qafqazla bağlı mövqeyi olduqca maraqlıdır. Artıq Bakı- Təl-Əviv- Vaşinqton arasında üçlü formatda intensiv danışıqlar  prosesinin baş tutduğu qeyd olunur. Hesab edirəm ki, Ağ Ev rəhbərliyi daha rasional düşünərək regionun lokomotivi olan ölkəmizlə əlaqələri inkişaf etdirməyə çalışacaq. Bununla yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprel ayında Donald Trampla ehtimal olunan görüşü zamanı liderlərin müzakirə masasında Azərbaycan-ABŞ münasibətlərinin müzakirə olunacağı istisna deyil. Çünki rəsmi Ankara müttəfiqinə qarşı mənfi tendensiyaların davam etməsini istəmir. Məhz bu səbəbdən Vaşinqton rəsmilərindən illüziyalardan uzaq, real perspektivlər aspektində davranmağı tələb edəcək”.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva Ərdoğanın Azərbaycan məsələsini müzakirəyə çıxaracağına əmindir: “Türkiyə ilə Birləşmiş Ştatlar arasındakı münasibətlər Donald Tramp dönəmində fərqli mərhələyə qədəm qoyur. Güman ki, yaxın aylarda Türkiyə Prezidentinin amerikalı həmkarı ilə görüşü baş tutacaq.  Ərdoğan-Tramp görüşündə əsas müzakirə mövzuları Suriya, Şimali İraq, Yəmən və İran məsələləridir. Hətta İrana hücumun reallaşıb-reallaşmaması da Ərdoğanın yekun qərarından sonra müəyyən ediləcək. Görüşün ikinci ana mövzusu Rusiya-Ukrayna savaşının və Fələstin-İsrail münaqişəsinin sülh istiqamətləridir. Düşünürəm ki, Ərdoğan Trampla Azərbaycan məsələsini qısa müddətə də olsa müzakirəyə çıxaracaq. Tramp Azərbaycana iqtisadi layihələrin əsas nəbz mərkəzi kimi baxır. Sadəcə, münasibətlərə yeni enerji vermək üçün katalizator lazımdır ki, bu missiyanı Türkiyə öz üzərinə götürəcək”.

Niyaməddin Orduxanlı: Bəzi dairələri susdurduq

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, Amerikanın Co Bayden dövrü Türkiyəyə qarşı ədalətsiz, haqsız və münasibətlərin gərgin dövrü kimi xarakterizə olunur: “Amerika Türkiyənin indiki kimi güclü, müstəqil və regionda söz sahibi olduğunu qəbul etmək istəmir. Türkiyə Prezidenti Ərdoğana qədər Amerika fərqli, onun bütün tapşırıqlarını yerinə yetirən Türkiyə görürdü. Tramp prezident seçiləndən dərhal sonra Ərdoğan haqqında müsbət fikirlər səsləndirdi. Tramp həm də bu gün Ərdoğanın Rusiya Prezidenti Putinlə, o cümlədən Ukrayna Prezidenti Zelenski ilə çox yaxşı münasibətlərini də nəzərə alır. Düşünürəm ki, Ərdoğan görüşdə tək Rusiya-Ukrayna məsələsini deyil, Türkiyə üçün suriyalı kürdlər, Amerikanın Türkiyə müdafiə sənayesinə tətbiq etdiyi sanksiyalar, o cümlədən "F-35" döyüş təyyarələrinin hazırlanması məsələsini müzakirə edəcək. Amerika Türkiyəyə qarşı haqsız mövqedədir. Bu siyasətindən geri çəkilməlidir. Amerika Türkiyə ilə əməkdaşlıq və normal əlaqələrin qurulmasında maraqlı olmalıdır. Ehtimal olunur ki, Tramp bu addımı atacaq. Necə ki, Rusiyaya qarşı Amerikanın münasibəti dəyişib. Ərdoğan-Tramp görüşü baş tutacağı təqdirdə, Azərbaycanla bağlı məsələnin müzakirəsinə gəlincə, bu ,gözləniləndir. Biz çox inanırıq ki, qardaş Türkiyə Azərbaycana verdiyi dəstəyi davam etdirəcək. Tramp hakimiyyətə gələndən sonra Bakıdan Vaşinqtona yönəlik mesajlar düzgün dəyərləndirilməlidir. Azərbaycanla ikitərəfli normal əlaqələrin olması ən doğru addım olar. Hörmətli Ərdoğan da Azərbaycanla əlaqələrinin normal olmasını Trampın diqqətinə çatdıra bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Mart 2025

BÜTÜN XƏBƏRLƏR