İnsanlara hürriyət, millətlərə istiqlal!

Elman Rüstəmovun həbsdəki şəriki məhkəməyə gətirildi – 5 MİLYONLUQ KREDİT QALMAQALI BÖYÜDÜ

Yasamal Məhkəməsində Mərkəzi Bankın sabiq sədri, hazırda baş nazirin müavini olan Elman Rüstəmovun adı keçən məhkəmə prosesi davam etdirilib.

Musavat.com xəbər verir ki, hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesə hazırda baş nazirin müavini olan Elman Rüstəmovun şəriki Azad Nağıyev də konvoy nəzarəti altında gətirilib.

Hazırda həbsdə olan Azad Nağıyevin məhkəmədə dindirilməsi üçün ötən proseslərdə iş üzrə tərəflərdən olan Nizami Kərimovun vəkilləri 2 dəfə vəsatət qaldırmışdılar. Lakin hakim Azad Nağıyevin prosesdə iştirakını təmin etməmişdi. Son prosesdə isə Azad Nağıyevin iştirakı təmin olunub. Azad Nağıyev iş üzrə ekspertiza rəyləri ilə tanış olmadığından hakimdən sənədlərlə tanışlıq üçün vaxt istəyib.

Bu səbəbdən proses dekabrın 6-na qədər təxirə salınıb.

Azad Nağıyev Elman Rüstəmov Mərkəzi Bankın sədri olduğu dövrdə onun tikinti işləri üzrə qeyri-rəsmi şəriki olub. Azad Nağıyev “Aqana servis” adlanan tikinti şirkətinin rəhbəri olub. Həmin günlərdə Nizami Kərimov “Aqana servis”dən dəyərini tam ödəməklə qeyri-yaşayış sahəsi alıb. İllər sonra isə Nizami Kərimova məxsus qeyri-yaşayış sahəsində məhkəmə icraçıları peyda olub. Onlar qeyri-yaşayış sahəsinin girov qoyulduğunu, “Premium bank” və “Deka bank”dan 5 milyon manat kredit götürüldüyünü bildiriblər. Araşdırmalar zamanı məlum olub ki, Nizami Kərimov qeyri-yaşayış sahəsini alandan 3 il sonra “Aqana servis”in rəhbəri Azad Nağıyev sənədləri saxtalaşdırmaqla Nizami Kərimova məxsus qeyri-yaşayış sahəsini öz adına rəsmiləşdirib və banklara girov qoyub.

Bu məsələnin üstü açılandan sonra Azad Nağıyev həbsə alınıb, sənəd saxtalaşdırma, dələduzluq maddələri ilə ittiham olunmaqla məhkəmə qarşısına çıxarılıb. Barəsində ittihamedici hökm çıxarılıb, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Buna baxmayaraq, məhkəmə Azad Nağıyev tərəfindən sənədləri saxtalaşdırmaqla girov qoyulmuş Lütfiyar İmanov küçəsi 5 ünvanında yerləşən, Nizami Kərimova məxsus qeyri-yaşayış sahəsini yüklükdən azad edilməsi məsələsinə toxunmayıb. Beləcə, sahibi Nizami Kərimovdan xəbərsiz Azad Nağıyev tərəfindən girov qoyulan qeyri-yaşayış sahəsi bankların girovluğunda qalıb!

İndi isə banklar ödənməyən kreditlərlə bağlı Nəsimi Məhkəməsində iddia qaldırıblar. Hazırkı məhkəmənin gedişatında Azad Nağıyev hakim Ayşən Sultanova-Məmmədovaya məktub yazmaqla cinayətin təfərrüatlarını açıqlayıb. Bildirib ki, Elman Rüstəmovun qanunsuz əməlləri nəticəsində mənimsədiyi 5 milyon manat kreditə görə ona qarşı cinayət işi başlanıb və 11 illik həbsə məhkum olunub.

Məsələnin qısa məğzi budur ki, eks-baş bankir, hazırda baş nazirin müavini olan Elman Rüstəmov bina tikintisində qeyri-rəsmi şəriki Azad Nağıyevə 2 bankdan 5 milyon manat kredit götürməsini tapşırıb.

Azad Nağıyev 2010-cu ildə Nizami Kərimova satdıqları qeyri-yaşayış sahəsinin sənədlərini öz adına saxtalaşdırmaqla girov qoyub və banklardan 5 milyon manatı istehlak krediti olaraq götürüb. Bu gün həbsdə olan Azad Nağıyev hakim Ayşən Sultanova-Məmmədovaya ünvanladığı rəsmi məktubunda yazır ki, kredit olaraq götürdüyü 5 milyonu Elman Rüstəmova verib!

Bundan sonra baş verənlər isə bütün Azərbaycan vətəndaşları üçün SOS siqnalı olmalıdır. Çünki Nizami Kərimovun əmlakını banklara girov əvəzi, təminatı olaraq verdirmək istəyi ortadadır.

Banklara “pulu Azad Nağıyevə verin” deyən Elman Rüstəmovdur, banka əmlakı özündən xəbərsiz girov qoyulan isə Nizami Kərimovdur. Banka Nizami Kərimovun əmlakının sənədini saxtalaşdırmaqla girov qoyan, pulu götürən Elman Rüstəmovun şəriki Azad Nağıyevdir. Sənəd saxtalaşdırma, dələduzluq faktını Nəsimi Məhkəməsi də öz qətnaməsi ilə təsdiq edib! Elə bu sənəd saxtalaşdırma, dələduzluq işinə görə Azad Nağıyev həbsə alınıb.

Azad Nağıyev hakim Ayşən Sultanova-Məmmədovaya məktubu da hazırda saxlandığı cəzaçəkmə müəssisəsindən yazıb. Eyni zamanda Nizami Kərimova məxsus əmlakla bağlı məsələyə aydınlıq gətirən Azad Nağıyev vətəndaşa məxsus əmlakı Elman Rüstəmovun göstərişi ilə sənədləri saxtalaşdırmaqla girov qoyduğunu da açıqlayıb. Sağlam məntiq bunu deyir ki, Azad Nağıyevin bu müraciətindən sonra məhkəmələr qeyd-şərtsiz Nizami Kərimovun əmlakını bankların yüklülüyündən azad edib girovluqdan çıxaran qərar verməli idi. Lakin bu baş verməyib!

Bu iş üzrə 3 il öncə Nizami Kərimovun iddiası əsasında Nəsimi Rayon Məhkəməsində hakim Natəvan Tağıyevanın sədrliyi ilə araşdırma aparılıb. 2021-ci ilin 3 sentyabr tarixində Nəsimi Məhkəməsi Nizami Kərimovun iddiasını təmin edib. Çıxarılan qətnamə ilə Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, L.İmanov küçəsi, ev 5 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin qanunsuz olaraq girov qoyulması təsdiq olunub. Amma qeyri-yaşayış sahəsinin üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və “Premium Bank”a 24.10.2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilməyib! Bir tərəfdən məhkəmə 5 milyon manat kreditin Azad Nağıyev tərəfindən cinayət yolu ilə, sənəd saxtalaşdırmaqla, özgə əmlakını girov qoymaqla götürülməsini dələduzluq əməli kimi qiymətləndirməklə çıxardığı qətnamə ilə təsdiq edib. Bu cinayət əməlinə yol vermiş Azad Nağıyev 11 illik həbsə göndərilib. Digər tərəfdən, Nizami Kərimovun qeyri-yaşayış sahəsi bank girovluğundan çıxarılmayıb!

Bu isə bütün ölkə vətəndaşlarının mal-mülk varlığı üçün təhlükəli tendensiya yaradır. Bu özbaşınalıq, qanunsuzluq məhkəmə qərarı ilə bərkidilərsə, Nizami Kərimovun durumuna istənilən Azərbaycan vətəndaşı salına bilər - özündən xəbərsiz əmlakı sənədləri saxtalaşdırılmaqla banka girov qoyular, külli miqdarda kredit götürülər və sonda kreditin təminatı olan, lakin kreditə heç bir formada aidiyyəti olmayan əmlak sahibinin əlindən alınmaqla müsadirə oluna bilər!

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR