Onlayn ictimai-siyasi qəzet
Aktauda sərnişin təyyarəmizin qəzaya uğraması səbəbi ilə Azərbaycan-Rusiya münasibətlərində yaranmış soyuqluq son həftələr şimal qonşumuz tərəfindən atılan bəzi pozitiv addımlar nəticəsində qismən azalıb. Martın 16-da prezident Vladimir Putinə yaxınlığı ilə tanınan şəxs - Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. Bu da böyük ehtimalla, Moskvanın münasibətlərin istiləşməsində maraqlı olduğunu göstərir. Hərgah problemin tam aradan qaldırılmasından danışmaq tezdir.
“Ən mühüm siyasi xəbərlərdən biri: Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Moskvaya gələcək və Böyük Vətən müharibəsindəki qələbənin 80 illiyi münasibətilə Qızıl meydanda keçiriləcək hərbi paradda iştirak edəcək".
Bu barədə siyasi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru, Azərbaycana obyektiv münasibəti ilə tanınan İqor Korotçenko öz Telegram kanalında yazıb.
Bununla bağlı o, bir müddət əvvəl səsləndirdiyi təşəbbüsü yenidən xatırladıb: “Və bu gün daha əvvəl dediyimi təkrarlayacağam: Aktauda qəzaya uğrayan AZAL təyyarəsinin ekipajını Rusiya dövlət mükafatları ilə təltif etmək lazımdır. Qəza enişi zamanı 27 sərnişinin həyatını xilas edən ekipajın mükafatlandırılması üçün siyasi səviyyədə belə bir qərar qəbul etmək son dərəcə düzgün olardı. Ekipajın şəxsi cəsarəti və hərəkətlərinin dəqiqliyi hesabına xilas edilən insanların, o cümlədən Rusiya vətəndaşlarının həyatına görə onlar yalnız hörmət və təşəkkürə layiqdirlər”, - Korotçenko bildirib.
Qeyd edək ki, martın 15-də Putinlə telefon danışığı zamanı İlham Əliyev 9 may tədbirinə qatılacağını təsdiqləyib.
Bəs Rusiya 9 maya qədər Azərbaycanın təyyarə qəzası ilə bağlı istəklərini yerinə yetirə bilərmi? Putin Korotçenkonun təklifində əksini tapan ideyanı reallaşdırarmı? Bakının gözlədiyi başqa qərarların verməsi necə mümkünmü? (günahkarın cəzalandırılması, təzminat və s.)
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra Rusiya ilə Azərbaycan arasında münasibətlərdə soyuqluğun baş verməsi gözlənilən idi: “Azərbaycanın haqlı tələblərini irəli sürməsindən sonrakı dövrdə qarşı tərəfdən olan münasibət gərginliyi körüklədi. Cənab Prezident İlham Əliyevin hadisə ilə bağlı kifayət qədər dolğun, geniş mövqeyi ifadə olundu. Lakin Rusiyanın susqunluğu, hətta münasibətlərdə gərginliyin artırılmasına xidmət edən bəzi açıqlamalar, rusiyalı deputatların fikirləri Azərbaycan tərəfindən simmetrik cavablandırıldı. Bu gərginlik inkişaf edən dinamika üzrə özünü göstərdi”.
Lakin ekspertə görə, zaman keçdikcə Rusiyanın mövqeyində bir qədər yumşalmalar, jestlər, münasibətlərin yaxşılaşmasına təşviq edən addımlar müşahidə olundu: “Çeçenistan prezidenti Ramzan Kadırovun təyyarə ekipajını təltif etməsi, ardınca sığorta şirkəti tərəfindən təyyarəyə hesablanmış ödəniş haqqında fəaliyyət və digər bu kimi addımlar həm də müxtəlif təmaslarla daha da dərinləşirdi. Ancaq hesab edirəm ki, tamamilə təyyarə ilə bağlı bütün ziddiyyətlərin aradan qaldırılması üçün Rusiya tərəfindən ekipaj üzvlərinin təltifi və maddi təzminatın ödənilməsi, günahkarların cəzalandırılması yaxşı olar, münasibətlərə çox ciddi müsbət təsirini göstərər. Təltif məsələsində Çeçenistan prezidentinin verdiyi qərar Putinin də qeyd olunan addımı atacağı ehtimalını yaradır. Hazırda Rusiya və Azərbaycan münasibətləri sahmana salmaq, gərginləşdirməmək yolunu tutublar. Hesab edirəm ki, bu, düzgün yanaşmadır. Eyni zamanda Azərbaycanın sadalanan tələblərinin, istəklərinin yerinə yetirilməsi lazımdır”.
Politoloq hesab edir ki, faşizm üzərində qələbənin 80 illiyi mərasimində Prezident İlham Əliyevin iştirakı münasibətlərə yeni müsbət impuls qatacaq: “Ona görə də 9 may tarixinə qədər tam miqyasda istəklərimizin yerinə yetirilməsi, o cümlədən tanınmış siyasi ekspert İqor Korotçenkonun təklifində səslənən məsələnin yerinə yetirilməsi ehtimalı var”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ