Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi “Viləş Palace” MMC Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" Publik Hüquqi Şəxsinin 8 Saylı Cəlilabad Ərazi İdarəsini məhkəməyə müraciət edib. İşə Şirvan İnzibati Məhkəməsində Rəşidə Quliyevanın sədrliyi ilə baxılacaq.
Söhbət Masallıda dövlətə məxsus bəzi ərazilərin məşhur istirahət mərkəzi “Viləş Palace Hotel”in sahibi tərəfindən zəbtindən gedir. Hotelin sahibi "Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalovdur. Hotel rəhbərliyi "Viləş Palace Hotel"in yerləşdiyi ərazidən kənarda da iaşə obyektləri inşa etdirib.
Tikililərin icazəsiz olduğu üçün Hacı Mazan həmin ərazilərə görə "çıxarış" ala bilmir. Bununla yanaşı, mübahisəli ərazi üzrə keçmiş deputatlardan birinin iş adamı olan qardaşı ilə də münaqişə yaşanır. Musavat.com xəbər verir ki, buna görə Hacı Mazanın rəhbərlik etdiyi MMC Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" Publik Hüquqi Şəxsinin 8 Saylı Cəlilabad Ərazi İdarəsi məhkəməyə verib və faktiki istifadəsində olan torpaqlara çıxarış verilməsini tələb edir.
Hacı Mazan kimdir?
Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov indiyədək yalnız qalmaqallı hadisələrlə gündəmə gəlib. Bir neçə il öncə Hacı Mazan başının dəstəsi ilə Binəqədi rayonunda vətəndaşın evinə soxulmuş, ev sahibi ilə yanaşı orada çəkiliş “Xəzər” TV əməkdaşlarına qarşı da zorakılığa yol vermişdi. Vətəndaşdan onun sahibi olduğu MTK-dan aldığı mənzili özünün qardaşının adına rəsmiləşdirilməsini tələb edirdi. Vətəndaş razılaşmadıqda isə qanunsuz olaraq onun mənzilinə verilən elektrik enerjisi kəsilmişdi.
Hacı Mazan şeyx Allahşükür Paşazadənin yaxın qohumu – qudasıdır və onun qardaşı Cavanşir Paşazadə ilə biznes ortağıdır. Yerli mənbələrin məlumatına görə, Zeynalov cavanlıqda Lənkərandakı avtobazanın “KamAZ” markalı yük maşınlarından birinin sürücüsü olub. Həmin dövrlərdə Cavanşir Paşazadə Lənkərandakı çay fabriklərindən birində rəhbər vəzifədə işləyib. R.Zeynalov C.Paşazadənin rəhbəri olduğu fabrikdən “KamAZ”la Bakıya, keçmiş SSRİ respublikalarına çay daşıyıb.
Hacı Mazan hazırda tikinti biznesi ilə məşğuldur, Masallıda istirahət mərkəzinin sahibidir, bahalı maşın və gözəgəlimli nömrə həvəskarı kimi tanınır.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ