Onlayn ictimai-siyasi qəzet
“Hazırda evdə oturub senarilər yazıram. Əlimdə o qədər yaxşı senarilərim var ki. Hətta bir serialın senarisini yazmışam. Yəqin ki, mənə ehtiyac yoxdur. Bəzilərini əlimdə məhdud sayda olan imkanlarla çəkdirib səhifəmə yükləmişəm. Aktyor olmayan adamlarla birlikdə onları çəkirəm. Onlar təmənnasız çəkilir, amma sonra istəyirlər ki, çəkdiklərim televiziyada getsin. Mən aktyoram, işsiz qala bilmirəm. Bu başadüşüləndir.
Hamı bilir və tanıyır ki, atam əməkdar artist Sadıq Hüseynov da aktyor idi. Onu hər kəs “Savalan baba” adı ilə tanıyır. Atam da yazırdı, gözəl qələm sahibi idi. Bu istedad mənə ondan keçib. Həmişə arzu etmişəm ki, hansısa kanalda mənə kiçik vaxt versinlər, həftədə 1 dəfə veriliş edim. Lap Allahverdi Yolçuyev, Adışirin Bağırovu yenidən bir araya gətirib, “Sehrli güzgü”-nün yeni variantını hazırlaya bilərik. Mən sizin vasitənizlə hörmətli Murad Dadaşova müraciət etmək istəyirəm. O hər zaman sənətə, sənətkar ailələrinə, sənətkarların özünə xüsusi diqqət və qayğı göstərir. Bəlkə də məni qəbul edib dinləyib “Xəzər” kanalında mənə iş verər. O Lider tv-də baş prodüsser olanda da biz görüşmüşük. Hər zaman böyük hörmətlə qarşılayıb məni, diqqət göstərib. Ümidim ona və Allahadır. Maddi vəziyyətim də yaxşı deyil, üstəlik də buna ehtiyacım var. Hətta video səhnəcikləri çəkdiyim balaca kameramı da ehtiyac üzündən satmaq istəyirəm. Gözümdən 3-cü qrup əliləm. Ailəmi o əlillik pulu ilə dolandırıram. Yoldaşımın da, özümün də, qızımın da səhhətində problem var”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, “Karlson” və “Tənbəl Əhməd” obrazları ilə məşhurlaşan Arzu Hüseynov deyib. O daha sonra əlavə edib.
“Mən aktyoram, bu gün başqa harada işləyə bilərəm? Teatrda işləyə bilmərəm, mənim üçün çətindir. 2007-ci ildən teatrla sağollaşıb səhnədən ayrılmışam. Seriallardan da dəvət gəlmir. Bilmirəm niyə? 2020-ci ildə sonuncu dəfə çəkilmişəm. Hətta bir neçə telekanala getmişəm ki, mənə iş versinlər. Deyiblər ki, get çək gətir. Mənim buna maddi gücüm çatmır. Boş-boşuna keçən illərə heyfim gəlir. Mən axı bu sənətdə, bu sahədə canımı, sağlamlığımı qoymuşam. Sənətkar həyatı belədir də. Sənə ehtiyac olanda istifadə edilirsən, ehtiyac olmayanda isə heç kimin yadına düşmürsən. Həyat gedir, bu gün varıq, sabah yox. Zaman gözləmir! Bu gün yada düşmürüksə, bəs nə vaxt yada düşəcəyik?! Sənətimdən pul qazana bilmirəm. Rejissorlar aktyorları qrupa bölür. Biri deyir ki, bu uşaq verilişindən çıxıb, biri deyir ki, bu AZTV-nin aktyorudur. Belə edib bizi cəmiyyətdən təcrid edirlər. Yalançı aktyor kurslarında oxuyan “aktyorlar”-ı önə çıxarırlar. Mənim heç kimə paxıllığım yoxdur, sadəcə çörəyi çörəkçiyə vermək lazımdır. Hansısa aidiyyatı qurum bu məsələni nazirlik qarşısında qaldırmalıdır ki, onlardan soruşsun ki, bir qrup insanlar niyə yada düşmür? Əgər pis idiksə niyə bizi o illərdə çəkirdilər?! Bu qədər serial və filmlər çəkilir. Bir filmdə mənə uyğun rol olmadı?! Evdə oturmaqdan şəkər xəstəliyi tapmışam. Yolla gedirəm mənə deyirlər ki, siz Karlson deyilsiniz? Tamaşaçılar bizi hələ də unutmayıblar” deyə aktyor bildirib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ