İnsanlara hürriyət, millətlərə istiqlal!

“Elmin gənclərlə problemi var”- nazir nə demək istədi?

Ekspertlərdən “gənclər niyə elm arxasınca getmir” sualına ilginc cavablar

Elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransında” diqqətçəkən açıqlamalar verib. “Hazırda ibtidai sinif müəlliminin əmək haqqı hər hansı tədqiqat institutunun direktorunun maaşından çoxdur. Bu, elə-belə nəticə deyil. Son illərdə müəllimlərin işə qəbuluna xüsusi diqqət edilir, qəbul müsabiqə əsasında həyata keçirilir” - nazir qeyd edib.

Nazir “son zamanlar elmin yaşı ilə əlaqədar çox müzakirələr aparılır. Azərbaycan elminin yaşlı insanlarla deyil, gənclərlə bağlı problemi var” deyib. Nazirin sözünə görə, yaşlı elm adamları ömürlərinin müəyyən dövründə elm üçün ən azı nə isə ediblər: “Yaxud əvvəlki dövrlərdə buna çox da şərait olmayıb. Amma gənclər elmin gələcəyidir. Məktəb proqramını bilməyən, əlaçı olmayan 2-3 gənc elmə gəlsə, çox da problem olmaz, amma bu göstərici yüksək olarsa, artıq ciddi problemə yol açar. Biz qəbul ballarına baxanda ürəkaçan nəticələr görmürük. Ona görə də bacarıqlı, istedadlı gənclərin elmə cəlbinə çalışmalıyıq”.

İbtidai sinif müəllimlərinin məvacibi həqiqətən yüksəkdirmi? Gənclər niyə elm arxasınca getmir, perspektiv yoxdur, yoxsa şərait?

Elçin Əfəndi: “İmtahanlar tədris ili başa çatdıqdan sonra keçirilə bilər”

 Elçin Əfəndi

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, elm və təhsil nazirinin açıqladığı fikirlərlə müəyyən mənada razıdır: “Sırf ibtidai sinif müəllimlərinin Elm və Tədqiqat İnstitutunun rəhbərlərindən artıq məvacib alması fikri ilə tam razılaşmaq olmur. Çünki bu bütün ibtidai sinif müəllimlərini əhatə etmir. Müəyyən hissəni əhatə edir ki, o müəllimlər eyni zamanda məktəbə hazırlıq qruplarına da dərs deyirlər. Əlbəttə, onların məvacibi bir müəllim üçün kifayət qədər uyğundur. Təxminən 700-800 manat, bəziləri hətta daha artıq məvacib alırlar. Amma Elm və Tədqiqat İnstitutunun hər hansı bir rəhbəri, orada çalışan tədqiqat işçisi o qədər əmək haqqı almır. Bu yaxınlarda sertifikasiya da keçirildi. Sertifikasiyanın sırf ibtidai sinif müəllimləri arasında keçirilməsi onların əməkhaqqına təsir edəcək, diferensiallaşmış qaydada. 700-800 manat əmək haqqı alan da daha artıq məvacib ala biləcək. Yəni attestasiya nəticəsi yüksək olanlardan söhbət gedir. Müəyyən hissəyə təsir etməməsi isə müəllimlərin bir qisminin tam ştatda dərs deməməsi, məktəbəhazırlıq qruplarının çoxunun olmaması tam olaraq fikri dəstəkləmir. "Bütün ibtidai sinif müəllimləri Elm və Tədqiqat İnstitutunun rəhbərlərindən daha çox məvacib alır" fikri doğru deyil.

“Gənclər niyə elm arxasınca getmir” sualına isə ekspert belə cavab verib: “Elmlər Akademiyası istiqamətində məvaciblərin azlığı, onların çəkdiyi əziyyətlər hər bir şəxsə tanışdır. Nəticə etibarilə gənclər daha çox əmək bazarında tələbat olan və daha çox gəlir gətirən istiqamətlərə üz tuturlar. Eyni zamanda daha yüksək akademik göstəricisi olanlar xaricə üz tutmağa çalışırlar. Demək olar ki, Azərbaycandan son illərdə xaricə kifayət qədər ”beyin axını" var. Yüksək nəticəsi olan əksər gənclər qardaş Türkiyəyə, Avropa ölkələrinə üz tuturlar. Biz həmin şəxsləri elmə qaytara biləriksə, müəyyən dəstək ola biləriksə, onlar Azərbaycan elminin inkişafına təkan verə bilərlər. Hazırda vəziyyət o yerə çatıb ki, Elmlər Akademiyasının içərisinə girdikdə demək olar ki, ancaq yaşlı nəslin nümayəndələri ilə rastlaşırıq. Gənc nəslin olmamasına səbəb də dediyim faktlara əsaslanır".

Təhsil eksperti Kamran Əsədov da dedi ki, müəllimlərin əməkhaqqı nə qədər çox olsa belə, yenə də onların zəhməti qarşılığında azdır: “Bu gün ölkənin 4432 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır ki, 1000 manatdan yuxarı maaş alan müəllimlərin sayı 5 min nəfərdir və bu da orta hesabla hər məktəbdə 1 nəfərin bu yüksək məbləğli maaşı ala bilməsi anlamındadır. Əksər kənd rayonlarındakı məktəblərdə musiqi, təsviri incəsənət, texnologiya, fizika və kimya fənləri üzrə 5-6 saat, coğrafiya və biologiya və informatika fənləri üzrə 8-9 saat, fiziki tərbiyə fənni üzrə 10 saat və tarix fənni üzrə 12 saat dərs mövcuddur. Bu cür məktəblərdə ali təhsilli riyaziyyat, dil-ədəbiyyat və xarici dil fənn müəllimlərinin heç biri tədris-yardımçı heyət olan və orta təhsilli UBTR, kitabxanaçı və laborant qədər belə maaş ala bilmir. Belə ki, ali təhsilli müəllim psixoloq qədər maaş alması üçün azı 14 saat, tam orta təhsilli UBTR və kitabxanaçı qədər maaş alması üçün azı 13 saat, hətta ümumi orta təhsilli laborant qədər maaş alması üçün azı 12 saat dərs deməlidir. Qeyd etdiyimiz məktəblərdə ali təhsilli informatika, biologiya, kimya və fizika müəllimləri, IX sinfi bitirib ümumi orta təhsil alan informatika,  biologiya, kimya və fizika laborantları qədər belə maaş ala bilməməsi çox dəhşətli mənzərə yaradır”.

Distant təhsilə keçmək həll deyil, şagirdlərin tətilə ehtiyacı var" - Kamran  Əsədov

Kamran Əsədov

Ekspert əlavə edib ki, ali təhsilli müəllimlərin hətta texniki işçilər, yəni xadimə qədər əmək haqqı alması üçün belə azı 10 saat dərs  tədris etməsi lazımdır: “Orta ixtisas təhsilli sinif və fənn müəllimlərinin minimum əmək haqqı qədər maaş alması üçün isə azı 12 saat dərs deməsi tələb olunur. Bu gün ibtidai sinif müəllimlərinin sayı, ibtidai siniflərin sayından dəfələrlə çoxdur ki, bu da onların tam "stafka" dərs yükünün formalaşmasına maneə olur. Yəni bütün ibtidai sinif müəllimlərinin çox əmək haqqı alması fikrini formalaşdırmaq, təhsil sistemindən məlumatsız olmaqdan başqa bir şey ifadə etmir.

Dünya ölkələrindəki əmək haqlarına nəzər saldıqda, məlum olur ki, bir sıra ölkələrdə müəllimlərin maaşı Azərbaycanla müqayisədə təxminən 10 dəfə artıqdır. Müəllimlərin sonuncu əmək haqqı artımı 2022-cu ildə baş verib. Bu artımdan sonra rəqəmləri ümumiləşdirsək, müəllimlərin 300-600 manat əmək haqqı aldığı məlum olur. Bizim ibtidai sinif müəllimləri əziyyətlərinin müqabilində çox az əmək haqqı alırlar. Yaponiyada müəllim dövlət qulluqçusu statusu daşıyır. Yeni başlayan ibtidai sinif müəllimi aylıq 2 min dollar maaş alır. 25 illik iş stajı olan müəllim isə 65 yaşında təqaüdə çıxır. Amma orada bir dəfə nazirləri durum ibtidai sinif müəllimlərini təhqir etmir, onların əmək haqqına göz dikmir".

Əsədov gənclərin elmdən kənar qalmasını belə əsaslandırdı: “Hazırda Azərbaycan elminin vəziyyəti beynəlxalq reytinqdə o qədər də ürəkaçan deyil. Belə ki, dünya elmində gedən proseslər bizim də qarşımızda yeni çağırışları hədəf kimi qoyur. Hazırda 51 universitet var. Onlar dövlət, publik, özəl və xüsusi təyinatlı universitetlərə ayrılır. SCImago Ölkə Rank-na görə 242 ölkə arasında 1996-2021-ci illərin H indeksinin statistikası əsasında ABŞ -2711 xalla 1-ci, Çin -1112 xalla 2-ci, Böyük Britaniya - 1707 xalla 3-cü və Azərbaycan - 138 xalla- 94-cü yerdə qərarlaşıb. İqtisadi inkişafı və neftdən gələn maliyyə vəsaitlərini nəzərə alanda bu çox aşağı nəticə kimi görünür. 15939 universitet arasında bizim universitetlər 4426-15840 yerləri paylaşır. 4426-cı yerdə Azərbaycan Dövlət İqtisad Universiteti, 15840-cı yerdə isə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası qərarlaşıb. Alınan nəticələri beynəlxalq platformalarda uğurlu təmsil olunmamaqla izah etmək olar. Hazırda ölkəmizdə 20.522 tədqiqatçının ümumi olaraq son 30 ilin göstəriçilərinə əsasən, beynəlxalq impakt faktorlu jurnallarda çap olunan məqalə sayı 10.215 təşkil edir. 1600 universiteti arasında yalnız Bakı Dövlət Universiteti 1201+ sırasına düşə bilib. Bu məqalələri diqqətlə araşdırdıqda mütləq əksəriyyəti AMEA-nın tədqiqat institutlarının əvəzçi və ya saat hesabı müəllimlərin hesabına ərsəyə gəldiyinə şahid oluruq. Gürcüstan Respublikasından 2 universitet siyahıya daxil ola bilib. Bütün bu rəqəmlər onu göstərir ki, gənclər administrativ maneələr və verilən əməkhaqqının azlığı səbəbindən elm arxasınca getməkdə maraqlı deyillər. Bu gün elmi mərkəzlərdə olan baryerlər ciddi şəkildə gənclərin elmə gəlməsinə əngəldir”.

Hazırladı: Afaq MİRAYİQ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR