Onlayn ictimai-siyasi qəzet
Trampın elçisi hesab edir ki, Putin müqavilə bağlamaq üçün işğal olunan ərazilərdən imtina etməlidir; Kreml lideri buna gedəcəkmi? - təhlil
Ukrayna böhranının necə bitəcəyi dünya gündəminin əsas mövzusuna çevrilib. Bu da məntiqlidir. Çünki söhbət qlobal sülhə və dünya geosiyasi düzəninə çox mühüm təsir göstərəcək bir gəlişmədən gedir. Artıq Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ukrayna masasının qurulması yönündə hazırlıqlara başlanıb.
Hərçənd hansısa “yol xəritəsi”ndən danışmaq hələ tezdir. “Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı yüksək səviyyəli danışıqların yaxın günlərdə başlayacağı gözlənilir”. “Reuters” xəbər verir ki, görüşdə ABŞ və Rusiya nümayəndə heyətləri iştirak edəcək. ABŞ konqresmeni Maykl Makkolun sözlərinə görə, Vaşinqton danışıqlara dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə miüşavir Maykl Uolts və xüsusi nümayəndə Vitkoffu göndərəcək. O əlavə edib ki, Ər-Riyaddakı danışıqların əsas məqsədi ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı ilə genişmiqyaslı sammit təşkil etməkdir.
Bu arada ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Rusiyanın sülh anlaşması üçün ərazi güzəştlərinə getməli olduğunu vurğulayıb. O, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı qeyd edib. Kelloqun sözlərinə görə, Rusiya həmçinin öz ordusundan istifadə etməkdən imtina etməyə və qoşunlarında şəxsi heyətin sayını azaltmağa razı olmalıdır. “Putin müqavilə bağlamaq üçün Ukrayna ərazilərindən imtina etməlidir. Bundan əlavə, Rusiya ilə İran, KXDR və Çin arasında ittifaqın yaranmasının qarşısını almaq vacibdir”, - amerikalı rəsmi vurğulayıb və qeyd edib ki, Ukrayna ilə bağlı yekun qərarı D.Tramp verəcək. “Yeni müqavilə "Minsk-2" olmayacaq və onu təkrarlamayacaq. Eyni zamanda Ukrayna üçün əlamətdar uğur təkcə atəşkəs və sülh müqaviləsi deyil, həm də bəzi başqa şeylər olacaq", - bunu da xüsusi nümayəndə bildirib.
Dövlət katibi Marko Rubio isə Ukraynanın Rusiya ilə potensial sülh danışıqlarında iştirak haqqına tam malik olduğunu bəyan edib. Münhen Təhlükəsizlik Konfransının kuluarlarında keçirilən qeyri-rəsmi görüş zamanı o, ukraynalı həmkarı Andrey Sibihaya Vaşinqtonun Kiyevi Moskva ilə danışıqlardan çəkindirmək niyyətində olmadığını bildirib. Eyni zamanda vurğulayıb ki, ABŞ Ukraynanın suveren qərarlarına hörmət edir və sülhə aparan istənilən diplomatik təşəbbüsə mane olmaq fikrində deyil. Rubio habelə qeyd edib ki, Ukraynanın danışıqlar masasında iştirakını məhdudlaşdırmaq “strateji baxımdan böyük səhv və ağılsız addım” olardı. Bəs Rusiya zəbt etdiyi ərazilərin hansısa qismindən sülh naminə imtina edərmi? Kelloq nəyə işarə vurur? Ümumiyyətlə, Ukrayna ləyaqətli sülhü ala biləcəkmi? Ər-Riyad masasında kimlər, daha hansı liderlər oturacaq?
Məhəmməd Əsədullazadə
Siyasi ekspert Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a deyib ki, Tramp və Putini birləşdirən, ortaq mövqeyə gətirən cəhət hər ikisinin qüvvədə olan mövcud beynəlxalq hüququ tanımamalarıdır: “Demək olar ki, hər iki lider güc amilinə üstünlük verməklə təzyiq amilini rəhbər tutur. Buna bariz nümunə jurnalistin Trampa "beynəlxalq hüquqa inanırsız?" sualına “ABŞ-ın gücünə və ordusuna inanıram”- deməsidir. Tramp beynəlxalq hüququ tanımamaqla, siyasi nizamı demontaj etmək siyasəti həyata keçirməyə çalışır. Halbuki ABŞ beynəlxalq hüququ qoruyan beynəlxalq jandarm kimi çıxış edirdi. İndi isə Tramp ABŞ-ın illərlə oturuşmuş strategiyasını dəyişməyə cəhd edir".
Siyasi ekspert qeyd edib ki, Ukraynaya qarşı hərbi müdaxiləni reallaşdırmaqla Putin xiffətini çəkdiyi SSRİ-ni yeni formatda qurmaq planını reallaşdırmaq istəyir: “Hakimiyyətə gəldiyi ilk günlərdən SSRİ-nin süqutunu "əsrin faciəsi" adlandıran Putin, qonşu ölkələrin ərazi bütövlüyünə və suverenliyinə əhəmiyyətsiz yanaşacağı mesajını vermiş olmuşdu. Vaxtilə Ukraynanı Lenin yaratdığını, Qazaxıstan adında bir dövlət olmadığını deyən Putin öz işğal siyasətini və planlarını elan etmiş olurdu. Beynəlxalq siyasi münasibətlərin təhdid olunduğu bir nizamda ABŞ Rusiyadan fərqli olaraq bir şəxs tərəfindən idarə olunmur. ABŞ-da Rusiyadan fərqli olaraq oturuşmuş və müstəqil hakimiyyətin qolları var. Həmçinin ayrı-ayrı dövlət institutlarına malikdir. Ona görə də Vaşinqtonun oturuşmuş siyasi sistemi Trampın Putinə güzəştə getməsinə dözümlü yanaşa bilməz. Əgər Tramp Putinə Ukraynanı güzəştə gedərsə, bu ilin 9 mayında “nasistlər” üzərində “qələbə” paradı keçirə bilər. Və sabah yeni “nasistlər” Polşada, Moldovada və Baltikyanı ölkələrdə peyda olaraq Kremlin müdaxiləsinə zəmin yarada bilərlər".
Onun fikrincə, indiki halda Trampın Putinə güzəştə getməsi ABŞ-ın Rusiya qarşısında məğlubiyyətinə gətirər.
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlıya görə, Azərbaycan cəmiyyətində ən çox müzakirə edilən, fikirlərin haçalandığı məsələ Ukraynanın düşdüyü vəziyyətə görə Zelenskinin günahkar çıxarılması ilə bağlıdır: “Zelenskinin siyasətçi, dövlət başçısı kimi səhvləri ola bilər, amma baş verənlərə görə "əsas günahkar" elan olunması doğru deyil. Birincisi, 2014-cü ildə Rusiya ilə başlanan münaqişə Zelenskiyə miras qalıb və yaranmış vəziyyəti dəyişdirmək çətin idi; ikincisi, Qərb 2014-cü ildə Donbas müharibəsinin başlandığı dövrdən etibarən, heç vaxt Ukraynaya tam dəstək verməyib: “Normand formatı”ndakı danışıqlarda Almaniya və Fransa daha çox Rusiya ilə anlaşmaq xəttini izləyirdi, nəinki Ukraynanın ərazi bütövlüyünün bərpasını. 2022-ci ildə Rusiyanın hücumundan sonra da Qərbdən istənilən dəstək gəlmədi, hətta Avropa ölkələri Ukraynaya “onsuz da duruş gətirə bilməyəcəksiniz” deyirdilər; Qərbin əsas məqsədi müharibənin Ukrayna sərhədlərindən kənara çıxmaması, Avropaya sıçramaması olub".
Təhlilçinin fikrincə, üçüncüsü, Zelenski müharibənin başlamamasına çalışırdı, hətta Donbas məsələsinin həlli üçün alternativ platformalar da axtarıb: “Bunun üçün 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış təcrübədən - problemin regional müstəvidə həlli variantından da istifadə etmək istəyirdi, Türkiyə ilə yaxınlaşmaq, Ankaranın vasitəçiliyindən istifadə etmək siyasəti buna hesablanmışdı, lakin imkan verilmədi. Çünki Ukrayna müharibəsi geosiyasi hesablaşmanın tərkib hissəsi idi və Zelenski yox, başqa biri olsaydı da, bu başlayacaqdı”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ