Onlayn ictimai-siyasi qəzet
Dünyada ekstrasens deyilən bir peşə sahibi, ekstrasens buraxan məktəb yoxdur, əziz oxucular. Yalnız ekstrasensor qavrayış qabiliyyətinə malik olduğunu iddia edən insanlar var. Elm isə belə insanların mövcudluğunu inkar edir. Yəni elmi cəhətdən kiminsə ekstra qabiliyyəti olduğu təsdiqlənmir.
Ona görə də gərək hamı, əsasən də jurnalistlər kimisə xalqa “ekstrasens” kimi təqdim edib camaatı aldatmasınlar. Allahdan, biz Hatəmxan ağa demişkən, “hər zada inanan camaatıq”, ölüləri dirildəcəyini deyənə də inanırıq, 30 ilin iflic xəstəsini ayağa qaldırıb yeridcəyini iddia edənə də. Bunun əksini deyən tibb akademikinə isə inanmırıq. Çünki o, bir şey bilmir, amma orta məktəbdə bircə dəfə olsun lövhəyə çıxıb dərs danışmayan adam bilir.
Tez-tez çıxıb gələcəyi gördüyünü deyənlərə də inanmaq olmaz. Hamısı yalan-palan şeylərdir.
Budur, xaricdəki həmkarlarımız öz dövrünün ekstrasens-şairi Nostradamusdan sitat gətirərək, gələn il üçün böyük dəniz döyüşləri proqnozlaşdırıblar. Heç demə 1500-cü illərdə yaşayan və kahinliklə yanaşı, həkimlik, əczaçılıq da edən Hostradamus boş vaxtlarında 2024-cü ili nəzərdə tutaraq bellə bir katren (şeir) yazıb: "Qırmızı düşmən qorxudan ağaracaq, böyükləri dəhşətə gətirəcək”. İndi şərhçilər belə yozurlar ki, müsyö Mişel “böyük” deyərkən Sakit okeanı, “qırmızı düşmən” ifadəsi altında isə Çini nəzərdə tutmuş ola bilər.
Belə də proqnoz olarmı? Nostradamus olmur, kim olur, olsun. Proqnoz o olardı ki, kahin deyəydi: “2024-cü ilin birinci yarısında Sakit okeanda ABŞ gəmiləri ilə Çin freqatları bir-birinə atəş açacaqlar, müharibə başlayacaq”. Yoxsa qırmızı düşmən ağaracaq, ağ düşmən qızaracaq, qara düşmən bozaracaq, sarı düşmən göyərəcək – belə proqnoz olmaz.
Bizim Zirəddin də artıq neçə vaxtdır ki, özünü Nostradamus kimi aparır. Bu günlərdə o deyib ki, qarşıdan gələn il tektonik hərəkətlər, teraktlar ili olacaq. “Ekstrasens”imizin ifadəsi belədir: “Konkret ölkə deməyəcəm, ancaq güclü yeraltı təkanlar olacaq, dünyada təbii fəlakətlər çoxalacaq. 2024-cü ildə dünyanı lərzəyə gətirəcək partlayış baş verəcək”.
Ta nə oldu? Ekstrasenslik, öncəgörməklik bunun harasındadır?
Bax, mən özüm ekstrasens deyiləm, amma daha konkret proqnoz verə bilərəm. Məsələn, aydın mətnlə tektonik hərəkətlərin hansı ölkələrdə olacağını deyirəm. Güclü yeraltı təkanlar Yaponiyada, Türkiyədə, İranda, Nepalda, Peruda olacaq. Terror aktları Suriyada, Pakistanda, Əfqanıstanda törədiləcək.
Bunları bilmək üçün adama vəhy gəlməsə də olar, son illərdə olub-keçənləri, elmi məqalələri bilmək, gündəlik mətbuatı, iqlimşünasların hesabatlarını oxumaq kifayətdir. Zatən, iki ildir Rusiya müharibəni uduzacağı təqdirdə atom bombasından istifadə edəcəyini deyir, onun qorxusundan ABŞ və Avropa Ukraynada müharibənin gedişatını yavaşıdırlar ki, Kremldəkilər hövllənib dünyanı dağıtmasınlar.
“Ekstrasens”imiz isə Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı bildirir ki, bu qarşıdurma 2024-ci ildə ya tamamilə bitəcək, ya da dondurulacaq, ancaq qələbə Rusiyanın olacaq.
Rəhmətliyin nəvəsi, bunu Maşa və Medved də deyir (yəni RF XİN-in sözçüsü Mariya Zaxarova və RF TŞ katibinin müavini Dmitri Medvedyev). İstənilən rusu dindirirsən, deyir, “pobeda budet za nami”. Yeməyə yumurta tapmırlar, amma triumfdan danışırlar.
Yaxud gələn il texniki və tibbi tərəqqi barədə proqnoz vermək nə çətin işdir? Elm o qədər inkişaf edib ki, az qala hər gün yeni bir nou-xau çıxır, təqib edib çatdırmaq olmur. Adicə “Ayfon”un son modelini alırsan, bir dəfə “alo” deməmiş məlum olur ki, ən yeni model artıq satışdadır, əlindəki köhnəlib.
Zirəddinin daha bir proqnozu müxtəlif növ virusların yayılacağı barədədir. Bunu niyə o deməlidir ki? Neçə vaxtdır, Ümumdünya Səhiyyə Təşkilatının başbilənləri özlərini lansetləyirlər ki, pandemiyanı bitmiş sanmayın, qarşıda bizi hələ nə epidemiyalar, pandemiyalar gözləyir.
Sözüm həmkarlarımadır, insafınız olsun, belə adamları danışdırıb, dediklərini dərc etməyin, xurafat yaymayın. Onlar heç nə bilmirlər. İstənilən oxumuş adam daha dəqiq, daha sanballı proqnozlar verə bilər. Siz bir də onların keçənilki proqnozlarını tapın, oxuyun, görəcəksiniz ki, çoxu fıs çıxıb, doğrulanlar da ümumi şeylərdir.
P.S. 2009-cu ildə jurnalist Asif Mərzili tutulanda Zirəddin demişdi ki, onun həbsi ilə bağlı 2 rəqəmi görür, jurnalisti 2 aya da buraxa bilərlər, 2 ilə də. Asif bəyi isə 45 saatdan sonra buraxdılar... İndi kimsə deyə bilər ki, bu da 2 gün edir və 2 rəqəminə dair proqnoz düz çıxır. Ta heç nə.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ