Onlayn ictimai-siyasi qəzet
Dünya aviaşirkətlərinin xidmət keyfiyyəti və dəqiqliyinin qiymətləndirilməsinə diqqət yetirən “AirHelp” şirkəti bu sahənin ən uğurlu və ən pis nümayəndələrinin yeni reytinqini təqdim edib.
"Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) Musavat.com-a verilən məlumata görə, 109 aviaşirkətin təhlili əsasında hazırlanan reytinqə 2024-cü ilin yanvar-oktyabr ayları üzrə məlumatlar daxil edilib. Bu il Azərbaycanın milli aviadaşıyıcısı AZAL üçün göstəricilər xüsusilə maraqlı olub.
Ən yaxşıları və ən pisləri
Reytinqin zirvəsində Belçikanın “Brussels Airlines” aviaşirkəti yer alıb. Şirkət 10 üzərindən 8,12 bal toplayaraq liderliyini təmin edib. Daha sonra “Qatar Airways” (8.11) və “United Airlines” (8.04) şirkətləri gəlir. Ballar nə qədər yüksəkdirsə, aviaşirkətin bir o qədər xidmət keyfiyyətində, uçuşların dəqiqliyində və sərnişinlərə kompensasiya məsələlərində daha uğurlu olduğunu göstərir.
Reytinqin sonuncu pilləsində isə 3,63 balla Tunisin “Tunisair” aviaşirkəti yer alıb.
AZAL - dünya reytinqində TOP-25
AZAL “AirHelp” şirkətinin reytinqinə görə mühüm nəticə qazanıb. Aviaşirkət 25-ci yerdə qərarlaşaraq dünya liderləri sırasında yer alıb.
AZAL-ın bır sıra nüfuzlu aviaşirkətləri siyahıda geridə qoyması bu nailiyyətin əhəmiyyətini daha da artırır. Reytinqlə https://www.airhelp.com/en-int/airhelp-score/ linki vasitəsilə tanış olmaq olar. Reytinqin ilk 25-liyində “American Airlines”, “LOT Polish Airlines”, “Etihad Airways”, “Air Arabia”, “Qantas” və “Air France” kimi böyük bazar oyunçuları da yer alıb. Bu, aviasiya sahəsində güclü rəqabətin və müştəriyönümlü aviaşirkətlərin uğurunun bariz nümunəsidir. 7,09 bal toplayan AZAL dünyanın ən böyük aviadaşıyıcıları ilə rəqabət aparmaq potensialını nümayiş etdirib.
18 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ