Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan hesab edir ki, Şərqi Aralıq dənizi hövzəsindən çıxarılan qazın öz ölkəsinin ərazisindən Avropaya nəqlini nəzərdə tutan layihənin perspektivi yüksəkdir.
Musavat.com TRT-yə istinadən xəbər verir ki, Ərdoğan iyulun 28-də Ankaraya rəsmi səfərə gələcək İsaril baş naziri Benyamin Netanyahu ilə bu layihəni müzakirə edəcəyini bildirib:
“Şərqi Aralıq dənizindən qazın Türkiyə ərazisi ilə Avropaya çatdırılması layihəsi ən sağlam layihədir. Əks halda, qazın Avropaya nəqli çox baha başa gələcək. Əgər Türkiyə ərazisi ilə nəql olunarsa, Türkiyə bundan səmərə əldə edəcək. Özü də səmərə həm istehlak, həm də nəql baxımından əldə olunacaq. Hazırda biz Netanyahu ilə ilkin təmaslar qururuq. Ümid edirəm ki, bu hadisə Türkiyə ilə İsrail arasında daha isti münasibətlərin başlanğıcı olacaq”.
Qeyd edək ki, Şərqi Aralıq dənizindən hasil olunacaq qazın Türkiyə üzərindən Avropaya nəqli ən əlverişli variant hesab olunur. 2020-ci ildə İsrail, Yunanıstan və Yunan Kiprinin Aralıq dənizi qaz boru kəmərinin (EastMed) çəkilişinə dair imzaladıqları saziş reallaşmadığına görə son illərdə diqqət daha çox Türkiyə üzərindən nəqlə yönəlir.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ