Onlayn ictimai-siyasi qəzet
ABŞ-da inflyasiyanın sürətlənməsinə dair məlumat neft bazarında qiymətlərin düşməsinə səbəb olub.
Musavat.com xəbər verir ki, Londonun ICE birjasında “Brent” neftinin oktyabr fyuçersləri üzrə 1 barelin qiyməti 2 dollara yaxın ucuzlaşaraq 86 dollara, Nyu-Yorkun NYMEX birjasında WTI neftinin sentyabr fyuçersləri üzrə qiymət isə 82,50 dollara ticarət olunur.
Çin, Avropa İttifaqı və ABŞ-dan gələn neqativ xəbərlər fonunda neftin qiymətini yüksəldən əsas amil kimi OPEK+ ölkələrinin hasilatı azaltmaları göstərilir.
Lakin iqtisadçı-ekspert Elman Sadıqovun fikrincə, hazırda neft qiymətləri ilə bağlı əksəriyyəti çaşdıran bir məqam var:
“Bir tərəfdən qlobal iqtisadiyyatda artım templəri son 2 ayda çox aşağıdır, Çinin xüsusilə ixracında kəskin azalmalar müşahidə olunur, digər tərəfdən OPEC+ gündəlik neft hasilatını aşağı salır və əslində bazarda təklifi azaltmaqla neft qiymətlərini yuxarıda saxlamağa çalışır. Bu mexanizm son 3 aya (iyun ayına) qədər özünü doğruldurdu. Hazırda isə enerji bazarını tənzimləyən fərqli mexanizm qüvvədədir. Belə ki, hazırda qlobal neft bazarında statistik göstərici və rəqəmlərin kənarlaşma faizinin ən yüksək olduğu dövrlərdən birini yaşayırıq. Qlobal neft bazarının statistik göstəricilər üzərindən təhlili, əlbəttə, lazımdır, lakin kənarlaşma faktorları və səviyyəsini də nəzərə almaq daha çox vacibdir. Təkcə rəqəmlər üzərindən təhlil düzgün nəticələr verməz.
Qlobal iqtisadiyyatda zəifləmə (məsələn, Çində 2020-ci ilin fevral (pandemiya) ayından sonra ilk dəfə iyul ayında ixracın 14.5 faiz düşərək ən yüksək azalma göstərməsi, o cümlədən Avropa Birliyində iqtisadiyyatın artım tempinin aşağı olmasının ABŞ-a təsiri və sair) neft bazarına hələ güclü təsir göstərə bilmir (əgər zəifləmə bu templərlə davam edərsə, bu təsiri il sonuna görə bilərik, lakin bu təsirin bu il qiymətləri çökdürəcək qədər güclü olacağı ehtimalı çox azdır), əksinə, neftə olan tələb özünün il ərzində pik həddini yaşayır (turizm, uçuşların və avtomobil gəzintilərinin çox olması). OPEC+ ölkələrindən bəzilərinin, xüsusilə Rusiyanın öz öhdəliklərinə sadiq qalması, hasilatı azaltması ilə bağlı ciddi şübhələr özünü doğruldur. Rusiya rəsmiləri özləri bunu etiraf etməyə başlayırlar.
İraq, Liviya, İranda neft hasilatı və ixracı ilə bağlı rəqəmlərin dəqiqliyi çox aşağıdır. Faktiki ixrac qeyd olunandan artıqdır.
Bu gün dünya neft bazarında yüksək qiymətlərin əsas səbəbi pandemiyadan sonra turizmin ən yüksək həddə olduğu bir dövrdə yanacağa olan yüksək tələbdir (hətta bəzi ölkələrdə, o cümlədən İranda dizel çatışmazlığı haqqında məlumatlar var). Digər tərəfdən, alternativ enerji mənbələrinin (günəş, külək enerjisi) istehsal etdiyi elektrik sürətlə artmaqdadır. Bu artım hələlik anomal istilik səbəbindən artan enerji tələbi ilə udulur. (Kondisionerlərin çox işlədilməsi və sair soyutma faktorları nəzərdə tutulur). Elektrik və hibrid avtomobillərin də artımı elektrikə olan tələbi artırır, lakin neftə olan tələbi azaldır, çünki benzin və dizellə işləyən avtomobillərin sayı artsa da, bu avtomobillərin də böyük əksəriyyəti az yanacaq istifadə edir”.
Ekspertin fikrincə, elektrik gələcək illərdə hər bir ölkə üçün bütün sahələri daha sıx əhatə edəcək əsas faktora çevriləcək: “Bu halda günəş və külək enerjisinin istilik elektrik stansiyalarını yaxın 10 ildə əvəz edə biləcəyi ehtimalı azdır. Deməli, qaza olan təlabat hələ qalacaq.
Qeyd olunanlar düşünməyə əsas verir ki, bu il hiss etməsək də, 2025-ci ildən etibarən dünyanın enerji bazarındakı balans və göstəricilərin, prioritetlərin dəyişikliklərini hiss etməyə başlayacağıq.
Fikrimcə, dünyanın enerji bazarındakı trend və prioritetlərin, ümumilikdə bazarın özünün dəyişməsi gözlənilən idi. Bu gün qlobal siyasətdə (Rusiya-Ukrayna müharibəsi, Çin, Cənubi Qafqazda layihələr, Afrika, Avropa Birliyi, Türkiyə və sair) baş verənlər əslində dünyanın yeni düzənə keçidinin ayrı-ayrı hissələridir. Bu baş verən hadisələrin nəticələrinin əldə olunması və bu nəticələrin bir-birləri ilə birləşərək vahid bir formaya, düzənə çevrilməsi üçün illər tələb olunacaq. Bir hissəsini qeyd etməyə çalışdığım enerji məsələləri bu düzənin bir hissəsidir. Maliyyə-bank, iqtisadi transformasiyalarda yeni trendlər, yeni iqtisadi birliklər və qaydalar bu düzənin digər əsas parçalarıdır.
Ölkəmizə gəlincə, neft, qaz və elektrik enerjisi ilə bağlı Azərbaycanın manevr imkanları yüksəkdir. Bəzi addımlar da atılıb. Lakin bundan sonra atılmalı addımlar və istifadə edilməli manevr imkanları qat-qat çoxdur”.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ